Süni intellekt texnologiyaları son illər ərzində həyatın bir çox sahəsində inqilabi dəyişikliklərə səbəb olub. Müsbət tərəfləri çox olsa da, ciddi təhlükə və problemlər yaratmaqda da “peşəkar”dır. Beynəlxalq Enerji Agentliyi də hesabatında bu məqama toxunub. Agentlik açıqlayıb ki, süni intellekt sayəsində enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb və daha da təkmilləşib. Süni intellektin müsbət tərəflərini tez-tez müzakirə edir, faydalanırıq. Bəs mənfi tərəfləri nədir? Süni intellekt hansı problemlərə səbəb ola bilər?
Süni intellekt modelləri vasitəsilə risklərin təhlili, fırıldaqçılığın aşkarlanması və məlumat məxfiliyinin qorunmasında bizneslərə həllər təqdim edən “Polygraf AI”nin baş icraçı direktoru Yaqub Rəhimov “Kaspi”yə açıqlamasında bildirdi ki, süni intellekt, əsasən, çox vaxt aparan, yorucu işlərdə insanlardan daha çox nəticə verir: “Məsələn, 300 min səhifəlik sənədi insandan yaxşı analiz edir. Bu səbəbdən daha çox yorucu işlərdə ondan istifadə halları artacaq və genişlənəcək. Buraya analitik məsələlər, kibertəhlükəsizliyə nəzarət, fərdi dataların qorunmasına nəzarət və sair daxildir”.
Mütəxəssis bildirir ki, süni intellektin tətbiqində iki problem ciddi şəkildə nəzərə çarpır: “Onun tətbiqi xüsusilə data analitikası və verilənlərin təhlili sahəsində daha məqsədəuyğundur. İnsanlar qərarvermə prosesində bəzən emosional, subyektiv və qərəzli yanaşa bildikləri halda, süni intellekt sistemləri obyektiv və məlumat əsaslı analizlər təqdim edə bilir. Lakin bu texnologiyanın tətbiqində iki əsas problemlə qarşılaşa bilərik. Birincisi, şəxsi məlumatların yanlışlıqla və ya nəzarətsiz şəkildə süni intellekt sistemlərinə ötürülməsidir. Bu hallar sintetik data vayninq (verilənlərin süni şəkildə çıxarılması və manipulyasiyası) riskini artırır. İkinci problem isə süni intellekt vasitəsilə həyata keçirilən fırıldaqçılıq hallarıdır. Məsələn, insanların bank hesablarının boşaldılması, şəxsi məlumatlar vasitəsilə əmlaklarına qanunsuz yolla müdaxilə edilməsi bu kontekstdə xüsusilə narahatedicidir”.
Süni intellekt peşələri tamamilə əvəz edəcək?
Y.Rəhimov bu texnologiyanın peşələri tamamilə əvəz edəcəyi fikri ilə razı deyil: “Cəmiyyətdə bəzən yanlış fikir formalaşır ki, süni intellekt insanları və bəzi peşələri tamamilə əvəz edəcək. Əksinə, süni intellekt əmək məhsuldarlığını artırır, insanların gündəlik rutin və təkrarolunan işlərini avtomatlaşdıraraq onlara daha çox fərdi fəaliyyətlərə və sevdikləri işlərə fokuslanmaq imkanı verir. Beləliklə, bu texnologiyalar düzgün istifadə olunduğu təqdirdə, insanların həyat keyfiyyətini yüksəltmək və tənbəlliyi aradan qaldırmaq baxımından əhəmiyyətli bir rol oynaya bilər”.
“Təkcə texnoloji deyil, geosiyasi və iqtisadi təhlükələr yaradır”
İKT üzrə ekspert Elvin Abbasov deyir ki, kibertəhlükəsizlik sahəsində çox dərin və təhlükəli risklər var: “Süni intellekt artıq təkcə texnologiya sektoru ilə məhdudlaşmır - səhiyyə, maliyyə, təhsil, nəqliyyat, energetika və dövlət idarəçiliyinə qədər demək olar ki, bütün sahələrdə geniş şəkildə tətbiq olunmağa başlayıb. Lakin bunun çox təhlükəli riskləri var. Kiberhücum edənlər artıq süni intellektdən istifadə edərək zəif nöqtələri daha sürətlə aşkar edir, müdaxilə üsullarını avtomatlaşdırır və hədəfə yönəlik daha mürəkkəb və “ağıllı” hücumlar həyata keçirə bilirlər. Bu isə təkcə texnoloji deyil, həm də geosiyasi və iqtisadi təhlükələr yaradır”.
Hücumlar süni intellektlə həyata keçirilirsə...
Ekspert vurğulayır ki, dezinformasiya və saxta kontentlərin (deepfake) yayılması, şəxsi məlumatların icazəsiz toplanması və emal edilməsi, qərarvermədə şəffaflığın azalması və süni intellekt modellərinin qərəzli qərarlar verməsi bu sahədə üzə çıxan əsas problemlərdəndir: “Bu problemlərin qarşısını almaq üçün süni intellektin istifadəsini tənzimləyən hüquqi baza formalaşdırılmalı, onun alətləri istifadəyə verilməzdən əvvəl təhlükəsizlik və etik uyğunluq baxımından müstəqil qurumlar tərəfindən sertifikatlaşdırılmalıdır. Bundan əlavə, hücumlar süni intellektlə həyata keçirilirsə, müdafiə də süni intellektlə gücləndirilməlidir. Yəni, süni intellekt əsaslı müdafiə sistemləri yaradılmalı, xüsusilə kritik infrastruktur üçün daha dayanıqlı və öyrənən təhlükəsizlik mexanizmləri tətbiq olunmalıdır”.
“İnsanlar tərcüməni belə süni intellektə tam etibar etmirlər”
E.Abbasov yaxın illər ərzində heç bir peşənin süni intellekt ilə əvəzlənməsini gözləmir: “Süni intellektlə bağlı hazırda cəmiyyətdə böyük bir qorxu var ki, peşələri əvəzləyəcək. Düzdür, o, ən sadə ofis işlərinə qədər müxtəlif sahələrdə tətbiq olunaraq iş proseslərini asanlaşdırır. Lakin hələlik süni intellekt heç bir peşəni tam əhatələməyib. Bu günə qədər heç bir şirkət, hətta ən sadə tapşırığı belə tam olaraq süni intellektə həvalə edib, onu müstəqil qərar verən bir subyekt kimi tanımayıb. Məsələn, süni intellektin ən effektiv tətbiq sahələrindən biri tərcümədir. Buna baxmayaraq, beynəlxalq araşdırmalar göstərir ki, tərcüməçilərə ehtiyac hələ də çox yüksəkdir”.
Lazımsızlıq hissi, məna boşluğu, zəif empatiya
Süni intellektin sürətli inkişafı və gündəlik həyatımıza inteqrasiyası psixoloji aspketlərdən də risklər yaradır. İnsanların sosial əlaqələrinə və psixoloji vəziyyətinə təsiri danılmazdır.
Psixoloq Nizami Orucov deyir ki, süni intellektin yaratdığı ən əsas psixoloji problem asılılıqdır: “Süni intellektlə ünsiyyət bir qaçış yeri, sığınılacaq məkana çevrilməyə başlayır. İnsanlarda bir robotla danışmaqdan qaynaqlana biləcək empatiya azlığı müşahidə oluna bilər. İnsani ünsiyyətin tərkibi ilə süni intellektlə ünsiyyətin tərkibi eyni ola bilməz. Bununla da insani dialoqlar, insani yanaşma, empatiyalar zamanla zəifləyə, məna boşluğu yaşana bilər. İş yerlərinin avtomatlaşdırılması və insan əməyinin azalması bəzi insanlarda "lazımsızlıq" hissi yaradır, bu da depressiya və motivasiya itkilərinə səbəb olur”. ("Kaspi" qəzeti)