Balaca bir kənd vardı... orda... uzaqlarda... indi əlimiz çatmayan, ünümüz yetməyən bir yerlərdə... O kənddə hamı zəhmətkeş idi, o kənddə atalar ailəni dolandırmaq üçün hallalıqla çörək qazanardılar, özlərini oda-közə atardılar. O kənddə analar qayğıkeş idi, fədakar idi. Hamı, hamı öz yuvasında, öz kasıb komasında xoşbəxt idi, ən əsası dərdsiz idi...
Həmin o xoşbəxt günlərin birində hamı kəndin tən ortasında yerləşən bir evə tərəf axnaşırdılar. O evdə gənc yaşında dünyasını dəyişmiş Rüstəm kişinin, sonuncu dəfə gözlərinin nə vaxt sevinclə parladığını unutmuş Göygöz xalanın yeganə qızı, Musanın, Yavərin bacısı Nuridə bir ocaqdan başqa bir ocağa gəlin köçürdü. Xonçalar bağlanmışdı, əllər xınalıydı, ellər gözünü açandan ata mehri-məhəbbəti görməyən, yetimliyin bütün acılarını yaşamış bir gəncin sevincli gününə yığışmışdı, onu tək qoymamağa, onun xoşbəxtliyə ilk addımına sevinməyə yığışmışdılar. Çalğıçılar meydan qızışdırır, Nuridənin tay-tuşları, xüsusən, keçmiş sinif yoldaşları, necə deyərlər, meydan sulayırdılar. Hamı bir-birinə qarışmışdı. Hamı bu yetim qızın , amma qeyrətli, namuslu, abırlı-ismətli qızın yanındaydı. Obanın adamları gözlərini qızının ağ libasından çəkməyən, sevincdən kövrələn Göygöz xalanın sevincinə bülənmişdi.
Hə, unutdum axı... bəyi sizə tanıtdırmadım. Rafiq kolxozda mexanizator işləyirdi, zəhmətkeş idi, o da ana mehrinə həsrət böyümüşdü... Həm də hamı bu, zəhmətkeş, yetim oğlanın sevincini bölüşürdü.
Beləcə, aylar illər ötdü. Xoşbəxtlikard-arda gəldi. Yetimlərin üzünə də, ömrünə də, taleyinə də günəş doğdu. Övlad ata-anası oldular. Amil, Fazil, Sima, Xalidə.
İtirdikləri əzizlərinin qoxusunu bu balacalardan alırdılar. Həyat nə gözəl, həyat nə şirin-dedikləri anda sanki üzlərinə. Ömürlərinə, talelərinə işıq saçan günəşin üzünü qara buludlar örtü.
Müharibə başladı, qırğınlar, dəhşətlər hər evə od saldı...
O balaca kənd də düşmənlər tərəfindən tez-tezbombalanırdı, o kəndin günahsız. heç nədən xəbərsiz körpələri, əlsiz -ayaqsızları o bombaların , o mərmilərin qurbanı olurdu. Nuridəgilin qonşuluğunda baş verən dəhşət bütün kəndi sarsıtdı. Ön cəbhədə olan polis Məhəmmədin ailəsi-anası, bacısı, həyat yoldaşı, 3 yaşlı oğlu bombardman nəticəsində param-parça olmuşdular. O səhnə, o dəhşət günü çətin ki, şahidlərin yadından çıxar. Ölümün qaşla-göz arasında olduğu bir vaxtda hamı uşaqları, qadınları kənddən çıxarmağa çalışırdı. Müvəqqəti mərmi atəşi dayanana qədər...
Nuridənin harasa getmək, lap müvəqqətidə olsa, hardasa yaşamaq fikri yox idi... Ölərəmsə, qoy elə evimdə ölüm” sözünü irad tutanların hamısına söyləyirdi. Axı dörd körpəni kimin evinə aparaydı: "Lap apardım, bəs, ömür-gün yoldaşımı təkcə qoyub getmək namərdlik olmazmı? Mən evimdən çıxmaram!”
Göygöz xalanın da yalvarışları hədər oldu. Ana nə qədər ” bala, yuxumu qarışdırmışam, gecə səhərə qədər səni ağ buludların üstündə görürəm. Atanla söhbətləşdiyini, atana sığındığını görürəm” demək istəyirdi, amma deyə bilmirdi. Çünki ürəyinə damanları dilinə gətirməkdən qorxurdu. Uçalana-uçalana yuxusunu kəhrizin dumduru suyuna söyləyirdi.
Nuridə kənddən çıxmadı...Necə deyərlər, sanki əcəl əl-ayağını bağlamışdı. Yox, dəqiq, elə bağlamışdı.
1994-cü ilin 13 apreli...
Nuridə balacaları anasının yanında qoyub, səhəngini əlinə götürdü: -Nənə, mən gedirəm suya... Uşaqlardan muğayat ol... Qoyma ağlasınlar, qoyma ac qalsınlar, gözün üstlərində olsun...
Qapıdan çıxanda dönüb bir də geri baxdı, uşaqlar öz aləmlərində idi. Səhəngi yerə qoyub uşaqlara yaxınlaşdı, onları bir bir öpdü, qoxladı, bağrına basdı. Uşaqlar maddım-maddım bir Göygöz nənələrinə, bir də analarına baxırdılar.
-Ağızzz, tay yeri get, nətər eliyirsə elə bil ömürlük gedir...
Nuridə ucadan qəhqəhə çəkib, qaşqabağın sallamış anasının üstünə sanki şığıdı. Bağrına basıb bərk-bərk qucaqladı. Heç vaxt rəng, xına görməyən ağğappaq, qar kimi saçlarından, üzündən öpüb evdən çıxdı. Göygöz nənə təsirləndi, nəisə demək istədi, qapıya tərəf getdi. Əynində gilanarı rəngli yun jaketi olan Nuridə sürətlə darvazadan çölə çıxdı. Ananın sözü boğazında ilişib qaldı.
Evə döndü, uşaqlara baxdı.
Çaydanı zəifcə yanan sobanın üstünə qoydu. Dəmirlərin toqquşma anında çıxan səslə eyni anda lap yaxınlığa düşən mərminin səsi sanki qovuşdu. Ev lərzəyə gəldi. Daha sonra bir mərmi... Daha sonra bir mərmi...
Uşaqlar bir anda nənənin dövrəyə aldı, qucağında gizlənməyə yer axtardılar. Həmin an sanki mərmilər Göygöz nənənin ürəyinin içinə atılmışdı. Neçə vaxtdı ağlında, beynində gəzdirdiyi düşüncələr, qara-qara yuxuların verdiyi həyəcanlar onu süst elədi. Tappıltı ilə döşəməyə düşdü. Astaca, zarıncı səslə ”bala!” deyib huşunu itirdi. Uşaqlar isə gördükləri mənzərədən, eşitdikləri partlayış səsindən bir-birinə sarılaraq var gücləri ilə qışqıraraq ağlayırdılar. Səslərinə hay verən, onları sakitləşdirməyə gələn olmadı.
Yenə o balaca kənd
Yenə o balaca kəndin adamları kəndin tən ortasına tərəf axnaşırdılar. Yenə bir yetimin halına həmdəm olamağa yüyürürdülər. Amma bu dəfə üzlərində sevinc, xobəxtlik yoxa çəkilmişdi, yerini acı-ağrı, hüzn almışdı. Qadınlar dəstələnib, boyaboy olub, ağlaşır, şivən qoparır, kişilər isə mərmilərdən sonra Nuridənin çəpərlərə, ağacların budaqlarına, yolların kənarına səpələnmiş parçalarını-hissələrini dənləyirdilər.
Bu gün o uzaq, əl çatmaz kəndin bir gəlin qızının erməni mərmisindən yerlə-yeksan olduğu , əli balalarına tərəf uzalı qaldığı, bu dünyadan nigaran getdiyi gündür.
Mən Nuridəni unutmadım, mən erməni vəhşiliklərini də unutmadım! Əziz oxucum, sizlərdə unutmayın!
Əntiqə Rəşid