Teref.az yerli mediaya istinadla verdiyi xəbərə görə, avqustun 3-də gecə Adil-Yenqiyurt kəndində məscidin minarəsini şimşək vurub. Qəsəbə respublikanın Babayurtovski rayonunda, Mahaçkala şəhərindən 130 km şimal-şərqdə, ovalıq ərazidə yerləşir.
İldırım o dərəcədə güclü olub ki minarənin günbəzinin kərpic əsası qismən dağılıb, giriş qapısı və pəncərə çərçivələri yerindən qopub. Binanın daxili suvağı çatlayıb, elektrik xətti zədələnib, elektrik avadanlığı yanıb. Məscidə dəymiş zərərin miqdarı indiyə qədər hesablanmayıb. Lakin ilkin hesablamalara görə, ibadətgahın bərpası əhəmiyyətli vəsait tələb edir. Ancaq ən əsası odur ki, insan itkisi olmayıb.
“Mən məscidə gəldim ki, möminləri işa(gecə) namazına dəvət etmək üçün minarəyə qalxıb azan oxuyum. Həyətə ayaq basdığım anda ildırım minarəni vurdu. Nəyinsə partlamasına bənzəyən səs gəldi”- deyə məhz həmin gün ibadətgaha yeni müəzzin təyin olunmuş Baqav Kamaşov danışır. İndi 85 yaşlı qoca “ikinci doğum günü”nü qeyd edə bilər...
Allahın mərhəməti sayəsində nəinki müəzzin, adətən gecələr namaz qılmağa gələn kənd sakinlərindən heç biri həmin gün gəlmədikləri üçün ən azı yaralanmaqdan xilas olublar. Məscidin ikinci müəzzini – adətən axşamlar məscidi tərk etməyən gənc kənd sakini o gün xəstələndiyindən, ümumiyyətlə, ibadətgaha gəlməyib. Kənd imamı isə Mənəviyyat gecəsi keçirilən qonşu kənddə olub.
Kənd imamı Əbduraşid Maqomedovun sözlərinə görə, kənd sakinləri məscid minarəsini ildırım vurmasını Yaradanın xəbərdarlığı kimi qəbul ediblər. Baş vermiş olay çoxlarını öz həyatı, davranış və əməlləri, tutduğu yol haqda yenidən düşünməyə vadar edib.
İldırım vurmuş minarənin bərpası üçün kənd sakinləri əllərindən gələni edəcəklər. Dağıstan müftiliyindən isə mümkün maddi köməyi əsirgəməyəcəklərini bildiriblər.(moderator.az)