hemle

“Biz tezliklə öz torpaqlarımıza qayıdacağıq” - Tural Gəncəliyev

Tarix:10-04-2020, 18:14
Baxış Sayı:429

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri: “Bizim torpaqlarımızın işğaldan azad olunması çox da uzaqda deyil”
“Beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin qanunsuz seçkilərə münasibəti bir daha onu göstərdi ki, işğal altındakı ərazilərimizdə keçirilən seçki şousu yalnız və yalnız işğalçı rejimin və onun havadarı olan Ermənistan tərəfinin həmin işğalın nəticələrinin legitiməşdirilməsinə yönəlmiş cəhddən başqa bir şey deyil”
122 saylı Xankəndi Seçki Dairəzindən Azərbaycan Milli Məclisinə deputat seçilən Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bu fikirləri Musavat.com-a özəl açıqlamasında bildirdi. İcma rəhbəri qeyd etdi ki, dünya ictimaiyyətinin reaksiyası Ermənistanın işğalın nəticələrinin legitiməşdirilməsinə yönəlmiş arzusunu da ürəyində qoyur: “Ümumiyyətlə, bu seçkilərə münasibətdə dünya reaksiyası onu göstərir ki, bizim torpaqlarımızın işğaldan azad olunması çox da uzaqda deyil. Həmçinin işğalçı rejimin, onun qanunsuz hərəkətlərinin heç bir nəticəsi yoxdur və olmayacaq. Biz tezliklə öz torpaqlarımıza qayıdacağıq”.
Qarabağ separatçılarının işğal bölgəsində “seçki” şousunun “ikinci turu”nu elan etməsinə gəldikdə, T.Gəncəliyev qeyd etdi ki, qanunsuz “seçkilər”lə bağlı İcmanın bəyanatında bütün bunlara münasibət bildirilib. Sözügedən bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin 31 mart tarixində “prezident və parlament seçkiləri” adı altında növbəti “seçki şousu” təşkil edilib. Təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin bu addımı qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir ləkədir.
Bildirilir ki, dünyanın hazırda koronavirus (COVID-19) pandemiyası ilə üzləşdiyi vaxtda, insanların həyatının təhlükə altında qalmasına baxmayaraq, Ermənistan və işğalçı rejim öz xislətinə sadiq qalaraq hətta belə bir vəziyyətdə qanunsuz fəaliyyətini davam etdirir və “seçkilər” adlı şou keçirir. Bu bir daha Ermənistan və qondarma qurumun söykəndiyi “dəyərlərin” və əsarətində saxladığı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının üzvlərinə olan “münasibətinin” göstəricisidir, həmin insanların həyatı və taleyinin rejim üçün nə qədər önəmsiz olduğunu təsdiq edir. Hesab edirik ki, Dağlıq Qarabağda yaşayan ermənilər onlara dəyər verməyən, pandemiya təhlükəsindən qorumaq əvəzinə onları saxta oyunların qurbanına çevirən Ermənistanın və işğalçı rejimin əlində alət olduqlarını nəhayət ki anlayacaqlar.
Bəyanatda qeyd olunur ki, işğal olunmuş Dağlıq Qarabağda qanunsuz “seçki” keçirilməsi etnik təmizləməyə məruz qalmış və torpaqlarından qovulmuş azərbaycanlıların əsas insan hüquqlarının kobud şəkildə tapdalanmasıdır. Bildiririk ki, belə saxta “seçki”lərlə bağlı əvvəllər BMT, ATƏT, digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət dəfələrlə bəyanatlar verərək, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz “seçkiləri” pisləmiş və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bəyan etmişlər.
Azərbaycan icması bəyan edib ki, bu qanunsuz seçkilər danışıqlar prosesinə daha bir zərbədir və vəziyyətin gərginləşməsinə xidmət edir. Əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin Konstitusiyası və digər qanunlarına uyğun olaraq keçiriləcək qanuni seçkilərdə iştirak edəcəklər.
E.Paşasoy,
Musavat.com

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan