hemle

İlham Əliyev Pakistan Prezidentinə və Baş nazirinə məktub göndərdi

Tarix:22-03-2022, 16:01
Baxış Sayı:198

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz ortaq mənəvi dəyərlərimizdən və xalqlarımızın iradəsindən güc alan bu birliyimizi daha da möhkəmləndirmək əzmindəyik.

Pakistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyə və ədalətli mövqeyinə görə Sizə təşəkkür edirəm. Qardaş ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

Keçən il Aşqabadda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın genişləndirilməsi sahəsində atdığımız addımlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Bundan başqa, Azərbaycan Prezidenti Pakistan İslam Respublikasının Baş naziri İmran Xana da təbrik məktubu göndərib:

Məktubda deyilir:

“23 mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi dəstəyi xüsusi qeyd etmək istəyirəm.

Vətən müharibəsi dövründə Pakistanın sərgilədiyi prinsipial mövqeyi, ölkəmizin haqq işinə verdiyi siyasi-mənəvi dəstəyi Azərbaycan xalqı daim yüksək qiymətləndirir. Biz işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərində Pakistan şirkətlərini də görmək istərdik.

Bu gün iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələrdə Azərbaycan-Pakistan əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ