- Özünü təqdim elə müsahibəmizə başlayaq.
- Kamran Əliqulu oğlu Abbaszadə. Azərbaycan Dillər Universiteti Filologiya və jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, ADU TGT Yazarlar klubunun sədri, Bakı Valenteyor Mərkəzi İctimai Birliyinin icraçı direktoru.
- Bu il universiteti bitirirsən. Bu dörd ildə təhsillə bərabər nələr əldə etdin?
- Dörd il qısa müddət olsa belə, bu zaman ərzində qazandıqlarım çox oldu. Hər zaman xatırlayacağım müəllimlərdən - Qorxmaz Quliyev, Gilə Hüseynli, Fazil Əhmədov, Aytən Hacıyeva, Afət Cəfərova, Adil Babayev, Ramin Quliyev kimi dəyərli insanlardan dərs aldım. Daha sonra dörd il ərzində yeni dostlar, yeni tanışlar qazandım. Çevrəm olduqca genişləndi. İctimaiyyətçi gənc kimi uğurlar qazandım, dəfələrlə diplom və sertifikatlarla mükafatlandırıldım. İctimai fəallığım qiymətləndirilərək irəli çəkilərək Yazarlar klubuna sədr təyin edildim. İdarəçilik vərdişlərinə yiyələndim. Geniş auditoriya qarşısında daha səlis çıxış etməyi öyrəndim. Bu dörd ili, belə düşünürəm ki, səmərəli keçirtmişəm, çox şey qazanmışam.
- Bu gün aldığın təhsil gələcəkdə qarşına qoyduğun məqsədə yetişmək üçün yetərlidir?
- Ali məktəblərə üz tutan insanların qarşısına öz ballarına uyğun ixtisas seçimi hüququ verilir. Doğrusu, mən tamam başqa sahənin eşqiylə hərəkət edirdim. Lakin qismət belə gətirdi ki, ixtisas seçimimi fərqli yöndə aparası oldum. Üstündən dörd il keçib və mən bu gün də seçimimdən razıyam. Bunu həm geridə kəsr qoymayan tələbə kimi, həm də fəal gənc kimi deyirəm. Aldığım təhsildə müəyyən çatışmazlıqlar var, lakin bir çox ixtisaslarla müqayisədə filoloq ixtisası daha yaxşı vəziyyətdədir. Mən bir ildən çox özəl kursların birində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris eləmişəm. Təhsil səviyyəm mənim işə qəbul edilərək müəllimlik kimi çalışmağıma imkan verir. Bunu şagirdlərim də, onların valideynləri də təsdiq edə bilər... (red.: gülümsünür) Öz sahəmdə davam etsəm gələcəkdə uğur qazana bilərəm, amma bu məqsədlərimə çatmaq üçün bəs etmir. Təəssüf ki, elm adamlarının məvacibi ürəkaçan deyil.
- Maraqlıdır ata dövlət məmuru, ana həkim. Bəs ədəbiyyata marağın necə yarandı, onların yolunu davam etdirmədin?
- Mən babamın adını daşıdığım kimi, atamın anamın yox, babamla, nənəmin ixtisasının davamçısıyam. Körpəlikdən belə mühitdə böyümüşəm. Orta məktəbdə oxuyarkən isə Azərbaycan dili və ədəbiyyat müəllimim Xətayi Məmmədovanın sayəsində daha da həvəsim artdı. Artıq yazıb gizlətdiyim şeirləri təkrar açıb ədəbi qanunlara uyğun olmasını yoxlayırdım. Bir növ özüm-özümü tənqid edirdim. Gündən-günə daha da yaxınlaşırdım ədəbiyyata. Xətayi müəllimənin "Sənə baxanda yaxşı polis yox, yaxşı şair görürəm" cümləsi də yadımdadır bugün də.
- Tələbə olmaqla yanaşı təşkilatçısan, bəs təşkilatçılıq işlərin dərslərinə mane olmurki ?
- Açıq danışım, bütün gün dərs, kitabla maraqlanmamışam, yeri gəldikdə təşkilatçılığa, yeri gəldikdə dostlarıma da yetərincə vaxt ayırmışam. Məni təhsildə bünövrəmi qoyan müəllimlər elə öyrədiblər ki, bu qədər işin arasında dərslərimi də asanlıqla mənimsəyə bilmişəm. Ona görə hər fürsətdə müəllimlərimi yada salıram, sonsuz təşəkkürümü bildirirəm.
- Bizim bir yaralı yerimiz var, Qarabağ. Qarabağın azadlığı üçün biz gənclər hansı təbliğatları aparmalıyıq?
- Qabil, artıq 3 ildən çoxdur ki, dostluq münasibətimiz var. Bilirsən ki, Laçınlıyam. Ailə üzvlərim, atam da daxil olmaqla müharibədə iştirak edib, qohumlar, tanışlar arasında şəhid olanlar var. Uşaqlıqdan ailədə gördüyüm təbliğatın nəticəsində böyüdükcə özüm də təbliğat aparmağa başladım. İstər dərs dediyim şagirdlərə, İstər birlikdə təhsil aldığım gənclərə, istərsə də təşkil etdiyim tədbirlərdə iştirak edənlərə Qarabağ həqiqətlərini aşılamağa çalışmışam. Bu prosesə bu gün də davam edirəm. Ermənilər elə bir təbliğat maşını işə salıblar ki, torpaqlarımızı özəlləşdirmək istəkləri azmış kimi, kulinariya nümunələrimizi, musiqi alətlərimizi də özəlləşdirməyə cəhd edir. Bu yalanları, qondarma soyqırım iddialarını da xalqı inandıra biliblər. Bəs biz? Bu gün jurnalistlər küçələrdə Qarabağla, qan yaddaşımızla bağlı sorğu apararkən necə utanc verici mənzərəylə üz-üzə gəlirik. Hər şey ailədən başlayır. Balaca uşaqlara " Atanı çox istəyirsən, ya ananı?" sualına cavab olaraq "maaşı çox olanı" deməyi öyrətməkdənsə, tariximiz barədə nəsə öyrədək. Aprel döyüşləri baş verən zaman Azərbaycan Dillər Universitetində də dəstək üçün tələbələr və müəllimlər bir araya gəlib çıxışlar edirdi. Özüm də yüzlərlə insanın qarşısında çıxışım zamanı qeyd etmişdim ki, dövr texnologiya dövrüdürsə, biz də bundan yararlanaq. Bir dəfə də olsun, Azərbaycan üçün iş görək monitor arxasında. Wikipediya dəqiq və dolğun məlumat ünvanı olmaya bilər, amma ən azından ermənilərin orada qondarma Dağlıq Qarabağ iddialarının yalnış olduğunu sübuta yetirəcək məqalələr hazırlayaq. Sosial şəbəkələr vasitəsilə dünyanı həqiqətlərdən agah edək.
- Kamran bu gün böyük bir kütlə Avropaya üz tutur. Sənin necə Avropaya üz tutmaq niyyətin yoxdur?
- Avropaya təhsil, müalicə üçün gedənləri başa düşürəm. Bəli, təhsilimizdə, səhiyyəmizdə müəyyən axsaqlıqlar var. Lakin Azərbaycanı tərk edib xaricdə özlərinə yeni vətən axtaran insanların haqqında bir o qədər də danışmaq istəmirəm. Çünki, belə insanların bir çoxu bu müsahibəni oxuyacaq; kimisi bunu böyük polemikaya çevirəcək, kimisi məni tənqid edəcək. Ona görə hamının seçiminə hörmətlə yanaşaraq demək istəyirəm ki: Gəzməyə qərib ölkə, Ölməyə vətən yaxşı! Azərbaycan ailəmlə dinc, terrordan uzaq şəkildə yaşaya bildiyim doğma torpaqdır. Bu ölkənin hər qarışı torpağın altında ola-ola bizdən qat-qat yüksəkdə olan şəhidlərin əmanətidir. Mən gedim xaricə, sən get xaricə, bəs bu əmanəti kimə tapşıraq? Qaçmaq mənim üçün çıxış yolu deyil, necəki intihar problemlərin həlli yolu olmadığı kimi.
- İnşallah bu il hərbi xidmətə yola düşürsən. Hərbidən sonra nə kimi planların var?
- İnşallah, Qabil, iyul ayında hərbi xidmətə yollanıram. Xidmətimi başa vurub geri döndükdən sonra təhsilimi davam etdirmək istəyirəm. Öncədən məqsədimi tam şəkildə açıb danışmaq istəməsəm də, fikrimdə başqa sahədə ikinci təhsil almaq var. Mən savadlı insan olduqdan sonra, tələblərə cavab verən kadr olduqdan sonra yaxşı iş, kariyera da var. Bu gün təhsilimlə ictimai işləri bir arada davam etdirdiyim kimi, gələcəkdə də işlə təhsili eyni anda davam etdirməyə çalışacam. Bütün bu planların arasında ədəbi fəaliyyətimi də yaddan çıxarmayıb davam etdirmək niyyətindəyəm.
- Sonda Atəş.az-a sözün...
- Qabil, özün əziz dostlardansan, yaxşı bilirsən. Sənə də, Atəş.az-a da mən bol-bol uğur arzulayıram. Hər zaman layiq olduğun yerdə görmək istəyirəm səni. Mənim bu gün ədəbiyyat sahəsində qazandığım uğurların bir səbəbkarı da sən olmusan. Mənim şeirimi ilk dəfə kitabda çap etdirən də sən olmusan. Çox saylı xarici qonaqların təşkil etdiyim tədbirdə iştirakını da sən təmin etmisən. Mənim AYB ilə əlaqələrimin yaranmasına da kömək olmusan. Özün gənc ola-ola gənclərə yol açdığın üçün sənə ürəkdən çox sağol deyirəm. Laçınlıların ürəyinin necə mərd olduğunu yaxşı bilirsən. Bil ki, hər zaman uğurlarına sevinəcək bir ürək sahibi də mənəm. Təşəkkür edirəm!
Atəş.az