hemle

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Tarix:11-07-2020, 13:35
Baxış Sayı:1 157

Bilmirəm nə qədər məntiqlidir, deyil, amma bir xalq öz taleyini yadlara tapşırıb, özü isə əzab çəkə-çəkə taleyinin necə olacağını, yadların ona hansı ölçüdə "don ” biçəcəyini gözləmək çox ağır bir sürəcdi. O qədər ağır ki, milli hisslərinin tapdalandığını, istər fərd olaraq, istər xalq olaraq mənliyinin təhqir olunduğunu anlayırsan. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri yadınızdadırmı?
BMT Təhlükəsizlik Şurası

Xatırladımki unutmayın: BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir. Söhbət 822, 853, 874 və 884 saylı qətnamələrdən gedir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb edilir. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbul edilib. Sənəddə azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ da təsdiqlənib.
27 ildir gözləyirik, "don” biçilmir ki, biçilmir...

ATƏT-in Minsk qrupu

Bu son deyil, taleyimizi 1994-cü ildə ATƏT-in sərəncamına verdik. Onun tərkibində yaradılmış Minsk qrupunun vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllində məhkəmə rolunu oynamaqdır. Minsk qrupuna Türkiyə də daxil olmaqla, 17 dövlət üzvdür. Onlardan yalnız üçü - Rusiya, Fransa və ABŞ həmsədr dövlətlərdir. Bu həmsədrlər 1995-ci ildən etibarən münaqişənin həllində fəal iştirak edir. Lakin onlar işğala son qoyulması üçün hələ də ciddi addımlar ata bilməyib və yaxud atmırlar...26 ildir bu tərəfdən gözləyirik.

Baxmayaraq ki, politoloq Mübariz Əhmədoğlu hər zaman mövzu ilə bağlı açıqlamalarında "hazırda ATƏT-in Minsk qrupu çox normal fəaliyyətdədir”-deyə dönə-dönə vurğulayır. Amma bütün Azərbaycan xalqının adından ürəklə deyə bilərəm ki, ATƏT-in Minsk qrupunun umumiyyətlə fəaliyyəti yoxdur.

AŞPA

Avropa Şurası Parlament Assambleyasının adını çəkməsək,onlara qarşı haqsızlıq etmiş olarıq. AŞPA 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 nömrəli qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vurğulanmış və münaqişənin həlli ilə bağlı təkliflər irəli sürülmüşdür. Qurum sənədin həyata keçirilməsi üçün altkomitə yaratmışdır. Tərtəmiz 15 ildi "gözümüzü və ümidimizi AŞPA-ya da bağlamışıq” deyib dərindən də bir ah çəkirik.



Uzun sözün qısası müdrik atalarımızın kəlamı gəlib bu mövzuda da yerini tapdı, müdrikliyini göstərdi:Qonşuya ümid olan axırda şamsız qalar. Yazımızın məntiqinə uyğun desək: Beynəlxalq qurumlara ümid olan Azərbaycan sonunda Qarabağsız qalar.

4016 azərbaycanlı əsirdən 877 nəfəri...

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqovun bir neçə il əvvəl mətbuata açıqlamasını xatırladırıq:” Şahid ifadələrinin toplanması və itkin düşmüş şəxslərin sonrakı taleyinə aydınlıq gətirilməsinə gəlincə, bizim işimizin nəticəsi budur ki, biz itkin düşmüş 4016 insandan 877 nəfər barəsində materiallar toplamışıq.877 nəfəri bir neçə kateqoriyaya ayırmaq olar: döyüşdə əsir düşən hərbçilər; yaşayış məntəqələrində girov götürülmüş mülki şəxslər, öz evlərini tərk etmək imkanı olmayan yaşlı və xəstə insanlar. Dövlət komissiyası bu 877 nəfərə həsr olunmuş iki kitab və CD buraxıb. Kitablardan biri "Bizi əsirlikdən qurtarın”, ikincisi isə "”QSM-7” təsdiq edir” adlanır. QSM Ermənistan qoşunlarının baş qərargahının şərti çağırış siqnalıdır. Həmin radiostansiyadan beynəlxalq müşahidəçilər və jurnalistlərdən ibarət böyük nümayəndə heyətinin döyüş bölgəsinə səfərə hazırlaşdığı bildirilmiş və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən Dağlıq Qarabağda yerləşən bütün səhra komandirlərinə və qərargahlara əllərində olan azərbaycanlı girov, əsir və yaralıları məhv etmək barədə şifrəli radioqram göndərilmişdi”.

2190 gün əsirlikdə və BQXK...

6 il əvvəl -2014-cü il 11 iyul tarixində azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi və digər azərbaycanlı mülki şəxs Həsən Həsənovun qəddarcasına qətlə yetirilməsi faktını yəqinki hələ unutmamısınız.....

Erməni tərəfinin uydurulmuş iddialar əsasında qanunsuz olaraq D.Əsgərovu "ömürlük”, Ş.Quliyevi isə "22 il müddətinə azadlıqdan məhrum etdiyi” sənəddə xüsusilə vurğulanır. Eyni zamanda, Həsən Həsənovun nəşinin demək olar ki, 3 aydan sonra, 2014-cü ilin 2 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə qaytarıldığı qeyd olunur.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov 1 il 6 ay atasından məktub və yaxud dolğun məlumat almadıqda çox narahat oldu. Bu narahatçılıqdan dolayı o, ATƏT-in Varşava sammitində çıxış elədi və Azərbaycan KİV -nə açıqlamasında bildirdi: "Mən atamdan çox nigaran idim. Nə ondan məktub alırdım, nə videosunu izləyirdim, nə də şəklini görürdüm.ATƏT-in Varşava sammitində girovlarımızla bağlı çıxışlar oldu. Mənim də 1-2 kəlmə demək şansım yarandı.Azərbaycana qayıtdım. Bir həftə sonra Qırmızı Xaç Komitəsinin əməkdaşları mənə zəng elədilər. Atamdan məktub aldım, mənə şəklini göstərdilər”.

(Bu da, növbəti beynəlxalq qurum)

2019-cu ilin 5-6 dekabr tarixlərində Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı xüsusilə D.Əsgərov və Ş.Quliyevin məsələsinə toxunduğu, Ermənistan tərəfinin isə "hamının hamıya” prinsipi əsasında onların azad edilməsinin əleyhinə olduğu sənəddə vurğulanır. Bu xüsusda, Azərbaycanın BMT yanında daimi nümayəndəsi D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi ilə əlaqədar BMT Baş katibinə ünvanladığı məktubda indiyənə qədər havadan asılı qalıb.

Oğul Əsgərovdan növbəti addım

Artıq əli hər yerdən üzülən, əlacsız qalan övlad-Kürdoğlu Əsgərov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib.



K. Əsgərov müraciətində bildirib: "Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim. Necə olur, sən səfirliyin pulu ilə erməniyə bilet alıb Bakıya gətizdirərək anasının qəbrini ziyarət etdirirsən, ermənidən qabaq anasının qəbri tapılaraq təmizlənib üzərinə güllər qoyulur, erməninin Bakıda restoranda 3 ofisiant qulluğunda durur, atam isə oz anasının, doğmalarının qəbrini ziyarətə getdiyinə görə girov götürülərək vəhşicəsinə işgəncələrə məruz qalır.

Ömürlük həbs verilir. Budurmu, insanlıq, humanizm?”-deyə fəryad edib.

Son olaraq...

2014 -cü il, 11 iyul tarixdə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev nə vaxt əsirlikdən azad edilərsə, o vaxt Qarabağın da əsirlikdən azad edilməsi haqqında ciddi-ciddi düşünməyə dəyər. Hələlik isə 6 il-2190 gün əsirlikdəsoydaşlarımıza ermənilərin hansı işgəncələr verdiyini heç olmasa bir anlıq vətəndaş olaraq öz vücudunuzda, qürurunuzda, vicdanınızda hiss edin...

Əntiqə Rəşid

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ