Təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.
Təhsil Nazirliyi və Dövlət İmahan Mərkəzinin(DİM) yaydığı birgə məlumatda belə deyilib.
Məlumatda qeyd edilib ki, sərtləşdirilmiş karantin rejimi müddətinin 2020-ci il 20 iyul tarixinədək uzadılması ilə əlaqədar olaraq ölkənin bir sıra regionlarında ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınıb. Tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün bu vəziyyətin bəzi çətinliklər yarada bilməsi nəzərə alınaraq belə bir qərar verildiyi bildirilir.
Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün məzunların bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin (attestatın) təqdim edilməsi tələb olunur.
Məlumatda bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi və vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə bu qərarın verildiyi nəzərə çatdırılır.
İyulun 6-dan etibarən qərar qüvvədədir və xarici ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər.
Azərbaycan Respublikasının ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verənlər isə imtahanlarda mütləq iştirak etməlidirlər.
Təhsil üzrə ekspert Kamran Əsədov Toplum tv-yə qərarın gələcəkdə həmin şagirdlər üçün yarada biləcəyi problemlərdən danışıb: "Azərbaycanda hər il 20 minə yaxın gənc xaricdə təhsil alır. Xarici ölkələrdə qəbul prosesi may, ən gec halda isə iyunda başa çatır. Buna görə Təhsil Nazirliyi və DİM belə bir qərar verib. Amma burda müəyyən qədər problemlər yaşana bilər. Həmin şəxslər təhsilini başa vurub ölkəyə qayıtdıqdan sonra onların diplomlarının tanınması üçün DİM-in keçirdiyi imtahanların nəticəsi lazımdır. Digər bir məqam isə attestatları imtahansız əldə edənlər builki buraxılış imtahanlarında iştirak edə bilməyəcəklər”.
K.Əsədov buraxılış imtahanlarında iştirak etmədən attestat əldə etmiş şəxslərin gələcəkdə təhsil alacaqları ali məktəb müəssisələrində yarana biləcək problemlərə də toxunub. "Attestatın sağ tərəfində şagirdlərin xarici dil üzrə bilik və bacarıqlarının nəticələri qeyd olunur. İngilis dili dövlət dili olan və ya ingilis dilində tədris aparılan ali məktəblərdə xarici dillə bağlı nəticələrin olmaması müəyyən problemlər ortaya çıxar bilər. Çünki bu zaman xarici dil bilgisinə böyük önəm verilir”, - ekspert qeyd edir.
Onun sözlərinə görə belə çətinliklərin yaşanmaması üçün qərarda bir sıra dəyişikliklər edilə bilər.
"Ya həmin şəxslərə vaxtından əvvəl, ya da sonradan imtahan təşkil etməklə ən azından xarici dil üzrə qiymətləndirilmə aparılmalıdır”,- Kamran Əsədov qeyd edir.
Xatırlatma
İyunun 10-dan başlayaraq bütün şəhər və rayonlarda (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə hər həftə 2 dəfə olmaqla buraxılış (qəbul) imtahanları keçirilib və bu imtahanlarda ümumilikdə 133338 məzun iştirak edib.
Hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə 11-ci sinif təhsil bazasında imtahan verməli olan, lakin ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlərin sayı 2785 nəfərdir.
9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilər və ya əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən təşkil olunması nəzərdə tutulan buraxılış imtahanlarına qatıla bilərlər.
Vüsalə Mikayıl