hemle

“Çavuşoğlunun Ermənistana Dağlıq Qarabağ mesajı...” - Müsahibə

Tarix:9-07-2020, 09:28
Baxış Sayı:666

ATESH,AZ saytı yayımladı.

“Türkiyə dövləti və bu ölkənin başında duranlar – Ərdoğan və hakimiyyətdə olan digərləri həmişə ruhən Azərbaycana bağlı olduqlarını bildirirlər. Bunu da öz sərhədlərini işğalçının üzünə bağlamaqla nümayiş etdiriblər, etdirirlər. Hesab edirəm ki, bu işğal başa çatanadək Türkiyə Ermənistanla sərhədləri açmaq niyyətində deyil”.

Politoloq Ramiyə Məmmədova belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Müxalifətə qarşı təzyiqlərdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan özünə qarşı olanların sırasını xeyli genişləndirdi. Sabiq prezident Robert Köçəryan da həbsdən azad olunub. Daxildən xüsusən də Rusiyanın təsir dairəsində olan qüvvələrin ciddi siyasi təhdidləri və təzyiqləri qarşısındadır. Sizcə, bu, Paşinyana nə vəd edir?

- Paşinyan son zamanlarda müxalifət və ya keçmiş hakimiyyətin üzvlərinə qarşı açıq repressiya aparır. Köçəryanın həbsi, Çiçəklənən Ermənistan partiyasının sədri Sarukyana qarşı cinayət işinin açılması və digər şəxslərin hədəf alınması göstərir ki, Ermənistanda siyasi arenanın müxalifətdən təmizlənməsi işi aparılır. Bu prosesin başında isə, qeyd etdiyimiz kimi Nikol Paşinyan durur. Bu təzyiq və təhdidlər həmin qüvvələrin Paşinyana qarşı bir platformada birləşməsinə rəvac verdi. Artıq həmin siyasi qüvvələr Ermənistan baş nazirinə savaş elan ediblər. Əlbəttə bu qüvvələrin arxasında duran böyük güclər var. Onlar daha çox Rusiyaya bağlı olan qüvvələrdir.

Köçəryanın sərbəst buraxılmasına gəldikdə, burada Rusiyanın böyük rolu var. Məlumdur ki, o, Kremlin adamıdır, buna görə də Putin Köçəryanın həbsdə qalmasına heç vaxt razı olmazdı. Köçəryanın həbs olunması isə Paşinyan və Putin arasındakı soyuq münasibətləri açıq nümayişi idi. Buna görə də onun atdığı addımlar Kremldə Rusiyaya qarşı yürüdülən siyasət kimi qəbul edilir. Digər yandan, Ermənistan baş nazirinin müxalifətə qarşı təzyiqləri onun daxildəki imicinə zərbə vurur. Nəticədə ona qarşı olanların sırası günbəgün genişlənir. Bu, Paşinyanın daha böyük qüvvələrlə üz-üzə qalması deməkdir.

Müxalifətlə mübarizə Paşinyana yaxşı heç nə vəd etmir. Çünki Paşinyan bununla bir növ Rusiyanın Ermənistandakı maraqlarına qarşı çıxır. Məlumdur ki, Ermənistan bu gün bölgədə Rusiyanın yeganə forpostudur, üstəgəl, o, birbaşa Putin tərəfindən dəstəklənən şəxsləri hədəf alıb. Buna görə də, proseslər Ermənistan baş naziri üçün xoşagəlməz nəticələr doğura bilər. Bunun Paşinyan üçün baş ağrısına çevriləcəyi labüddür.

- Paşinyana Qərbdən də o qədər diqqət yoxdur. Əksinə hakimiyyətə gəldikdən sonra ABŞ Qarabağ separatçılarına ayırdığı yardımı dayandırdı, indi də Avopa İttifaqının korrupsiya ilə bağlı sərt ittihamlarına məruz qalır. Rusiyanı anladıq, bəs Qərb niyə Paşinyana etimad göstərmir?

- Küçədən hakimiyyətə gələn Paşinyana əsas dəstək Qərbdən gəlmişdi. Lakin sonrakı mərhələlərdə Paşinyanın həm Rusiya, həm də Qərblə oynaması onu dəstəkləyənlərin nəzərindən qaçmadı və xoşlarına gəlmədi. Bu, Paşinyanın Qərbdəki nüfuzunu aşağı saldı. Qərb onun yürütdüyü siyasəti doğru hesab etmir. Paşinyanın Dağlıq Qarabağda qondarma seçki keçirməsi, Şuşanı buradakı terrorçu rejimin “paytaxtı” elan etməsi, Ermənistandan işğal bölgəsinə üçüncü yolu çəkməsi Avropa İttifaqı tərəfindən həssaslıqla qarşılanır. Bu, Avropada bölgədə sabitliyin pozulmasına yönəlik addımlar kimi qəbul edilir.

Fransa hər nə qədər buna dəstək nümayiş etdirsə də, Avropa İttifaqının digər dövlətləri Ermənistan rəhbərliyinin yanlış yolda irəlilədiyini bildirirlər. Bir çox Avropa dövləti Qarabağa yolun çəkilməsinə etiraz etdi, üstəgəl, qondarma seçkiləri tanımadı. Bu, Paşinyana bir mesaj idi ki, Qərb artıq onun yürütdüyü siyasəti dəstəkləmir.

Digər yandan, Ermənistan iqtisadi tənəzzülə doğru gedir və bu baxımdan heç bir potensialı yoxdur. Qərb üçün də həmişə siyasi, iqtisadi və maddi maraqlar ön planda olub. Buna görə də Qərb zaman-zaman istənilən dövləti bu maraqlarına qurban verməyi bacaran gücdür. Bu nöqteyi-nəzərdən, Qərb seçim etsə, Ermənistana yox, Azərbaycana üstünlük verəcək. Çünki Azərbaycanın siyasi və iqtisadi potensialı daha böyükdür.

- Ermənistan mətbuatı ilginc bir iddia irəli sürdü ki, Ermənistan Prezidenti Armen Sərkisyan Türkiyə ilə münasibətləri qaydasına salmaq üçün gizli fəaliyyətlər həyata keçirir. Türkiyənin siyasi çevrələrinin bu kimi cəhdlərə münasibəti nədir, indiki halda sərhədlərin açılmasından söhbət gedə bilərmi?

- Ümumiyyətlə, Ermənistan həmişə Türkiyə ilə münasibətlərini qaydasına salmaq arzusundadır. Məlumdur ki, bu gün Ermənistanın Türkiyə ilə nə siyasi, nə diplomatik, nə iqtisadi, nə hərbi, nə də mədəni sahələrdə əlaqələri var. Münasibətlərin bu səpkisi də Ermənistanı qazanmalı olduğu dividentlərdən məhrum edir. Buna görə də İrəvan zaman-zaman sərhədlərin açılmasını gündəmə gətirir. Çünki Türkiyə bölgənin ən böyük dövlətidir və nəhəng bir iqtisadi bazardır. Digər yandan, Türkiyə qlobal siyasət meydanında özünə böyük bir yer tutmağa başlayıb. Bu da Ermənistanda belə bir dövlətlə münasibətlərini bərpa etmək arzusu yaradır.

Əlbəttə Türkiyənin özündə də Ermənistanla əməkdaşlığın qurulmasını istəyənlər var. Çünki Türkiyənin özündə də yaşayan ermənilərin sayı kifayət qədərdir, bura türk kökənli ermənilər də aiddir. Həmin ermənilərin bu ölkədə dini və mədəni kökləri var və buna görə də iki ölkənin yaxınlaşmasına can atırlar. Amma Ankaranın siyasəti tamam başqa yöndədir. Türkiyə bu məsələdə qardaş və dost bildiyi Azərbaycanın mövqeyini böyük ölçüdə nəzərə alır. Ortada Dağlıq Qarabağın işğalı faktoru var. Bəlkə də Qarabağ münaqişəsinin həlli ilə Ermənistanla diplomatik münasibətlərin qurulması mümkündür. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu yaxınlarda açıq şəkildə bildirdi ki, əgər Ermənistan ölkəsindən xoş münasibət gözləyirsə, Dağlıq Qarabağı işğaldan azad etməlidir, işğal edilmiş 20 faiz Azərbaycan ərazisi azad olunmalıdır. Çavuşoğlu onu da dedi ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.

Başqa sözlə, kimin nə deməyindən asılı olmayaraq, Türkiyənin bu məsələdə öz siyasəti var. Əlbəttə Sərkisyan və ya qeyrisi özlüyündə nəsə deyə, hansısa cəhdlər göstərə bilər. Bu istiqamətdə müəyyən işlərin görülməsi də mümkündür. Sadəcə olaraq, Türkiyə dövləti və bu ölkənin başında duranlar – Ərdoğan və hakimiyyətdə olan digərləri həmişə ruhən Azərbaycana bağlı olduqlarını bildirirlər. Bunu da öz sərhədlərini işğalçının üzünə bağlamaqla nümayiş etdiriblər, etdirirlər. Hesab edirəm ki, bu işğal başa çatanadək Türkiyə Ermənistanla sərhədləri açmaq niyyətində deyil.

- Bəs Fransa niyə Türkiyəyə qarşı qəzəblidir, bu, təkcə Ankaranın Aralıq dənizinin şərqindəki fəaliyyətləri ilə əlaqədardır?

- Fransa və Türkiyə arasındakı son gərginlik Ankaranın Aralıq dənizinin şərqində karbohidrogen axtarışları ilə başladı. Türkiyənin Yaxın Şərqdə söz sahibi dövlət kimi görmək istəməyən Fransa, BƏƏ, Misir, Yunanıstan, Cənubi Kipr və digərləri ona qarşı mübarizə aparırlar. Əsas məqsəd də Türkiyəni Aralıq dənizindən uzaqlaşdırmaqdır. Türkiyə isə öz mövqeyini gücləndirmək üçün Liviyanın legitim hökuməti ilə müqavilə imzaladı. Bu anlaşma da Türkiyəyə Aralıq dənizində neft və təbii qaz axtarışları üçün “yaşıl işıq” yandırdı. Buna cavab olaraq, Türkiyə qiyamçı Haftar ordusuna qarşı döyüşən Liviya hökumətinə dəstək vədi verdi və bu vədini də yerinə yetirir. Bu isə bölgənin digər dövlətlərinin narazılığına gətirib çıxardı.

Türkiyənin hökumət qüvvələrinə verdiyi dəstək Haftarın məğlubiyyətinə səbəb oldu. Artıq qiyamçı ordu küncə sıxılmış vəziyyətdədir. Türkiyə və hökumət qüvvələrinin hücumlarına tab gətirə bilməyən Haftar strateji əhəmiyyətli bazalarını və şəhərləri itirib. Haftar isə Rusiya ilə yanaşı, həm də Fransa tərəfindən dəstəklənir. Nə qədər təkzib etməsinə baxmayaraq, Fransa Haftara maddi və hərbi-texniki dəstək verir. Lakin Fransa nə qədər çalışsa da, Türkiyəni Liviyada məğlub edə bilmədi. Türkiyəyə gücü çatmayan Fransa öz mübarizəsini informasiya müharibəsi üzərində qurub və Ankaraya qarşı sərt tələblər, ittihamlar irəli sürür.

Müəllif: Mənsur Rəğbətoğlu
ATESH,AZ

Digər xəbərlər
07:46 Anlaşma Memorandumu imzalanıb
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...