hemle

Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub

Tarix:18-01-2023, 18:36
Baxış Sayı:110

Azərbaycan Prezidenti İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında məktub mübadiləsi olub.

Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova ünvanladığı məktubda deyilir:

"Hörmətli Sadır Nurqojoyeviç,

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Biz dərin tarixi, mədəni və mənəvi köklərlə bağlı olduğumuz qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk. Otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur.

Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər əməkdaşlığımızın yüksək inkişaf dinamikasından xəbər verir. Xüsusilə də keçən il qardaş ölkələrimizə həyata keçirdiyimiz səfərlər ikitərəfli əlaqələrimizin keyfiyyətcə yeni pilləyə qaldırılmasında vacib rol oynamışdır. Sevindiricidir ki, həm Bakıda, həm də Bişkekdə Sizinlə apardığımız müzakirələr, əldə etdiyimiz razılaşmalar və imzaladığımız çoxsaylı mühüm sənədlər Azərbaycan-Qırğızıstan tərəfdaşlığının bütün sahələrdə inkişafına və yeni məzmunla zənginləşməsinə təkan vermişdir.

İnanıram ki, hazırda ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək əlaqələrimizin möhkəmləməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq.

Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğızıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda isə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

2023-cü ilin əvvəli yuvarlaq tarixlə - Qırğız Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdardır. Bu tarixi hadisə münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik etməyə ürəkdən şadam.

Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyət, din və tarix baxımından yaxınlıq tellərinin möhkəm bünövrəsi üzərində qurulmuş qarşılıqlı münasibətlər dövlətlərarası və diplomatik status kəsb edib.

Ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə ötən il bizim aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin yekunlarına əsasən strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin birgə səylərimizlə əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımız arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə də ardıcıl xarakter daşıyacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...