hemle

Əlillər niyə 2 ildən bir sürücülük vəsiqəsinə haqq ödəməlidir?

Tarix:29-07-2021, 08:18
Baxış Sayı:283

“Əlil maşınları” sağlamlığın bərpası yox, yeni xəstəliklər vasitəsinə çevrilib

Əlilliyi olan şəxslərə texniki vasitələrin verilməsi fərdi reabilitasiya proqramına əsasən həyata keçirilir və aydındır ki, məqsəd bu kateqoriyadan olan insanların normal həyatının təminatı, sağlamlıqlarının bərpasıdır. Məqsəd, niyyət əlillərin sosial müdafiəsi olsa da, gerçəkdə texniki vasitələr əlillərin baş ağrısına, yeni xəstəliklər tapmalarına, hətta sosial-mənəvi terrora, işgəncəyə, olan-qalan mülkiyyətlərindən, hüquqlarından məhrum edilmələrinə nədən olur. Qanunla, Konstitusiya təminat verilən sosial , sağlamlığın mühafizəsi hüququnun “maşın şousu”ndan başqa heç nəyə yaramadığı bəlli olur. Özü də bu şouda hakimiyyətin hər üç -icra, qanunvericilik, məhkəmə qolları elə tamaşa qurublar ki, gəl görəsən!

Əlilliyi olan şəxslərə texniki vasitələrin verilməsində də “ayrı-seçkilik” hökm sürür . NK-nın 18.12.2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.4 bəndinə əsasən, reabilitasiya vasitələri ilə təmin edilmə minik avtomobillərinə münasibətdə ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyi , digər reabilitasiya vasitələrinə münasibətdə isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən həyata keçirilir. Fikrimizcə, bu “ayrı-seçkilik” həm dövlət büdcəsinə, həm də əlillərin büdcəsinə ziyan vurur. Reabilitasiya ilə bağlı olduğundan minik avtomobillərinin də ƏƏSMN-in tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilməsi daha məqsədəuyğun olmazmı? Eləcə də mənzillərin verilməsi. Bundan ötrü yeni Sosial Xidmətlər Agentliyinin (SXA) yaradılıb büdcəyə oturdulmasına nə ehtiyac var? Özü də əlillərin ən çox narazı olduğu qurum elə SXA-dır. SXA-nın qazi və şəhid ailələrinə xidmətdən imtina etməsi barədə şikayətlər də gündəmdən düşmür . Ümumiyyətlə, “sosial reabilitasiya xidməti ayrı-seçkiliyi” əlillərin süründürülmələrinə, xidmətdən məhrum edilmələrinə gətirir. Gerçəkdə əlilliyi olan şəxslər reabilitasiya əvəzinə, əlavə xəstəliklərə yoluxur. Təsəvvür edin, dövlətin əlillərə verdiyi avtomobili nə satmaq olar, nə bağışlamaq. Belə çıxır, “əlil maşınları” dövlətin mülkiyyəti sayılır və əlillərə “xidməti avtomobil” kimi verilir. Çox gözəl, bəs onda niyə ƏƏSMN özü DYP-dən dövlət nömrə nişanlarının , avtomobillərin icbari sığortasının haqqını ödəmir, əlilin boynuna qoyur? Biz hələ sürücülük vəsiqələrinin verilməsindəki ayrı-seçkiliyi demirik. Əlilliyi, müəyyən xəstəliyi olan şəxs səhiyyə müəssisəsindən ildə , iki ildə bir dəfə tibbi arayış təqdim etməyə də xərc çəkirlər, sürücülük vəsiqəsinin dəyişdirilməsinə də. Budur əlillərə pulsuz dövlət reabilitasiya xidməti? Yaxşı, başadüşüləndir ki, xəstəlik riskdir və əlillik ,xəstəlik müddətində, özü də maksimum 2 il müddətinə sürücülük vəsiqəsi etibarlı sayılır. Bəs axı, hər 2 ildən bir əlildən 30 manata yaxın dövlət rüsumu alınması dövlətin sosial siyasətinə qarşıdır! Biz hələ əlil sürücülərin imtahanlara buraxılmasına, təlim-tədris prosesinə cəlb edilməsinə görə ödənilən xidmət haqqını demirik. Fikrimizcə, bu haqqı da dövlət özü ödəməlidir və istənilən imtahana görə əlildən dövlət rüsumu tutulması qanunsuzdur. Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi haqqında təlimatın 6-cı bəndinə əsasən sürücülük vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, imtahansız, haqq ödənilməklə dəyişdirilir. Bu o deməkdir ki, əlillər 2 ildən bir sürücülük vəsiqələrini məcburi dəyişdirməyə görə 30 manata qədər haqq ödəməlidir! (?) Özü də qaydalar getdikcə sərtləşir , əvvəllər etibarlılıq müddəti bitəndə haqq ödənilməməsi də təlimatda nəzərdə tutulurdu.

Dövlət əlillərin sosial müdafiəsini, reabilitasiyasını, təminatını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyub. Nə yazıq, bu nazirlik əhalinin həssas təbəqəsi, özəl risk qrupunda olan əlilliyi olan şəxsləri nəinki müdafiə edir, əksinə, onların pensiyalarına, müavinətlərinə, reabilitasiya vasitələrinə qənim kəsilib. Fikir verin, dövlətin Qarabağ qazisinə verdiyi “əlil maşını”nı “avtoş” məmur balası içkili vəziyyətdə arxadan vurub yararsız hala salıb, yol polisi onu testdən keçirməyib və günahı əlilin boynuna qoyub. ƏƏSMN əlilin hüququnun bərpasını, məhv edilən avtomobilin əvəzinin

ödənilməsini tələb etmək yerinə , məktubla(?) qazinin pensiyasını yarıqat edib! Belə sosial müdafiə siyasəti olar? Belə reabilitasiya xidməti ilə əlilliyi olan şəxslərin əlavə xəstəliklərə yoluxmaları, intiharları gerçəkləşə bilər. Yalnız və yalnız! ...

Məğrur Bədəlsoy
ATESH,AZ

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı