Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə ” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edib.
QHT.az-ın məlumatına görə, müsabiqəyə ailədə uşaqların hüquq və vəzifələrinin müəyyən edilməsi haqda, uşaqların ailə və ya ümumiyyətlə müdafiə hüquqların həyata keçirilməsi ilə bağlı, valideyn və uşaqların aliment öhdəlikləri və alimentin miqdarının, ödənilmə mexanizminin təyin edilməsi, aliment ödənilmədikdə yaranan məsuliyyət, övladlığa götürmənin növləri və mexanizmi haqda, azyaşlı uşaqların məhkəmə müdafiəsi, onların məhkəməyə hansı qaydada müraciət etməsi, məhkəmədə təmsilçilik, yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti, cəzaların tətbiqi zamanı ümumi cəza tədbirləri ilə fərqi, bundan əlavə uşaqların öz fikirlərini bildirməsinin hansı hallarda zəruri hesab edilməsi ilə bağlı və s. mövzulara həsr olunmuş təhlil xarakterli məqalələr qəbul edilir.
Məqalələrin qiymətləndirilmə meyarları:
- uşaq hüquqlarını əhatə edəcək ailə, mülki və cinayət qanunvericiliyə istinad olunaraq normaların tətbiqi zamanı meydana çıxan problemlərin təhlili;
- uşaq hüquqları sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi;
- yazının uşaq hüquqlarının təmin olunması baxımından əhəmiyyəti;
- yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
Birinci yer – 700 AZN
İkinci yer – 500 AZN
Üçüncü yer – 400 AZN
Müsabiqənin texniki şərtləri:
1. Jurnalistlər müsabiqəyə 5 Yanvar 2017-ci ildən 26 Fevral 2017-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.
2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” » regional proqramının Bakıdakı bürosunun ünvanı: Gənclər meydanı 1, AZ 1005 Bakı, Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63;