AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları - Ümumi işlər üzrə direktor müavini Fuad Aslanov, Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Rəqəmsallaşdırma bölməsinin rəhbəri Elmar Quliyev və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi Günel Əhədova 6-13 noyabr tarixlərində Belarus Milli Kitabxanasına ezam olunublar.
Publika.az xəbər verir ki, səfərin əsas məqsədi müasir kitabxana-informasiya sahəsində təcrübə qazanmaq, rəqəmsallaşdırma, rəqəmsal mühafizə, kitabxanada mühafizə olunan sənədlərin fiziki, texniki bərpası və digər sahələrdə müasir kitabxana təcrübəsini öyrənmək, kitabxana-xidmət sahələrinin təhlükəsizlik sistemini mənimsəməkdir.
MEK əməkdaşlarına Belarus Milli Kitabxanasının (BMK) Elmi işlər üzrə direktor müavini Lyudmila Kiruxina təmsil etdiyi qurumun gördüyü işləri haqqında məlumat verərək, kitabxanaya ekskursiya təşkil edib. Görüşün sonunda Belarus həmkarlara MEK adından Azərbaycanın tarixi və mədəniyyətinə dair kitablar hədiyyə olunub.
Səfər zamanı BMK-ın İnformasiya Mərkəzinin müdiri Alla Şeremetova, Biblioqrafik-İnformasiya Texnologiyaları şöbəsinin müdiri Janna Risieva və kitabxananın aparıcı mütəxəssisləri azərbaycanlı həmkarlarını şöbə və bölmələrin iş fəaliyyəti ilə yaxından tanış ediblər.
Restavrasiya və bərpa mərkəzində Mərkəzi Elmi Kitabxananın əməkdaşları iş prosesi və sənədlərin restavrasiya texnikasının müxtəlif üsulları ilə yaxından tanış olublar. Həmçinin kitabxanada istifadə olunan ABİS proqramı, rəqəmsallaşdırmanın texniki təchizatının əsas şərtləri, müasir üsulları, standartlara əsaslanmış Belarus təcrübəsi ilə tanışlıq olub. MEK əməkdaşları kitabxanada yerləşən və əlyazmalardan ibarət olan kitab muzeyinə də baş çəkiblər.
Təcrübə mübadiləsi səfəri davam edir.