İşğalçı Ermənistanın 31 martda qondarma Dağlıq Qarabağ rejimində keçirdiyi seçkilərə dünya ölkələrinin və beynəlxalq təşkilatların mövqeyi birmənalı şəkildə mənfi oldu.
Bu seçkinin nəticələri tanınmadı və Azərbaycanın haqlı mövqeyi bir daha beynəlxalq səviyyədə dəstəkləndi. Amma Avropa Şurası və Avropa Şurası Parlament Assambleyası qondarma rejimin keçirdiyi seçkilərə mövqe ifadə etmədi və susmağı üstün tutdu. Prezident İlham Əliyev də 2020-ci ilin birinci rübünün yekunlarına dair keçirdiyi müşavirədə bu mələyə toxundu və Avropa Şurası və AŞPA-nın mövqesizliyinin Azərbaycana qarşı qərəz, ikili münasibət olduğunu bildirdi.
Maraqlıdır, Avropa Azərbaycan torpaqlarında qondarma rejimin keçirdiyi seçkilərə niyə yumşaq münasibət göstərdi? Hüquqi aspektdən baxılıb konkret münasibət bildirilmir?
Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov Cebhe.info-ya açıqlamasında Avropa Şurasını mövqesizlikdə qınayıb:
“Məlum olduğu kimi, işğalçı Ermənistan qondarma rejimdə prezident və parlament seçkiləri keçirdi. Bu seçkilərin nəticələrini isə heç bir dünya dövləti, beynəlxalq təşkilat tanımadı. Bu da əslində növbəti dəfə onun təsdiqi idi ki, dünya ölkələri, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağın Azərbaycan torpaqları olduğunu təsdiqləmiş oldu. Bu mövqeyi ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, bir çox hallarda Azərbaycana qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar ifadə edib. Ölkə prezidenti cənab İlham Əliyev yeni ilin birinci rübü ilə bağlı videokonfras vasitəsilə keçirdiyi müşavirədə də qeyd etdi ki, artıq beynəlxalq birliyin qondarma seçkiləri tanımamaqla bağlı mövqeyi əslində Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə təsdiqləmiş oldu. Yeganə təşkilat Avropa Şurası və Avropa Şurası Parlament Assambleyası oldu ki, onlar yenə də heç bir mövqe bildirmir, mənfi rəy ifadə etmirlər. Eyni zamanda AŞPA-nın Azərbaycan üzrə təyin etdiyi məruzəçilər də susurlar. Əslində isə onların bu mövqesizliyinin özü bir mövqedir. Qondarma seçkilərə münasibətdə AŞPA-nın tutduğu bu mövqe bir daha nümayiş etdirdi ki, o təşkilatda ermənipərəst qüvvələr cəmləşib və Azərbaycanda düşmən mövqeyi ilə baxırlar. AŞPA-nın bu davranışı əslində dünya və Azərbaycan ictimaiyyətinə bir daha onun etirafı oldu ki, bu təşkilat qərəzli mövqedə dayanıb. Bu təşkilat Azərbaycana münasibətdə sifariş yerinə yetirir. Bu həqiqətlər ortaya çıxdı. Amma bir daha qeyd edirəm ki, qondarma seçkilərə beynəlxalq ictimaiyyətin mənfi mövqeyi, tanımaması cənab Prezident İlham Əliyevin düşünülmüş, məntiqi siyasətinin bir təntənəsidir. Ölkənin xarici siyasətinin bir təntənəsi kimi də dəyərləndirilə bilər.
Vilayət Muxtar
Cebhe.info