hemle

Gülnarə İsrafil - Kərpic ... Atəş.az

Tarix:19-02-2017, 19:45
Baxış Sayı:1 241

Atamın əmisioğlugillə bizim məhləmizin arasına setka çəkilməmiş, bir-birimizin evinə iki məhlədən ayrılan cığırla gedib gəlirdik. O vaxtlar səmimi, mehribanıydı hamı. O yurd oğul-uşağın, nəvə- nəticənin toplaşacağı, dərdini danışacağı baba yurduydu. Qapıdan su axırdı. Qaçıb günün istisində ağzımızı noya tutar, nəfəsimiz qaralana qədər içərdik. Bizi qorxutmaq üçün, qarnınıza çömçəquyruq gedəcək, orda qurbağa əmələ gəlib balalayacaq deyirdilər, öhd olunmurduq, yenə eyni qaydada içirdik...Bir gün, yolu azıb qapıya gələn maşın, noyu əzmişdi. Hamımız bulağın başında əzilmiş noyun dərdini çəkirdik. Yolotu oxalayanda duz əvəzi bir-birimizə əzilmiş yolotudan balatı verirdik uşaq quraşdırmamızla, güya balatı olmasa yolotu əziləməyəcəkdi. Xatırlayanda adamın üzünə təbəssüm qonur. Harda olursansa ol, ata-baba yurdu bambaşqa olur. Atamın babası, digər oğlunun yetim oğlunu böyüdüb boya başa çatdırmışdı yurdda. Onların piçənəyi nərgiz gülüylə dolu olurdu. Yaz açılanda bu çiçəklər istəyimə qəsd edib yalnız onların həyətində açılırdı. Oğrunca nərgizləri komlayarkən, oğlu Elşad gözyaşımı tökər, çiçəkləri əlimdəcə dartışdırıb qırıq-qırıq edər, bizim piçənəkdən yığmısan gülləri ver deyərdi. Anası Zərifə xala eşidər-eşitməz qışqırardı; ay uşaq dəymə qıza, yekələnsin onu sənə alacam...Utanardım!
Elşadla ikimiz də, göy öskürək tutmuşduq. Atam, Toğanaya Ramazan həkimin yanına aparmış, həkim, at südü buyurmuşdu. Dünyamalı əmi gecəynən qonşu kənd Gərgərdən at tapıb gətirmişdi, hər səhər sağıb çiy-çiy öz əlləri ilə içirib, bizi, məktəbə yola salırdı.
Amma nədənsə, Elşadın kuruşkası mənim stəkanımdan yekəydi. Bir gün soruşdum əmi; niyə Elşada çox, mənə az verirsən südü? Mənim stəkanım balacadı.
– Qadan alım Elşad səndən yekədi axı... Ağlıma batmışdı. Elşad iki yaş məndən böyük idi.
Hər gün daha çox gücləndiyimizi, at güclü olduğumuzu zənn edər, iki ayaq üstündə qaçardıq. Axı biz at balasıydıq. Dostlaşmışdıq Elşadla.
Atam evin üstündən artıq qalan kərpici evin sol tərəfində kürsünün dalına bir küncə yığmışdı. Bərk külək əsəndə evin üstündəki kərpicləri yerindən oynadar, bir neçəsini salıb çiçlikləyərdi. Evin yanındakı kərpiclə əvəzləyərdilər. Əlimə fürsət düşmüşdü. Yeddüşə düzəltmək üçün ən azı üç kərpic sındırırdım. Nə olursa olsun Elşadla aramız pozulmamalıydı. Yenidən yaz gələcək, çiçəklər açılacaq, o çiçəkləri dərəcək, ətrini doya-doya qoxlayacaqdım...
Mən, üçüncü sinifdə oxuyanda, Zərifə xala dünyasını dəyişdi. O qədər pis təsir etmişdi ki, evdə heç kəsin xəbəri olmadan, Şəmkirdən atamın dostunun qərənfil bağından gətirdiyimiz qərənfillərdən ikisini götürüb, xəbərsiz-ətərsiz qəbir üstünə getmiş, doyunca başımı toprağa qoyub söhbət eləyib, ağlayıb, qərənfillər solmasın deyə məzar torpağına sancaraq, geri qayıtmışdım. Elə bilirdim Zərfə xala gedişimi bilib, söhbətimi eşidib. Bu gedişimdən hardan necə bilmirəm, təkcə Dünyamalı əmi xəbərdarıydı. Zərifə xalanın bizi tərk etməsindən üç gün keçirdi. Elə ilk şeirim o dönüşümdən sonra misralandı...
Kərpiclər bitmiş, bizsə xeyli böyümüş, məhləmizin arasına setka çəkilmişdi. Atam bilirdiki nəyisə çəkinmədən yalnız mən edərəm, əvvəl məndən şübhələnib sonra əlini alnına dayayaraq dərin fikrə getdi. Yox, bunun əllisini sən qırdın, əllisini küləkdə əvəzlədik, bəs qalan yüzü necə oldu? “Gecə qara, cücə qaqa” kim kimi görür, gecə gəlib oğurlayıblar yəqin. Bu sözləri elə əminliklə dedi ki, az qala inanacaqdım.
Kərpiclərin axırına özüm çıxmışdım. Səsimi çıxarmadım. Etiraf edim ki, atamla üz-üzə gələndə əzab çəkirdim. Nə doğrunu deyə, nə yalanla yaşaya bilirdim.
Bir səhər yuxudan oyananda, özümü tanımadım. Adım yadımdan çıxmışdı. Evimizin həyətindəki dağ-daş yadlaşmış, qoca ruh daşıyıcısına çevrilmişdim. Həmin gecə yuxumda altmışdan çox yaşı olan qoca kişinin ruhu bədənimə köçmüş, canımı ağırlaşdırmış, qocaltmışdı uşaqlığımı. Niyə məs altmışdan çox, hələ də, dərk etməyə acizəm... Altı, yeddi saniyəlik unutqanlığım, illəri, bəlkə də əsrləri əhatələyirdi, hər şey sürətlə baş verirdi. Həyətdəki yeddüşəni elə bil ki, başqaları düzəltmişdi. İlk olaraq dağı sonra adımı, sonra həyətimizi xatırladım. Daha heç vaxt uşaqlaşa, oyun oynaya, nərgiz toplaya bilmədim. Nərgizlərimi əbədi olaraq əlimdən almışdılar. Hər şey çox geridə qalmış, dəyişmiş, yaz gələndə nərgizlər əvvəlki ətrini vermir, dağın dalından günəş səfəqli boylanmırdı. Bircə şey dəyişməz olaraq qalmışdı, uşaqlıq sulyetim. Məktəbdə uşaqlara qarışıb oynaya, tələbəlik illərimdə gəncləşəmmədim. O gündən elə bilirdim atam, anam, məndən böyük bacı qardaşlarım mənə heç vaxt qışqırmamalı, mənimlə məsləhətləşməlidirlər.
Gəncədə İnstitutun qarşısına ciplə, mersedeslə oğlanlar gəlirdi, qızlar hamısı pəncərənin ağzına yığışıb özünü göstərir, danışır gülür, mənsə onlara baxıb təəccüblənirdim. Onların çevikliyi mənə qəribə görünürdü, qız niyə oğlana özünü göstərməlidi ki? Yaxşıdır oğlan özü görsün qızı. Dörd il ərzində hərəsi bir oğlan tapdılar, nişanlanan, evlənən, hətta boşananlar varıydı. Uşaqlığım, gəncliyim o kərpiclərlə çiliklənmişdi. Heç indi də parçalarım birləşmir, nə olursa olsun daha çox çiliklənirəm. Yəqin bundan sonra elə hey parçalanmaqla uşaqlaşacam...

Gülnarə İsrafil.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ