Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir.
Bunu millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, sammitdə təşkilatın Baş katibi vəzifəsində olan Yuri Xaçaturovun azad edilməsi Ermənistanın 2020-ci ilə qədər bu təşkilatda söz sahibi olmaq niyyətini puç etdi: "Xaçaturov cəmi ilyarım bu vəzifəni tutdu və məqsəd o idi ki, növbəti ilyarım əzrində də bu postda olmalı idi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə çıxış edərək bildirdi ki, həmin vəzifəni Ermənistan nümayəndəsi deyil, Belarus nümayəndəsi tutmalıdır. Yəqin ki təşkilatın Sankt-Peterburqda keçirilən toplantısında bu məsələ öz həllini tapacaq. Bu sammit həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq KTMT öz nizamnaməsində dəyişiklik edir və həmin təşkilat yanında müşahidəçi dövlət statusu müəyyən edir. Bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Bu fakt Ermənistanın növbəti məğlubiyyətidir və Ermənistan rəhbərliyi əmin oldu ki, Azərbaycanın hər zaman güvəndiyi KTMT-nın da çox ciddi nüfuzu var".
E.Nəsirov bildirib ki, bütün bunlar çox önəmli hadisələrdir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistanın hər zaman təşkilatın imkan və potensialından istifadə etməklə Azərbaycanı hədələdiyinin də şahidi olmuşuq: "Lakin bu son sammit bir daha göstərdi ki, Ermənistanın bu təşkilatla bağlı düşüncələri xülyadır. Reallıqda bu təşkilat çox istəyir ki, Azərbaycanla sıx əməkdaşlıq mühitində olsun.
Bütün bunlar hamısı onu nümayiş etdirdi ki, Ermənistanın yeni rəhbərliyinin də Azərbaycana münasibətdə taktiki gedişləri də heç bir nəticə vermir. Təşkilatın sammiti bir daha onu göstərdi ki, Azərbaycana hər yanda böyük hörmət, ehtiram var".
Azər Azadzadə Atəs