hemle

Keçmişdən gələcəyə nə daşıyırıq?- ON BİRİNCİ YAZI-YUNUS OĞUZ YAZIR

Tarix:15-05-2020, 15:31
Baxış Sayı:402

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus Oğuz

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.


Yunus Oğuz

On birinci yazı

Birinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/365495
İkinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/366212
Üçüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/367202
Dördüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/368146
Beşinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/369204
Altıncı yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/370131
Yeddinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/372032
Səkkizinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/372741
Doqquzuncu yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/377950
Onuncu yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/378785


a) tarix ibrətdir.

Hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq biz tənəzzülə gedirdik. Xocalı faciəsi bu tənəzzülü dərinləşdirməklə yanaşı, tam siyasi böhran da yaratdı. Bu da Mütəllibovun istefası ilə nəticələndi. 6 martdan sonra belə qərara alınmışdı ki, koalisyon hökumət qurulsun. Bu zaman, artıq Ali Sovetin sədri Yaqub Məmmədov seçilmişdi və eyni zamanda prezident səlahiyyətlərini həyata keçirirdi. Xalq arasında ona Tibb İnstitutunun rektoru olduğu üçün "Dollar Yaqub" deyirdilər.

Onun iki aylıq idarəetməsi (əgər buna idarəetmə demək mümkün idisə) müddətində yadda qalan Şuşanın və Laçının itirilməsi oldu. Bir də məşhur cümləsi "Biz hamımız bu oyunda peşkayıq" ("peşka" rus sözüdür, anlamı "piyada" deməkdir) yaddaşlardan hələ də silinməyib.

Etiraf etmək lazımdır ki, ermənilər o dövrdə həm Moskva, həm də beynəlxalq güclərlə yaxşı işləyirdi. Müstəqil olmağımıza baxmayaraq Mütəllibov ruslara və onların ordusuna çox inanır və düşünürdü ki, rus orudusu Qarabağ problemini Kremlin əli ilə həll edəcək. Hətta yanvarın əvvəllərində Xocalıda belə hadisələrin baş verə biləcəyini ona söyləsələr də, buna əhəmiyyət vermədi. O yenə Moskvaya bel bağlayırdı. Rusiya bir tərəfdən öz daxili problemlərinin içində boğulurdu, digər tərəfdən isə bu ölkə daxilində əyalətlər bir-birinin ardınca özlərini respublika elan edirdilər. Çeçenistan G. Dudayevin rəhbərliyi altında Moskvaya qarşı ciddi mübarizə aparırdı. Bu məkanda Kremlə qarşı müharibə gedirdi. Bu hər dəqiqə Tatarıstana keçə bilərdi. Yalnız tatar prezidenti M. Şaymiyenin uzaqgörən siyasəti nəticəsində Tatarıstan bundan ötüşdü. Rusiyanın iqtisadiyyatı tamam çökmüşdü. On beş respublika arasında SSRİ əmlakının bölünməsi uğrunda ciddi mübarizə gedirdi. Bu məkanda tədricən həddən artıq ucuzlaşmış rublla yanaşı dollar da işlənməyə başlayırdı, amma, hələlik ucuzdan ucuz olmasına baxmayaraq rubl dövriyyədə üstünlük təşkil edirdi. Bu pul vahidi o qədər ucuzlaşmışdı ki, hətta bir dəfə denominasiya (yəni sıfırları yığışdırdılar) etdilər. Bunun da heç bir köməyi olmadı. SSRİ əhalisi demək olar ki, o zaman "zənbil bazarı" (çelnoçnıy rınok) siyasətinə keçmişdi. Yəqin "həm ticarət, həm ziyarət" filmi yadınızdadır. O filmin bəzi süjetləri həqiqətləri əks etdirirdi. Dağılmış SSRİ-dən əhali ütüdən tutmuş, ən müxtəlif elektrik mallarına qədər Türkiyəyə, İrana daşıyırdı. Əvəzində İrandan "bakkuş" deyilən saqqızlar, bir qədər ərzaq malları, Türkiyədən isə istəniləm malı alıb gətirə bilərdin. Qeyd edim ki, elektrik mallarına bu iki ölkədə böyük ehtiyac vardı, çünki, o zaman SSRİ İran və Türkiyədən iqtisadi və texnika baxımından çoxdan irəlidə idi.

Digər tərəfdən də B. Yelsin A. Mütəllibovu dövlət çevrilişinə dəstək verdiyi üçün qəbul edə bilmirdi. Mütəllibov onun gözündə diktator sayılırdı. Kənardan heç bir dəstək almayan, içəridə isə xalqının gözündən düşən Mütəllibovun istefasından sonra, sözün əsl mənasında ikihakimiyyətlilik yaranmışdı. Yaqub Məmmədov hakimiyyətin idarəetmə ipini öz əlində cəmləşdirməyə çalışsa da, heç cürə alınmırdı. Tez-tez səhv qərarlar verir, bir neçə gün keçdikdən sonra həmin qərarı ləğv edir, işdən azad etdiyi naziri yenidən öz vəzifəsinə bərpa edirdi.

Nəhayət, mart ayının sonlarında, məlum olanda ki, koalisyon hökumət ( qeyd edim ki, koalisiyanı Xalq Cəbhəsi ilə Nazirlər Kabineti yaratmalı idi, hətta Ali Sovet bunun yaradılması üçün Nazirlər Kabinetinə tapşırıq da vermişdi) yaratmaq mümkün deyil, Ali Sovet prezident seçkilərinin gününü təyin etdi: 7 iyun 1992-ci il. Bu arada Xalq Cəbhəsi və özünü o zaman hərəkatdan ayıran Milli İstiqlal Partiyası rus ordusu hesabına silahlanmağa başlamışdı. Moskvanın qərarı belə idi ki, strateji silahları çıxmaq şərti ilə, hansı respublikanın ərazisində hərbi hissələr mövcuddur, onları yerli orqanlara təhvil verilməlidir. Hərbi hissə komandirləri faktiki olaraq çox güclü pul mənbəyinə çevrilmişdi. Komandirlər rüşvət almadan təhvil-təslim etmirdilər. Bəzən isə, silahların hesabatını Moskvaya verə bilməyəcəklərini (çünki çoxusu satılırdı) nəzərə alaraq yerli orqanlarla əlbir işə gedib, hissəyə hücum edilərək, guya qarət edilirdi. Bununla da külli miqdarda silah silinirdi və buranı tərk edəndə kağız üzərində tər-təmiz gedirdilər. Ya vəlvələdən, ya zəlzələdən Müdafiə Nazirliyinin, hərəkatçıların əlində çoxlu sayda silah cəmlənmişdi və bu da Qarabağda hərbi hissələrə və könüllü batalyonlara yönəldilirdi.

Qeyd edim ki, bu ikihakimiyyətlik bizə çox ağır zərbə vurdu. O zaman hakimiyyətə yiyələnmək mümkün olsaydı, bəlkə də 1992-ci ilin mayında, əvvəlcə Şuşanı, bir neçə gün sonra isə Laçını itirməzdik. Amma, fakt faktlığında qalır ki, bu hadisə baş verdi. Əslində mart ayından 7 iyun prezident seçkilərinə qədər Azərbaycanda bir neçə qüvvə vardı və onların əksəriyyəti, ya hakimiyyət uğrunda mübarizəyə qoşulmuşdular, ya da tutduqları vəzifədə qalıb siyasi prosesləri öz xeyirlərinə dəyişməyə cəhd edirdilər. Bu qüvvələr hansılar idi:

Sözsüz ki, xalq və kütlənin əksəriyyətini öz əlində cəmləşdirən Azərbaycan Xalq Cəbhəsi; amma burada da qüvvələrin nisbəti artıq partiyalar xətti ilə və cəbhənin rayon şöbələri vasitəsilə sonradan prezident seçiləcək Əbulfəz Elçibəy tərəfindən idi. Ancaq, artıq bəlli olmuşdu ki, AXC bu gün-sabah hakimiyyətə gələcək, daxilində qruplaşma bu səbəbdən güclənirdi. Hər qrup çalışırdı ki, sədr, gələcək prezident yanında daha nüfuzlu olsun. Bu da öz növbəsində cəbhə hakimiyyətinin çox da uzun olmayacağı haqqında fikir yaradır, ekspertlər rəy verir, mətbuatda çox ciddi mülahizələr bildirirdilər. Cəbhədaxili nüfuz uğrunda mübarizədə əsas iştirakçılar İsa Qəmbər+Pənah Hüseyn tandemi ilə sonradan müəmmalı şəkildə avtomobil qəzasında dünyasını dəyişmiş "Yurd" cəmiyyətinin sədri Əlisəfa dayanırdı. Bundan başqa bu daxili mübarizədə siyasi partiyalar da iştirak edirdilər, çünki bəzi siyasi partiyalar Xalq Cəbhəsinə kollektiv üzv olmuşdular və əsas fiqurantlardan heç də zəif deyildilər, hətta bəzi məsələlərdə onları qabaqlaya bilirdilər. Fakt odur ki, gələcəkdə bu qüvvələr, hətta düşmənə çevriləcəkləri qədər addım atacaqdılar. Hələlik isə cəbhədaxili bütün qüvvələri birləşdirib idarə edə bilirdi. Ancaq, elə bu qüvvələrin bir hissəsi və AXC idarə heyətinin bir neçə üzvü 1990-cı ildə AXC Ali Məclisinin Ağstafa toplantısında nizamnamə yolu ilə devirmək, sədrlikdən uzaqlaşdırmaq cəhdini etdilər. Idarə heyətinin liberal qanadının bir neçə üzvü vaxtı bilinməyən qurultay üçün nizamnamə dəyişiklikləri haqqında məsələni məclisin gündəliyinə salmağa müvəffəq oldu. Müzakirələr zamanı aydın oldu ki, sədr institutu ləğv olunur, əvəzində isə idarə heyəti üzvləri arasında növbəti sədrlik təklif olundu. Liberallara Ağstafa məclisindən necə təpki gəldisə (orada hətta kimsə döyüldü də) onlar sonradan taktikanı dəyişib, guya sədr ətrafında sıx birləşdilər. Bunun da səbəbi vardı. Onlar daha sədri öz vəzifəsindən uzaqlaşdıra bilməyəndə, onun ətrafında elə halqa yaratdılar ki, Cəbhənin adından istədikləri qərarı çıxarda bilsinlər. Elçibəy də o qədər demokrat insan idi ki, kimliyindən asılı olmayaraq, əgər çoxluq qərar verdisə, o həmin qərara tabe olurdu. Hakimiyyət dövründə bu qrup ən açar vəzifələri ələ keçirdi, bu da cəbhənin çox tezliklə hakimiyyətdən getməsi üçün yeni bir açar oldu. Milli Məclisin sədrliyi, dövlət katibliyi, prezidentin ərazi idarəetmə müşavirliyi, indi SOCAR adlandırdığımız ARDNŞ rəhbərliyi, tələbə qəbulu üzrə komissiya sədrliyi, əksər rayonların icra başçıları bu qrupun əlində və nəzarətində idi.

Mövzudan kənara çıxıb bir məsələni xüsusilə qeyd etmək istəyirəm. 1988-ci ildən hərəkata qoşulanların və onların liderlərinin əksəriyyəti gənc və çox passionar idik. Bəzilərimizin fikirləri ifrat radikallığa qədər gedib çıxırdı. O zaman heç kim bilmirdi ki, Xalq Hərəkatı və Milli Azadlıq Hərəkatı hər kəsin gələcək taleyini müəyyənləşdirib. Indi hadisələrin üstündən otuz iki il keçib. Dönüb geriyə baxanda görürsən ki, bütöv iki nəsil keçmişin nisgililə yaşayır, çünki bəziləri inersiya ilə hərəkatçılıqlarını siyasi partiyalarda, bəziləri millət vəkili olmaqda, bəziləri biznesdə, kimlərsə vəzifələrdə qalmaqda davam etdirirlər. Amma, çoxları ortalıqda itib batdılar, heç kim Xalq Hərəkatının iştirakçılarına nə mitinqlərdə, nə də mətbuatda başa salmırdı ki, bəs bu hərəkat qələbə çaldıqdan sonra əksəriyyət yenə də öz işinə qayıtmalıdır. Bəlkə də lazım deyildi bunu demək, çünki müstəqil dövlətə yeni siyasi elita və milli burjuaziya lazım idi. Bunu bir o qədər vəhşicəsinə, savadsız və təcrübəsiz etdik ki, nəticədə bütün bunların əsasını rəhmətlik Heydər Əliyev qoydu. O belə şeylərin ustası idi. Bir neçə onluğu istisna etsək, qalanları(mən bütün respublika üzrə fəalları və liderləri nəzərdə tuturam) xalq dilində desək, Əli aşından da oldular, Vəli aşından da, yəni köhnə iş yerlərinə dönmədilər, təzədə isə yaxına buraxılmadılar. Budur, otuz iki ildə ortalıqda yenə gəzirlər, bəziləri burada çörək üçün yaşamağın mənasız olduğunu başa düşüb mühacirətə üz tutdular. Bəzilərinin təfəkkürü isə dəyişməz qaldı. O mənada ki, təfəkkürləri müstəqil Azərbaycan siyasəti ilə ayaqlaşa bilmədi. Təbiidir ki, istisnalar hər yerdə mövcuddur. Istənilən halda Xalq və Milli Azadlıq hərəkatlarında iştirak edən insanlar hörmətə və diqqətə layiqdilər, çünki əksəriyyəti gözlərini qırpmadan belə azadlıq uğrunda canlarından keçməyə hazır olublar və bunu ediblər. Ailə, qohum-əqraba düşünməyiblər, vətən uğrunda, müstəqillik yolunda canlarından keçənlər də az olmayıb. Şəhidlik və qazilik zirvəsinə də çatanlar da olub. Hər halda regionun aparıcı dövləti olan Azərbaycan hökuməti bu insanları diqqətdə saxlamalıdır.

Ardı var...

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...