Qərbin Rusiyaya qarşı sanksiyalarını genişləndirilməsinə rəğmən neftin dünya bazar qiymətində son günlər azalma müşahidə edilir.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, “qara qızıl” dünya bazarında müqayisəli yüksək qiymətə təklif olunmasına baxmayaraq, sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmadı.
"Əvvəlla, ABŞ Rusiya neftindən imtina etsədə də Avropa Birliyi bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir. Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir. Hətta ilkin qiymətləndirmələr göstərir ki, Avropa Birliyində Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə, bu həmin ölkədə bir sıra sənaye müəssisələrinin dayanmasına və ya fəaliyyətlərini məhdudlaşdırması səbəbindən 2.5 milyon nəfərin işsiz qalmasına səbəb ola bilər".
Deputat bildirib ki, ABŞ və eləcə də OPEK bazara daha çox neft çıxarmağı hədəfləyir:
"Beynəlxalq Enerji Akademiyası yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır. Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir. Enerji bazarında fyuçə müqavilələri bağlandığı üçün neftdən imtina həmin an bazarda boşluq yaratmır. Bu qərarların qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir. Sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində bu, sanksiyaların tətbiqi ilə bağlı hər zaman müzakirə edilən məsələlərdən olub.
Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq, son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər. Bu qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir".