hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 26 avqustda 26 yaşı tamam olur (1994-cü il). İctimai Birliyin məram və qarşıya qoyduğu vəzifəsi müharibə iştirakçılarının sosial hüquqlarının bərpası, qorunması, veteranlara və onların ailə üzvlərinə hüquqi yardım göstərilməsində, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərməkdir.
AVMVİB rəhbərliyinin vətənpərvərlik mövzularında mədəni və sosial mözvulu silsilə tədbirləri həyata keçirməsi, mütəmadi olaraq şəhid ailələlərini, Qarabağ müharibəsi iştirakçılarını, ümumilikdə Azərbaycanda veteranları mütəmadi ziyarət etmələri, onlar haqqında İctimai Birliyin internet saytında və internet televiziyasında vaxtaşırı sənədli film nümayiş etdirmələri ilə yanaşı, dövlət tədbirlərində, həmçinin yerli icra hakimiyyəti orqanları, o cümlədən uşaq bağçaları, orta ümumtəhsil məktəbləri və universitetlər ilə birlikdə mədəni-kütləvi tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak etməsidir.
AVMVİB-in sədri Füzuli Rzaquliyev deyib: «Bu gün istər uşaq bağçası olsun, istər orta məktəb, istərsə də ali məktəb, Azərbaycanda böyüyən gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi pedaqoqlarla yanaşı ictimaiyyətin də vəzifə borcudur. Buna görə də tədris ocaqlarını ziyarət etmək, şagird-tələbə kontingenti qarşısında çıxış etmək, vətəni sevən müharibə qəhrəmanlarımızın canlı şkildə xatirələrini onlara danışması yetişən nəsli dövlətçiliyimiz ətrafında sıx birləşmsəsində, Azərbaycançılıq ideologiyası əsasında tərbiyələnməsində mühüm rol oynayır».
Bu gün AVMVİB cəmiyyətimizdə, istər II Dünya Müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarının yerini uca tutur, onları qiymətləndirir və sosial fəaliyyətlərini gücləndirmələri üçün müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə İctimai Birlik “Müharibə veteranı”, “Milli ordu-100” və «AVMVİB 25 il» Xatirə medallarını təsis etmişdir. Həmin medallar müharibə veteranları və müharibə əlillərinə qayğı göstərən, onların dostu olan şəxslərə təqdim olunur, onları gələcəkdə də bu kimi xeyirxah tədbirlər və aksiyalar keçirmələrinə sövq edir. Ötən il təşkilatın 25 illiyi yubiley tədbiri kimi qeyd edilmişdir. Pandemiya dövründə imkansız döyüş dostlarımızın yanında olmağa çalışmışıq və bu işlər davam etdirilir.
Demək olar ki, cəbhənin müxtəlif istiqamətlərində ağır döyüşlərdə eyni səngəri bölüşən döyüşçülər, indi də AVMVİB adlı bir «səngəri» bölüşməyə üstünlük verirlər. Təkcə bu il üzvlərin sayı 67.000 nəfərə çatdı. 67 mininci üzvümüz AVMVİB Xankəndi şəhər şöbəsinə üzvlüklə bağlı müraciət etmiş Mürvət Tapdıq oğlu Əliyev olub.
Son illər ərzində 3000 nəfərdən artıq yeni üzv təşkilata qəbul edilib. Rayon şöbələri öz fəaliyyətini bərpa edib. Hələ ordumuz olmayan günlərdə Qarabağın müdafiəsində iştirak etmiş polis müharibə veteranları AVMVİB tərkibində öz şöbələrini yaradıblar və fəaliyyət göstərirlər. Ən son yaradılan şöbə isə Xankəndi şəhər şöbəsidir. Bu proseslər davam edir. Çünki müharibə veteranları yaşa dolduqca onların onsuz da bol olan problemlərinin üstünə yaş və səngərlərdə qazanılmış xəstəliklər əlavə olunur. Maddi olmasa da, mənəvi dəstəyə də ehtiyacımız var. Yarandığı gündən AVMVİB, veteran hüquqlarını qorumağı öz prioritet vəzifəsi elan edib və bu ənənəyə daim sadiqdir.
Müharibə veteranlarının, xüsusən əsil döyüşçülərin bir devizi var: «Veteran veteranın dostu və qardaşıdır». Qardaş olmaq üçün ana bətnindən də müqəddəs olan Vətənin bətnində qazılmış səngərlərdə birgə olmaq yetərlidir. Bu çoxlarının həsəd apardığı bir qardaşlıqdır. AVMVİB bir döyüşçü təşkilatı olaraq bu qarrdaşlığı yaşatmağa çalışıb. Ona görə də hər bir döyüşçü öz «itiyini» bu məkanda axtarır…
Bu yolda öz vaxtını, maddi imkanlarını və hətta sağlamlığını qoymuş veteranlarımızın hər birinin dəyanəti sayəsində AVMVİB bu gün ayaqda qala bilib. AVMVİB sədri Füzuli Rzaquliyev, sədrin I müavini Kamil Şirinov, sədr müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, Abbas Hüseynli, Qurban Osmanov, NTK sədri Nityazi Quliyev, Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu, şöbə müdiri Akif Abbasov və bir çox rayon şöbəsi sədrləri, fəal sıravi üzvlərimizin qəlbi bu Birliklə və birlikdə döyünür, bu gün də veteran hüquqları uğrunda mübarizədə bu şəxslər öndədirlər.
26 illik bir yolda Qarabağı görmədən sıralarımızı vaxtsız tərk etmiş veteranlarımıza və səngərlərdə qucağımızda şəhid olmuş şəhid qardaşlarımıza Allahdan rəhmətlər diləyirik! Onların qarşısında baş əyirik.
AVMVİB sədri Füzuli Rzaquliyev deyir: «Bu gün veteranların və şəhidlərimizin günüdür. AVMVİB yarandığı gündən bütün tədbirlərini şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb və bu ənənə təşkilatımız durduqca davam edəcək. Bizim davamız Yurd davası, Bayraq davası, Millət və Məmləkət davasıdır. Bunlara uzanan əlləri, dilləri kəsməyə bu gün də hazırıq. Müharibə veteranları ağır xəstə yatağına düşərkən təşkilata gəlib bilirsiniz, nə istəyirlər? Onlar, nə Fəxri Xiyaban, nə təntənəli yas mərasimi, nə müalicəyə yardım istəmirlər. Onlar tabutlarına müqəddəs üç rəngli bayrağın bükülməsini vəsiyyət edirlər. Cəmiyyət insanıyla müharibə veteranın fərqi budur».
AVMVİB-nin mətbu orqanı kimi həftəlik «Fədai» qəzeti dərc olunurdu. Qəzeti eyniadlı www.fedai.az internet versiyası əvəz edir. Lakin üzvlərinin sayının çoxluğu, buna müvafiq olaraq da tədbirlərinin sayının artması AVMVİB-nin www.veteran.az saytını təsis etməsinə səbəb oldu. Saytın Veteran TV — internet televiziyası fəaliyyət göstərir. Veteran Radio — layihəsi isə müharibənin ağrı-acılarını görmüş insanların xatirəsini, onların müsahibələrini, həm respublika üzrə, həm də Azərbaycandan kənara — dünya ictimaiyyəti qarşısına çıxarmaöı planlayır.
AVMVİB sədri Füzuli Rzaquliyev təşkilat üzvü olan veteranları bu münasibətlə təbrik edib. Təbrikdə deyilir:
Bu gün sıralarında, çiyin-çiyinə və birgə addımladığımız bir təşkilatın 26 yaşı tamam olur. Bu illər ərzində, həm ölkəmiz, həm də orumuz nəzərə çarpacaq dərəcədə güclü bir inkişaf yolu keçib. Təşkilatımızın üzvü olan veteranlarımız ölkəınin quruculuq işlərində yaxından iştirak edib.
Həmçinin təşkilatımız bacardığı qədər hər bir döyüşçünün yanında olmağı bacarıb.
Bu gün şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, bütün veteranları AVMVİB-nin 26 illiyi münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Allah hər bir veteranımızı ən ümdə arzuları olan Vətən torpaqlarının azadlığına qovuşdursun!
Hər birinizi təbrik edirəm!»
Elnur Səlim, Fedai.az -ın redaktoru
Nurlan Məmmədli, Veteran.az-ın redaktoru