İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs…” deyə səs gəlir.
Bura COVID-19 virusuna yoluxmuş xəstələrin müalicə aldığı və pandemiya dövründə açılmış “Yeni klinika”dır.
Tibbi kombinezon, əlcək, maska və eynək...
Düzü, xəstəxanada müalicə alan koronavirusa yoluxmuş xəstələri çəkəcəyimizi düşünəndə bir anlıq həyəcanlandım. Halbuki pandemiyanın ilkin dövründən başlayaraq, bir çox həmkarlarım kimi, bu aktual mövzunu işıqlandırmağa başlamışam.
Epidemiyanın ölkəmizdə də qeydə alınması və görülən önləyici tədbirlərə baxmayaraq, hələ də vətəndaş məsuliyyətsizliyindən yoluxanların olması istər əhali arasında, istərsə də sosial mediada əsassız məlumatların yayımlanması içimdə hər şeyi öz gözlərimlə görmək istəyi və koronavirus gerçəklərinin yoluxmuş şəxslərin fikirləri əsasında reportaj yazmaq arzusu oyatdı.
Bu istəyin izi ilə “Yeni klinika”dayıq.
Məqsədimiz müalicə alan xəstələrin vəziyyəti ilə tanış olmaq, fədakar həkimlərin onların həyatı üçün mübarizəsini görmək və vətəndaşlara hələlik çarəsi tapılmayan bu bəladan xilas yolunu göstərməkdir.
İlk olaraq kombinezon tipli geyimi geyinir, əlcək, maska və eynək taxırıq. Artıq ətrafa eynəkdən baxdığım andan istilik hiss edirəm, bayaq rahat nəfəs alırdımsa, indi sanki boğuluram.
Geyim üçün mənə kömək edən xanım bu vəziyyətimi görüb söhbətə başladı:
“Biz hər gün bu geyimdə fəaliyyət göstəririk. 8, 10, 12 saat, hətta daha çox vaxt bu geyimlərdə oluruq…”
Daha deməyə söz tapmıram. Əbəs yerə onlara “görünməyən qəhrəmanlar” deyilmir.
Xırıltılı səs, danışa bilməmək...
Stasionar müalicə alan xəstələrin yanına qalxırıq.
Palatada xırıltılı səslə danışan xəstələr bir-biri ilə özləri, ailələri barədə söhbətləşirdilər.
Onlara yaxınlaşırıq.
Xəstə R.Z. (Ad şərtidir – red.) heç kimə bu vəziyyətə düşməyi arzu etmir:
“Hiss etdim ki, təngnəfəslik, halsızlıq yaranıb. COVID-19 testi verdim və nəticəm müsbət çıxdı. Heç kimə bu vəziyyətə düşməyi arzulamıram. Danışa bilmirdim, nəfəsim çatmırdı. Bir həftədir buradayam. Haradan yoluxduğumu bilmirəm. İndi danışa bilirəm. Şükür, ailəmdə yoluxan yoxdur. Ən çox evdəkilər üçün darıxıram, ancaq görüntülü danışıram”.
Koronavirus xəstəsi həkimlərin onlara diqqət və qayğısından da razıdır:
“Bütün gün bizi müalicə edir, sağlamlığımızın keşiyində dayanırlar. Onların sayəsində indi danışa bilir, nəfəs alıram, bir şikayətim yoxdur. Hər kəs inansın, evdə qalsınlar, məcburiyyət qarşısında qalanlar çölə çıxsınlar”.
Həkim: “İnsanlar məsuliyyətsizlik etdikcə, xəstə sayı artacaq”
Həkim-infeksionist Dilman Əhmədovla söhbətləşirik.
Həkimin sözlərinə görə, artıq xəstəxanada müalicə alan şəxslərin sayı artıb:
“İlk vaxtlar simptomu nisbətən az olan şəxslər müayinə edilirdi, indi isə vəziyyət çox pisdir. Artıq bir aydır ki, xəstələr ağır şəkildə gəlirlər. Əvvəllər çox az şəkildə oksigenə ehtiyac olurdu. Məsələn, 20-30 xəstə buraya gətirilirdisə, onun iki-üçünə oksigen aparatı lazım olurdu. İndi isə 30 xəstə varsa, onun 17 nəfəri oksigen aparatına bağlıdır”.
Elə həkimin də dediyi kimi, pandemik vəziyyət ciddiləşib. Ümid edirik ki, bundan sonra yaxşılığa doğru gedər. Amma bunun üçün ilk növbədə vətəndaşlar çalışmalıdır. Bəzi insanlar vəziyyətin ciddiliyini anlamırlar, sosial məsafəni gözləmir, küçələrdə gəzirlər.
Həkim-infeksionist bildirib ki, bu xəstəliyin riskini başa düşmək lazımdır:
“İnsanlar məsuliyyətsizlik etdikcə, xəstə sayı artacaq. Xəstəxanada xəstələrin təminatı baxımından hər şey qaydasındadır. Müalicələri davam etdirilir.
Xəstəxanaya gətirilən şəxslərin yaş kateqoriyası da dəyişib. Əvvəllər gələnlərin əksəriyyəti yaşlı insanlar idi, indi cavanlar da var. Burada 20 yaşlıdan tutmuş orta yaşlılara qədər xəstələrimiz var”