“Sanki ABŞ-ı idarə edən prezident deyil. Amerikanı idarə edən bir sistem var, yəni ABŞ-ı şəxslər idarə etmir. Prezident sadəcə sükanı götürüb irəli aparır. Ona bu sükanı tutmaq tapşırılıb, idarə etmək yox”.
Politoloq Ramil Hüseynov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Rusiya Prezidenti Putin iddia edir ki, SSRİ qurularkən, bir çox ittifaq respublikası Rusiyadan torpaq qoparıb. O, bundan əvvəl də SSRİ-nin yenidən bərpasından danışmışdı. Sizcə, bu açıqlamlar nəyə hesablanıb?
- Rusiya qonşu ölkədir. Əlbəttə, biz, qonşu ölkələrlə münasibətlərimizi inkişaf etdirməliyik. Amma Rusiya dövlətinin Azərbaycana qarşı mövqeyi bəllidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi prosesinin əsas iştirakçısı və işğalçıya dəstək verən Rusiya olub. Putinin səsləndirdiyi fikirlərə gəlincə, zaman-zaman onun dilindən bu cür sözlər çıxır. Bunlar, onun SSRİ-nin yenidən bərpa ediləcəyi ilə bağlı xəyalına aid fikirlərdir. Amma Putinin özü də bilir ki, bu, mümkün olan bir ideya deyil. Çünki dünya düzəni artıq dəyişib, beynəlxalq güclər sürətlə inkişaf edir və Rusiyadan qat-qat irəlidədirlər. Əlbəttə, Rusiya da güclü dövlətdir, amma dünyanı idarə edən böyük gücün ABŞ olduğunu düşünürəm. Çünki istər maliyyə, istər siyasi, istər iqtisadi, istərsə də hərbi potensial baxımdan dünyanın ən güclüsü Amerikadır. Hətta onun Rusiyaya da təsiri böyükdür.
İndi dünyada böyük güclər arasında silahlı yox, iqtisadi müharibələr gedir. Bu iqtisadi müharibələr nəticəsində Rusiya dövləti xeyli dərəcədə zəifləyib. Həmin qüvvələr mübarizəni davam etdirir. Putin bunun nə ilə nəticələnəcəyini çox gözəl bilir, buna görə də belə mesajlar verir. Bu baxımdan da, Putinin bu açıqlamasının daha çox daxili auditoriyaya hesablandığını düşünürəm.
- Həmin güclər koronavirus pandemiyasından Rusiyaya qarşı istifadə edə bilərlərmi? Nəzərə alsaq ki, infeksiya federasiya daxilində kifayət qədər gərginliyə yol açıb, deməli, məqsədə nail olmaq üçün effektli vasitə ola bilər.
- Pandemiya mürəkkəb məsələdir, ona proqnoz vermək də çətindir. Çünki indi heç kimin dilindən səslənməyib ki, koronavirus siyasi, bioloji, yoxsa təbii virusdur. Bunu hansı formada, niyə yaradıblar? Əlbəttə, bununla bağlı çox ciddi suallar var. Bu sualların cavabı da hələlik yoxdur. Bəlkə də var, amma biz bilmirik. Görünən budur ki, bu xəstəlik həqiqətən də mövcuddur. Bunun süni, yoxsa təbii olmasını illər keçdikdən sonra bilmək olar. Əslində pandemiyanın ölkələrə siyasi təsirləri ilə bağlı proqnozların verilməsi anlaşılandır. Ölkələr tərəfindən buna qarşı addımlar atılır, amma bu addımlar elmi əsaslara söykənmir. Bu zaman da insanlar düşünür ki, həqiqətən pandemiya var, yoxsa yox?
Biz, Azərbaycanda bu prosesləri görürük. Yaxınlarımızda da bu xəstəliyə yoluxanlar var. Bu virusdur, istənilən insana yoluxa bilər. Hesab edirəm ki, dünyada və Azərbaycanda insanların 60-70 faizi koronavirusa yoluxacaq.
- Qeyd etdiyiniz kimi, pandemiyanın qlobal miqyasda siyasi proseslərə yön verməsi məsələsi də müzakirə mövzusudur. Yəni, infeksiya siyasi proseslərə necə yön verə bilər?
- Əslində buna inanmaq istəmirəm. Qeyd etdiyim kimi, illər keçəndən sonra bunun içində siyasi oyunların olub-olmadığı üzə çıxacaq. Pandemiyaya qədər də, dünya gücləri sərhədlərin yenidən müəyyən olunması, ölkələrdə yeni düzənin formalaşdırılması, kimin kimin yanında olduğunu müəyyən etmək haqda düşünürdülər. Mümkündür ki, pandemiya da bu ideyaları həyata keçirmək üçün bir vasitədir. Amma indi bu haqda yekdil fikir səsləndirmək mümkün deyil. Proseslər çox sürətlə inkişaf etdi. Ölkələrin bu haqda verdikləri bəyanatlar bir-birinə uyğun gəlmir, hər ölkə bir cür yanaşır, müxtəlif bəyanatlar səsləndirir. Belə bəyanatlar da insanları çaşdırmağa, istiqaməti dəyişməyə xidmət edir.
- Bəs ABŞ-dakı etirazlar haqda nə deyə bilərsiniz, bu proseslər seçkilərə hazırlaşan Prezident Trampa nə vəd edir?
- Sanki ABŞ-ı idarə edən prezident deyil. Amerikanı idarə edən bir sistem var, yəni ABŞ-ı şəxslər idarə etmir. Prezident sadəcə sükanı götürüb irəli aparır. Ona sükanı tutmaq tapşırılıb, idarə etmək yox. Amma Trampın bu ərəfələrdə özünü doğrultmadığı açıq şəkildə göründü. Onun sonuncu seçkilərdən əvvəl verdiyi vədlər bir çox insanın xoşuna gəlmişdi. Amma zaman göstərdi ki, Tramp siyasi xadim kimi güclü lider deyil, iqtisadi lider kimi güclüdür. Amma biz, onu da gördük ki, Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra dünyada iqtisadi sahədə hansı proseslər baş verdi. Amma siyasi baxımdan ciddi irəliləyişlər olmadı. Hesab edirəm ki, qarşıdakı seçkilər Tramp üçün heç də asan olmayacaq, onun yenidən seçilmək məsələsi Amerikanın yuxarı instansiyalarında dəstəklənməyəcək.
- Ermənistandakı proseslər haqda fikriniz nədir, müxalifəti hədəf alan Baş nazir Paşinyan nəyə nail olmaq istəyir?
- Ermənistanın arxasında kimin durduğu, hansı güc tərəfindən idarə edildiyi bizə məlumdur. Həmin güclər Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün bölgədəki münaqişələrin həll prosesini süni şəkildə uzadırlar. Ermənistan da onların əlində bir vasitədir.
Paşinyanın atdığı addımlara gəlincə, bunlar onun ölkənin yeganə siyasi lideri olduğunu nümayiş etdirmək üçün atılır. Bunun arxasında ciddi bir faktorun durduğuna inanmıram. Çünki onun özü ciddi bir siyasətçi deyil. Paşinyan ortaya atıldı, guya demokratik seçkilər keçirildi, o da bu yolla seçildi. Bunların hamısı oyundur. Ermənistan heç vaxt demokratik ölkə olmayıb və olmayacaq. Bu cür addımlarla da dünyanın inkişaf etmiş və sivil ölkələri sırasına qoşulmaq mümkün deyil.
hemlemedia.az saytı TELEQRAF.COM saytına istinadən yaydı.
Müəllif: Mənsur Rəğbətoğlu