hemle

Qanmadığını qanmayanlar üçün məsləhət! KÖŞƏ

Tarix:21-09-2020, 23:33
Baxış Sayı:444

hemlemedia.az saytı yayımladı.
Kim nə deyir desin, bizim bəlalarımızın başlıca səbəbi bəzi şəxslərin savadsızlığıdır, həm də savadsızlığını anlamayıb özlərini hamıdan savadlı hesab etmələridir. Yaxşı bir atalar məsəli var: qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən! Məncə qananla yanaşı qanmayana yox, qanmadığını qanana can qurban etməyinə dəyər.

Dünən yenə “xatiri-qəmmailimi” internətə məşğul etmək istədim. Düyməni basıb feysbuuk şəbəkəsinə daxil oldum. Gördüm messencerimə bir məktub gəlib. Bir yox, çox məktub gəlmişdi, lakin o məktubdan danışıram ki, indi o barədə xırdalamaq istəyirəm. Məktub Azər Gasanov (Məhz Qasanov yox, Gasanov) adlı feys istifadəçisindən daxil olmuşdu. Bir video idi. Açdım. Pa... Bir tanınmaz, bilinməz küçə qadını çıxıb feysin efirinə, dad döyür ki, ay hazarat, qoymayın, ermənilər 7-ci sinfin tarix kitabında Qarabağı Arsax kimi göstəriblər. Lənət şeytana, bu nə deməkdi?

Girdim "qoqol-xrom"dan 7-ci sinfin tarix kitabını açdım. Baxdım ki, kitabda həqiqətən minilliyin əvvəllərində mövcud olmuş Azərbaycan-türk dövlətlərinin xəritəsi verilib və orda haqlı olaraq indiki Qarabağ ərazisi Arsak kimi qeyd olunub. Qayıtdım feysə. Bu qadının kim olduğunu öyrənmək istədim. Adı yox, soyadı yox! Feyslə Azər Gasanov deyilən şəxsə zəng vurdum. Nə görüntülü, nə də səsli zənglərimə cavab verdi. Girdim profilinə. Haqqında heç bir informasiya verməyib. Bircə onu yazıb ki, hacansa Stavropolda anasından doğulub. Aydın idi, bu, şübhəsiz ermənidi.

Bu dəfə qayıtdım feys profilimə. Həmin videonu yayan ikinci istifadəçini – Cavid Əliyevi axtardım. Türklər demiş, yenə ulaşa bilmədim. Profilindən aydın oldu ki, bu da ononoim addır. Nəhayət, öyrəndim ki, bu qadının videosunu ilk yayan avropada oturub millətimizi təhqir etməklə pul qazanan Qabil gədə olub. Yox, mənə ayıb olardı ki, zatı bilinməyən bir haramzada gədəyə də zəng vurum. Bir də gördüm birisi də həmin videonu paylaşdı, baxdım Yaşar Dədəliyev! Paylaşıb və dad çəkib ki, amandı, qoymayın, bizi erməniləşdirirlər. Bu dəfə Yaşara zəng vurdum. Cavab verdi. Arsak sözünün türk soyuna mənsubluğu, müəlliflərin də doğru olaraq bu adı tarixi xəritələrdə göstərdiyini, yayılan videonun da təxribat olduğunu dedim. İnsafən, üzrxahlıq elədi və dərhal səhifəsindən siləcəyini bildirdi. Xülasə, bu məsələ sosial şəbəkədə artıq yayılmışdı və yaydan çıxmış ox kimi qarşısını almaq da mümkün deyildi.

Akademik, AMEA-nın Tarix İnstitutunun direktoru, haqqında söhbət gedən dərsliyin həmmüəllifi Yaqub Mahmudlu və görkəmli elmi və ictimai xadim, professor, İslama qədərki dövr Azərbaycan tarixinə dair 9 cildlik kitabın müəllifi Firudin Cəlilov feysdə məsələyə elmi əsaslarla aydınlıq gətirdilər və bunu dərhal paylaşdım. Coxları bundan sonra həqiqətin harda olduğunu anlayıb, geri çəkilməli oldular. Bir də gördüm “Reaksiya tv”, adlanan internet televiziyasının efirində “Ümid” partiyasının sədri İqbal Ağazadənin müsahibəsi soxuldu şəbəkəyə! Altından da nə yazılsa yaxşıdır: "Qarabağ Arsak olmayıb, bizlər də Sak deyilik”. Lənət şeytana. Zəng vurub İqbal bəylə danışmaq istədim. Ancaq həmişə telefona dərhal cavab verən “Ümid” sədri bu dəfə telefonu açmadı. Zaur Qəriboğluna zəng vurdum, birisi götürüb bildirdi ki, Zaur bəy tədbirdədi. Xahiş etdim ki, efirdən sonra zəng vursun. Amma zəng vurmadı. Firudin bəylə əlaqə saxladım. Bəzi incəlikləri də ondan öyrəndim və sonda bu yazını qələmə almağa qərar verdim.

Yaxşı, deyək Yaqub Mahmudlu indiki hakimiyyətin nümayəndəsidi, ona haq-nahaq hücum üçün fürsət axtaranlar var. Baxmayaraq ki, bu da siyasi etikasızlıqdır və əgər gerçək milli keçmişimizlə bağlıdırsa, o zaman bunun adı milli tariximizə xəyanətdir! İslama qədərki Azərbaycan tarixinin araşdırıcısı, bu dövrə həsr olunmuş 9 cildlik kitabın müəllifi Firudin Cəlilov ki, bu iqtidardan deyil! Firudin bəyin dediklərindən yalnız bir cümlə: ”Arsaklar Alban və ermən elində hakimiyyətdə olmuş türk boyudur”! Tarix siyasət deyil ki, onu istədiyin istiqamətə dəyişəsən, İqbal bəy. Tarix elmdir, həm də millətlərin, xalqların dünənini göstərən, sabahına işıq salan bir elm! Zəhmət olmasa hər hansı elmi məsələ ilə, xüsusən də xalqın tarixi ilə bağlı məsələyə münasibət bildirməzdən öncə bunu həmin sahənin biliciləri – alimləri ilə məsləhətləşmək gərəkdir. Əks-təqdirdə özünü və mənsub olduğun zümrəni ciddi şəkildə nüfuzdan salarsan.

Sonda, bu məsələ içimizdəki ermənilərin və ermənipərəstlərin məqsədli şəkildə törətdikləri təxribat zəncirinin bir halqasıdır. Millətimiz tarixini bilmədikcə, ona sahib çıxmadıqca düşmənlərimiz bundan bax beləcə yararlanacaq. Nəticədə uduzan biz, sevinən düşmən olacaq. Arsak (ƏRSAQ) qədim türk toponimidir, bunu təstiqləyən kifayət qədər sübutlar, mənbələr var. Düşmənin əlimizdən aldığını geri qaytarmaq istəyən alimlərimizə belə hücumlar isə, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Daha sonda, qanmamaq eyibdi, amma qanmadığını qanmamaq ikiqat, həm də cəmiyyət üçün çox zərərli eyibdir. Qanmayan qanmadığını qansın və sussun, vəssalam!

Təhmasib Novruzov
hemlemedia.az

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti