Yanvarın 25-də “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) 29 dekabr 2016-cı ildə erməni silahlı birləşmələrinin Azərbaycanın Silahlı Qüvvələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində şəhid olan əsgər Qurbanov Çingiz Salman oğlunun meytinin hələ də ailəsinə təhvil verilməməsi ilə bağlı ATƏT-ə, BMT-yə, Beynəlxalq Qızıl Xaç Komitəsinə, Avropa Şurası Parlament Assambleyasına müraciət ünvanlayıb. Bu haqda ___________ BİRA-nın Mətbuatla Əlaqələr Departamentindən məlumat verilib.
Belə ki, müraciətdə təkcə, şəhid Ç.Qurbanovun məsələsi deyil, həmçinin uzun müddətdir saxta ittihamlarla, qondarma “respublika”nın məhkəməsinin qərarı ilə Xankəndində həbsdə saxlanılan Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Quliyevin öz dədə-baba yurdunu ziyarət etdiyi üçün girov saxlanıldığı qeyd olunaraq, aidiyyatı təşkilatlardan Azərbaycana qarşı ikili standartlardan əl çəkib, müvafiq tədbir görərək, şəhidin bir aya yaxındır ki, düşmən əlində qalan meyidinin ailəsinə verilməsi və qanunsuz olaraq, girov saxlanılan vətəndaşların dərhal azadlığa buraxılması barədə tədbir görülməsi xahiş edilib.
Müraciətdə qeyd olunub ki, hər zaman ölkəmizə qarşı işğalçı mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin, Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistan artıq illərdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə məhəl qoymur, qanlı etnik təmizləmə siyasəti həyata keçirərək, 1 milyondan çox insanı öz doğma yurd yuvasından didərgin salıb.
İşğalçı dövlətin atdığı bu cür təxribatçı addımlar bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, nədənsə, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar susmağa üstünlük verirlər. BİRA beynəlxalq informasiya və regional araşdırmalarla məşğul olan Qeyri-Hökümət Təşkilatı olaraq Azərbaycan əsgərinin meyitinin hələ də qaytarılmamasının beynəlxalq konvensiyalara zidd olduğunu və Ermənistan tərəfinin Beynəlxalq Hüquqa əməl etmədiyini həmin qurumların nəzərinə çatdırıb və onları baş verən bu hadisələr qarşısında biganə qalmamağa, hər zaman dəstəklədikləri sülhü bərqərar etməyə çağırıb.
BİRA-nın Mətbuatla Əlaqələr Departamenti