İqtisadçı Natiq Cəfərlinin dünya neft bazarında yaşanan mənfi trendlə bağlı Axar.az-a müsahibəsi:
Turkustan.info həmin müsahibəni təqdim edir:
– Natiq bəy, neftin qiymətində kəskin ucuzlaşma davam edir. Hətta tarixdə ilk dəfə olaraq neftin qiymətlərində mənfi trend yaşandı. Sizcə, mənfi trendin əsas səbəbi nədir?
– ABŞ-ın yüngül neft fyuçerslərinin satışı üçün son tarix may ayıdır. Buna baxmayaraq, may ayında gözləntilər özünü doğrultmadı. Çünki koronavirus pandemiyası səbəbindən aprel ayı ərzində dünya üzrə 4 milyard insan evində qalmalı oldu. Oxşar halın may ayında da olacağını nəzərə alsaq, neftə olan tələbatın kəskin azalacağı gözlənilir. Buna görə də treyderlər əllərində olan may aylarının fyuçerslərini tez satmağa başladılar. Belə olduqda tarixdə ilk dəfə olaraq mənfi trend yaşandı. Bəzi treyderlər may ayı ərzində əllərində olan fyuçersləri pulsuz verirlər. Hətta daşınma və saxlanma xərclərini də özləri qarşılayırlar.
– Sizcə, iyun-iyul ayları üçün neftin qiymətində yüksəlmə ola bilərmi?
– Hazırda neft bazarında çox qəribə situasiya yaranıb. Bu gün dünyada neft anbarları sürətlə dolmaqdadır. Çünki hazırda neftə olan tələbat kəskin azalıb. Bu gün neftin gündəlik hasilatı 100 milyon barreldir. Hazırda gün ərzində 30 milyon barrel neft artıq qalır. Belə olduqda artıq neftin saxlanma məsələsi gündəmə gəlir. Nefti saxlamaq üçün rezervuarlar və tankerlər lazımdır. Maraqlı məqam isə odur ki, bu gün tanker və rezervuarlarla bağlı problem yaşanır, çünki mövcud vəziyyətdən asılı olaraq, onların da qiymətində kəskin artım müşahidə olunur. Tanker və rezervuarları icarəyə götürmək sərf etmir. İstehlakçılar ekoloji problem yaşanmasın deyə nefti nə dənizə, nə də torpağa geri qaytara bilir. Çünki bu özü də böyük cərimələrə səbəb ola bilər. Buna görə də hazırda hansı ölkənin rezervuarları varsa, neft ona pulsuz verilir. Sabahdan ola bilsin neft bazarında nisbətən normallaşma olsun. Çünki artıq may ayı üçün olan göstəricilər açıqlanıb və iyun-iyul ayı üçün proqnozlar verilməyə başlanacaq. Bu gözlənti bazarda nisbi qiymət yüksəlməsinə səbəb ola bilər.