O, Nigeriyada bu işi görən ilk azərbaycanlıdır. Həyat yoldaşının işi ilə əlaqədar Laqosda yaşayan Büllurə Bayramova Bernard bir gün marketlərdən birinə gedir. Orada Azərbaycan mətbəxinin erməni yeməkləri adı altında təqdim olunduğunu gördükdə bir azərbaycanlı kimi narahatlıq keçirir. Xanımların işləməsinə isti münasibət göstərilməyən bir şəhərdə evini mətbəxə çevirmək qərarına gəlir. Afrika ölkəsinə təqribən 7 il əvvəl köçən Büllurə Bayramova Bernard artıq özünə biznes qurmağı bacarıb.
Atəş.az xəbər verir ki, iş adamı Teleqraf.com-a müsahibəsində, özü və biznesi ilə yanaşı, Nigeriyadakı biznes mühiti, buradakı maraqlı məqamlar barədə danışıb.
- Büllurə xanım, ilk öncə sizi tanıyaq.
- 1981-ci ildə Azərbaycanın gözəl güşələrindən olan İsmayıllı rayonun Lahıc qəsəbəsində doğulmuşam. Anamın dediyinə görə, çox qarlı, amma gözəl günəşli bir gündə dünyaya gəlmişəm. Orta məktəbi Lahıc qəsəbəsində fərqlənmə ilə bitirmişəm. Uşaqlıqdan jurnalist olmağı düşünürdüm. Lahıcda da hamı məni jurnalist deyə çağırırdı. Ali təhsil almaq üçün Bakı şəhərinə yollandım, sənədlərimi üçüncü qrupa verdim. Qəbul imtahanında topladığım balla Təfəkkür Universitetinin Filologiya fakültəsi ingilis dilinə daxil oldum.
Daha sonra magistr təhsili aldım, paralel olaraq, həm də işləyirdim. Bundan sonra ikinci təhsil olaraq İqtisad Universitetinə qəbul oldum. 2009-cu ildə iqtisadiyyat üzrə magistr təhsilimi davam etdirmək üçün İsveç Krallığının London Universitetinə sənəd göndərdim. Orada təhsilimi davam etdirib yenidən Azərbaycana qayıtdım.
İsveçə getməzdən öncə Fransanın “Danone” şirkətində işləyirdim. Təhsilimi bitirdikdən sonra həmin şirkətdə yenidən işimi davam etdirdim. Sonra ailə həyatı qurub 2012-ci ildə Azərbaycandan Fransaya, Fransadan isə Nigeriyaya gəldik.
- Necə oldu ki, Nigeriyaya gedib yaşamağa qərar verdiniz?
- Bu, "Min bir gecə" nağılına bənzəyir. Ümumiyyətlə, həyatım bir nağıl kimidir. Lahıc uzaq bir yerdir. Dağın başında bir qız doğulur, atası müəllim (artıq pensiyadadır), anası da xalçaçı. Ailədə altı uşaq olmuşuq. Biz varlı ailə deyildik, amma valideynlərim maksimum dərəcədə bizlərə təhsil verməyə çalışırdı. Böyük qardaşım Elçibəy dövründə məktəbi qızıl medalla bitirmişdi, ali təhsilini Türkiyədə almışdı.
Arzularım var idi, dünyanı gəzmək, karyeramı qurmaq, xaricdə təhsil almaq istəyirdim. Hələ magistr təhsili aldığım zaman atamın dostu tərəfindən mənə mühasibatlı üzrə iş təklifi gəldi. Mühasibatlığı bilməsəm də, iş təklifini qəbul etdim. Fikirləşdim ki, hamıda eyni baş, eyni əl var, niyə başqası edə bilər, mən yox?! Bunu da öyrəndim və ikinci təhsil olaraq iqtisadiyyatı seçdim. Çünki zamanın sürprizlərini bilmək olmaz, düşündüm ki, tez-tez dəyişən dünyada vaxt gələr bu sahəyə də ehtiyacım olar.
Elə oldu ki, “British Council”bir layihəsində seçildim və tez-tez xaricə getməli oldum. Azərbaycanda çoxlu xarici dostlarım var idi. Çünki mən qeyri hökumət təşkilatlarında da işlədiyim üçün layihələrlə xaricilər gəlirdi. Onlar ölkədən getdiyi zaman yeməklər təşkil olunurdu. Bu ziyafətlərin birində həyat yoldaşım Anton Bernardla tanış oldum. O, fransızdır. Yoldaşım 2006-cı ildən Azərbaycanda neft sahəsində işləyirdi. Elə oldu ki, onun işi Qazaxıstana verildi və neft sahəsində işləmək üçün ora getdi.
Əlaqələri kəsmədik, 5 il ərzində o, Azərbaycana gəlirdi, yaxud mən ölkədən kənara gedəndə görüşürdük. 2010-cu ildə mənə evlilik təklifi etdi və 2011-ci ildə toyumuz oldu. Amma toydan sonra mən öz işimə, o da Qazaxıstanda öz işinə davam etdi. 2012-ci ildə yoldaşım Qazaxıstandakı, mənsə Azərbaycandakı işimizi saxlayıb Fransaya köçdük.
Elə həmin il yoldaşımın işlədiyi neft şirkət Nigeriya ilə böyük bir layihəyə imza atdı. Beləliklə, 2013-cü ildən yoldaşımın işini Fransadan Nigeriyanın Laqos şəhərinə verdilər.
Fransaya köçəndən sonra işdən uzaqlaşmışdım. Nigeriyada xanımların işləməsi üçün icazəsi olmalıdır. Ölkə təhlükəsizlik baxımından o qədər də rahat deyil. İcazəmiz yoxdur ki, hansısa yerlərə təkbaşına gedək. Ona görə ilk vaxtlar bir az çətin oldu. Nigeriyada Azərbaycanı ümumiyyətlə, tanımırdılar. Qərara gəldim ki, ölkəmizlə bağlı layihələr həyata keçirim. Bəlkə də başqa şəhərlərdə həmyerlilərimiz ola bilərdi, amma Laqosa gələn tək azərbaycanlı olduğumu deyə bilərəm. Hazırda da Laqosdakı yeganə azərbaycanlılar mən və üç oğlumdur.
- Laqosda ilk olaraq hansı layihələrə başladınız?
- İlk olaraq burada xarici qonaqlar üçün Novruz şənliyini keçirdim. 150-200 nəfərdən ibarət bir qrup üçün təşkil etdiyim bayramlarda ölkəmizin milli adət-ənənələri haqqında qısa filmlər nümayiş olundu. Müxtəlif viktorinalar təşkil edirdim, suallara cavab verənlərə Azərbaycandan gətirilən hədiyyələr təqdim olunurdu. Yemək bişirməyi çox sevirəm. İsveçdə təhsil aldığım zamanlar mənə kurslar təşkil etməyim barədə təkliflər verirdilər.
Nigeriyada erməni əsilli livanlılar çoxdur. Onlar 1900-cü illərdə Livandan Braziliyaya getmək istəyirmişlər, səhvən gəmi onları Afrikanın bu sahillərinə gətirib çıxarıb. Ona görə də dənizə çıxışı olan Afrikada ölkələrində əsli-kökü erməni olan livanlılar çoxdur. Demək olar ki, otel-restoran və market biznesi onların əlindədir.
Bir gün supermarketlərin birində bir broşür gördüm. Orada Azərbaycanın dolma, qutab və digər bu kimi yeməkləri erməni yeməkləri adı altında təqdim olunurdu. Burada xanımlar işləmir, düşündüm ki, vaxtım çoxdur. Ev geniş olduğu üçün Azərbaycan yeməkləri ilə bağlı kurs açmağa qərar verdim. Bu, elə bir uğurlu layihə oldu ki, Laqosda səs-küy yaratdı. Televiziya kanallarının yemək verilişlərinə dəvət aldım. Səfirliklər qonaq gələn zaman yeməklərin təşkili ilə bağlı mənə xüsusi təkliflər gəldi. Belə desək, onlar mənə ideya verməyə başladılar. Mən də “yox” demədim və bu işin təşkilinə başladım. Öz brendim üzərində işlədim, adını da “Cuisine Şi Büllura” yəni “Büllurənin mətbəxində” olaraq yaratdım.
Qərara gəldim ki, Azərbaycanın təbliği ilə bağlı bir təşkilat yaradım. Çünki burada dostlarım çoxdur, şirkət rəhbərlərini tanıyıram, düşündüm ki, onlar tədbirlərim üçün sponsor ola bilərlər. Həm də mətbəxdən qazandığımı Azərbaycanın təbliğinə yönəltmək istəyirdim. Bir növü yemək biznesim digər tərəfə yardım etmiş olur. Təsisçiləri mən, nigeriyalı xanım hüquqşünas, fransız və ingilis şirkət rəhbərlərinin olduğu Azərbaycanın Dostları Təşkilatını yaratdıq.
İlk dəfə Nigeriyada 2018-ci ildə iyun ayında Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir təşkil etdik. Tədbirlə əlaqəli Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə və Fransada yaşayan pianinoçu Səidə Zülfüqarovanın Nigeriyanın “Musson” mərkəzində konsertləri oldu. 350 nəfərlik zal xarici vətəndaşlarla dolu idi. Konsertdə Azərbaycan haqqında məlumat verildi, tədbirdən sonra öz tərəfimdən bişirilmiş yeməklər qonaqlara təqdim edildi. Deyərdim ki, çox uğurlu bir tədbir oldu.
- Artıq bu sahədə uğurlu biznesinin olduğunu demək olar. Nigeriyada biznes qurmağın digər ölkələrdə biznes qurmaqdan fərqli cəhətləri nədir?
- Ümumiyyətlə, bizneslə məşğul olmağı düşünürdüm. Çünki bu, müasir dövrün tələbidir. Hesab edirəm ki, artıq insanlar öz şəxsi biznesini qurmaqla məşğul olacaqlar. Bugünkü dövrün tələbinə görə, artıq insanların kimlərinsə əmri və ya əlinin altında işləmək istəmir. İnsanların düşüncə tərzi dəyişildikcə bu çox çətin olur.
Hər bir ölkənin sistemində üstünlüklər və qeyr-üstünlüklər var. İdeal bir sistem və ya ölkə mövcud deyil. Nigeriya 200 milyon əhalisi olan və inkişaf etməkdə olan neft ölkəsidir. Əfsuslar olsun ki, Nigeriyanın dövlət büdcəsi neftdən gələn gəlir hesabına formalaşıb. Bu da ölkədəki korrupsiyanın çox olmasından irəli gəlir. Burada təhsilli insanların sayı azdır və ölkə 61-62-ci illərə qədər İngiltərənin koloniyası olub. Bu kimi sistemlərdə yaşayan insanların inkişafı çox çətindir. Çünki insanlara ilk növbədə təhsil vermək lazımdır ki, burada da təhsil almaq çox çətindir. İnsanların düşüncə tərzi də çox fərqlidir.
Biznesə gəlincə, Nigeriya Afrika iqtisadiyyatının ən güclü surətdə inkişaf edən bir ölkəsidir, xüsusilə Laqos şəhəri. Qeyri-rəsmi mənbələrə görə, şəhərin 25 milyondan çox əhalisi var. Nigeriyada biznes quran insan riski sevməli və səbirli olmalıdır. Gözəl bir biznes qurduğun zaman bazarı əldə edə bilərsən. Əgər bazarın 1%-nə toxuna bilsəniz, bu, çox böyük bir məbləğ deməkdir. Doğrusu, öz biznesimi burada restoran formasında daha da böyütmək istərdim. Amma bu, bizim Nigeriyada neçə il qalacağımızdan asılıdır. Hələ ki, bu formada da çox yaxşıdır. Azərbaycanla bağlı tədbirlərimin sponsorluğunu qurduğum biznes üzərindən edə bilirəm.
Laqosda qurduğum yemək biznesi şəhərin tanınmış aşpazlarına motivasiya olub. Artıq tanıdığım bir çox şef öz evini restorana çevirib. Ayda bir dəfə evimi restoran çevirirəm, insanlar gəlir, hətta müəyyən şirkətlərin yeməyini də öz evimdə təşkil edirəm.
- Nigeriyada biznes üçün əsas problem, çətinlik nədə olur?
- Dövlətin işıq, su kimi problemi var. Hələ də suyu quyudan çıxarırlar, işıq isə generatorlarla verilir. Bütün bunlar biznesə çox təsir göstərir. Buna görə də başqa ölkələrlə müqayisədə qiymətlər daha yüksək olur.
Burada sənədləşmə işi də çox zaman alır. Əgər burada biznes qurursansa, partnyorun mütləq nigeriyalı olmalıdır. Çətinliklərlə yanaşı üstünlüklər də var. Belə ki, işçilərin əməkhaqqısı çox azdır. Əgər Fransada və ya Azərbaycanda bu biznesə iki işçi götürə bilərəmsə, burada həmin pulla 10 işçi ilə çalışa bilərəm. Təbii ki, bu da biznesə daha çox kömək edir. Üstünlüklərdən biri də çatdırmanı həyata keçirmək üçün asan şəkildə sürücünün olmasıdır. Bir sözlə, Nigeriyada işçi qüvvəsi çox ucuzdur. Təxminən 100-200 dollar arası aylıq məvacibləridir.
- Bəs Nigeriyada biznes qurmaq üçün hansı sahələr əlverişlidir?
- Ümumiyyətlə, Nigeriyada bütün sahələrdə boşluq var. Hər bir sahədə biznes qurmaq çox əlverişlidir. Tibb, təhsil, tikinti, kənd təsərrüfatı, sahəsinə investisiya yatırmaq olar. Nigeriyanın elə bir iqlimi var ki, ildə 4 dəfə əkib-becərmək olur. Amma təəssüflər olsun ki, bunu inkişaf etdirməyiblər. Dövlət son zamanlar kənd təsərrüfatı sahəsində yeni layihələr işləməyə başlayıb. Artıq xaricdən gələn məhsulların idxalına qadağalar qoyulur. Bununla da xaricilərin investisiyanı ölkəyə qoyaraq həmin məhsulların Nigeriyada yetişdirlməsinə təşviq edirlər. Afrikada səbirli, macəranı və riski sevən insanlar uğur qazana bilər.
- İş adamları əsas hansı məsələni diqqətdə saxlamalı olurlar?
- Hər bir şirkətin özünəməxsus qaydaları var. Bəzi şirkətlər var ki, riski öz üzərlərinə götürmək istəmirlər. İnsanları pul üçün oğurlaya bilərlər, amma bu hallar tez-tez baş vermir. Bu hal baş verən zaman həmin insanları öldürmürlər, pul müqabilində buraxırlar. Həyat yoldaşımın çalışdığı neft şirkətinin qaydalarına görə, yaşadığımız evdən 20 kilometr uzağa gedə bilmərik. Şirkətin qaydasına görə, hətta maşın da sürə bilmərik. Amma bu o demək deyil ki, digərləri sürmür. Elə insanlar var ki, öz şirkətini qurub və avtomobilini də özü idarə edir. Bəzən şirkətin bu qaydaları bizə mənasız görünür, amma başa da düşürük və əməl də edirik. İnsanlar var ki, heç bir problemsiz şimala qədər də gedə bilir.
Bütün bunlara baxmayaraq Afrikanı çox sevirəm. Həyat yoldaşım deyəndə ki, biz Nigeriyaya gedirik, ağlamışdım və gəlmək istəməmişdim. İnsan oğurluğu haqqında eşitmişdim və məndə təəssürat yaranmışdı ki, biz cəngəlliyə gedirik. Həyat yoldaşım supertmarketlərin şəkilini göndərib burada hər şeyin olduğunu mənə isbat etməyə çalışırdı. Amma bura gələndə çantamda alüminium kağıza qədər gətirmişdim.
- Nigeriya sizə ən çox nəyi öyrətdi?
- Deyərdim ki, burada çox şey öyrəndim. Yeri insanlarla çox əlaqə qururam, marketlərə çox gedirəm. Yaşadığım ölkəni daha dərindən tanımaq istəyirəm. Çoxlu xeyriyyə layihələrində iştirak edirəm, könüllü olaraq bir neçə təşkilatın idarə heyətində çalışıram. Bu təşkilatlar hər il Afrikanın ən böyük xeyriyyə tədbirini təşkil edir, 30-dan çox ölkənin stendi olur. Artıq neçə illərdir Azərbaycanın stendi də bu ölkələrin sırasına qatılır. Tək olmağıma baxmayaraq, bunun öhdəsindən gələ bilirəm. Bu tədbirə 3500-4000 arası insan daxil ola bilir. Təhlükəsizlik baxımından bu cür tədbirlər açıq keçirilmir, ora bilet alıb daxil olurlar. Bu tədbirlərdən gələn gəlir Azərbaycanın adından məktəblərin tikintisinə yönəldilir.
Həyata keçirdiyimiz layihələr əsasında yarımçıq qalmış bir məktəbin Azərbaycanın Dostları Təşkilatı vasitəsilə ölkəmiz adından tikintisini başa vurduq. Artıq ikinci məktəbin tikintisinə başlamışıq.
Təhsil mənim üçün önəmlidir, cəmiyyəti dəyişir. Bu kimi cəmiyyətləri bizim verdiyimiz qida dəyişə bilməz. İnsanlarla danışmaq, onlara təhsil vermək lazımdır, əks halda cəmiyyət məhv olar. Yaşadığımız yerdən, hansı ölkənin vətəndaşı olmağımızdan asılı olmayaraq təhsilə hər zaman yardım etməliyik. 7 illik təcrübəmdən görürəm ki, bəzi təşkilatlar ancaq ərzaq yardımı edir. Qidanı nə qədər vermək olar?
Hesab edirəm ki, bu kimi cəmiyyətlərdə yerli əhalini savadlandırsaq, onlar özlərini necə inkişaf etdirməyi, kasıbçılıqdan necə yaxa qurtarmağı öyrənərlər.
- Bu ölkədə minimum maaş nə qədərdir?
- Rəsmi statistikaya əsasən, burada minimum əməkhaqqı 50 dollar civarındadır. Bəzən bu, heç 50 dollar da deyil. Ümumiyyətlə, ölkədə işsizlərin sayı çoxdur. İnsanlar daha çox günəmuzd pul qazanırlar. Rəsmi statistikaları da doğru deyil. Bizim evdə iki qeyri-rəsmi işçi var. Burada maddi durumu bir az yaxşı olan insanların evində dayələr, xidmətçi və aşpazlar var. Onlar nigeriyalıların evində daha az maaş alır, nəinki bizim evlərdə. Əgər onlar 50 dollar əməkhaqqı verirlərsə, biz onlara 200 dollar ödəyirik. Onlar bunu etiraf edirlər ki, xarici vətəndaşlar onlarla daha yaxşı davranırlar, nəinki nigeriyalılar.
Demək olar ki, bir-birinə qarşı hörmət o qədər də yüksək səviyyədə deyil. Ona görə də yerli insanlar daha çox xarici vətəndaşların evində çalışmağa üstünlük verirlər. Onlar gün ərzində 8 saat işləyir, 2 saat nahar fasiləsi verilir. Əgər iş saatından əlavə işləyirlərsə, biz onlara hər saata görə əlavə ödəniş edirik. Onların əmək müqaviləsi yoxdur, buna görə də ölkədə işsizlik çoxdur.
- Vergi dövriyyəsi necədir, yüksəkdirmi?
- Avropa ilə müqayisədə Nigeriyada vergilər çox azdır. Ümumiyyətlə, Avropa ilə müqayisədə Azərbaycanda da vergi çox azdır. Fransada isə az qalsın nəfəs almaq üçün də vergi tələb olunur. Burada insanlar su, elektrik pulu ödəmirlər. Elektrik enerjisi gündə 1 saat verilir, amma elə yerlər var ki, orada ümumiyyətlə, işıq yoxdur. Statistik məlumatlar var, amma bizim üçün bu, doğru məlumat deyil. Bəzən statistikaya baxıb hərəkət edirik, halbuki orada real vəziyyət əks olunmur.
- Kirayə mənzillərin və ya obyektlərin qiyməti necədir?
- Mənzillərin və obyektlərin kirayə qiymətləri çox yüksəkdir. Bazarda süni qiymət bahalaşması var. Ölkə turistlər üçün elə də maraqlı deyil. Bizim qaldığımız mənzilin aylıq icarəsi 3500 dollardır. Bu vəsaitə işıq, su, telefon və digər xidmətlər daxil deyil. Fransa kimi bir ölkədə icarə haqqı burdakı qiymətlərdən aşağıdır. Təbii ki, qiymətlər yaşadığımız əraziyə görə dəyişilir. Buna görə də burada insanların çoxunun evi yoxdur, kirayələrdə yaşayır.
Ümumiyyətlə, Nigeriyada torpağın sənədləşmə prosesi çox çətindir. Burada illərdir özünə həyata qurmuş xarici iş adamları var ki, hələ də kirayədə qalırlar. İnsanlar bu qədər pulu icarəyə verməyi qəbul edirlər, amma ev almaq istəmirlər. Çünki sonradan həmin evin başqa bir adama satılması kimi bir məsələ də ortaya çıxa bilər. Ona görə hər kəs başı ağrımasın deyə, kirayədə yaşamağı üstün tutur.
Sistemdə qabarıq şəkildə müəyyən çatışmazlıqlar var. Vəziyyətin düzəlməsi isə çox-çox uzaq görünür. Amma biz bunun pozitiv tərəfinə baxırıq. Fransada əldə etmədiyimizi burda əldə edirik. Hansı ki, burada hava şəraiti həmişə istidir, bu da xüsusilə uşaqlı ailələr üçün bir üstünlükdür. Yəni mövsüm dəyişilmir, temperatur 36 dərəcəyə qədər qalxır, yağış yağanda isə 22-25 dərəcəyə düşür. İstəsən 24 saat dayən, xidmətçin, hətta aşpazın da ola bilər. Bu kimi avantajları var.
Yoldaşınızın Nigeriyada biznesi varmı?
- Yoldaşım İtaliyanın "Saipem" neft-qaz şirkətində işlədiyi üçün müqavilə ilə Nigeriyaya gəlib. Bu şirkətdən sonra ABŞ-ın “Halliburton” şirkətindən iş təklifi aldı. Məkanı dəyişmədik, sadəcə olaraq şirkət dəyişildi. Həyat yoldaşım ancaq öz işi ilə məşğuldur.
- Övladlarınızın Nigeriya mühitinə, təhsil sisteminə uyğunlaşması çətin olmadı ki?
- 2013-cü ildə bura gələndə böyük oğlum 15 aylıq idi, artıq 8 yaşı olacaq. İkinci oğlumun Fransada doğulsa da, Nigeriyada böyüyüb, onu 6 yaşı olacaq. Üçüncü oğlumun isə Nigeriya vətəndaşıdır, 4 yaşı olacaq. Uşağın burda doğulması mənim seçimim oldu. Şirkət qanunlarına görə, biz Fransaya geri dönməliydik və uşaq dünyaya gəldikdən sonra yenidən Nigeriyaya qayıtmalıydıq. Amma mən ölkənin səhiyyəsinə inandım və heç bir yerə getmədim. Varlı nigeriyalılar adətən ya İngiltərəyə, ya da Amerikaya gedirlər.
Doğrudur, bu, bir az vətəndaşlıq almaqla, bir az da səhiyyə sisteminə inamla bağlı olan bir seçimdir. Onlar bu səbəblərdən uşaqlarının xarici ölkələrdə dünyaya gəlməsini istəyirlər. Mən qərar verəndə hamı şokda idi. Uşaqlar burda böyüdükləri üçün mühitə uyğunlaşmaları çox asandır. Onlar əksinə, qışda Fransaya getdiyimiz zaman daha çox çətinlik çəkirlər.
Əvvəllər buranın hava şəraitinə uyğunlaşmaqda çətinlik çəkdim. Hava çox rütubətli olduğu üçün bütün gün sərinkeş işləyirdi. Artıq buna öyrəşmişəm, mən də uşaqlar kimi, soyuq havada çətinlik çəkirəm. Bura gələnə qədər soyuq havanı sevirdim. Burada günorta saatlarında hava çox isti olur. Çalışırıq ki, həmin vaxt evdən çıxmayaq. Amma saat 5-dən sonra çox gözəl havası olur. Artıq ölkəyə öyrəşmişik.
Təhsilə gəlincə, hər bir ölkədə olduğu kimi, burada da beynəlxalq məktəblər var. Nigeriyada dövlət və özəl məktəblərlə yanaşı, amerikan, ingilis, fransız məktəbləri də fəaliyyət göstərir. Seçim insanların maliyyə vəziyyətindən asılı olaraq dəyişilir. Bizim uşaqlar fransız məktəbinə gedir. Məktəb Fransa Təhsil Nazirliyi tərəfindən idarə olunur.
- Azərbaycanda biznes qurmaq haqda fikirləşirsizmi?
- Bəli, bu barədə fikirləşirəm. Bu, ölkəyə turistlərin cəlb edilməsi istiqamətində olacaq. Çünki hazırda Azərbaycanda bu sahədə boşluqlar var. Çox ölkələr gəzdiyim üçün bu fərqi hiss edə bilirəm. Lahıc turistlərin ocağıdır. Uşaqlıqdan o yerlərdə böyüdüyüm üçün çox turistlər gördüm. Azərbaycanda istər yerli insanlara, istərsə də xarici vətəndaşlara xidmət yüksək səviyyədə deyil.
İnsanlar işlərinə bir az məsuliyyətsiz yanaşırlar. Bu da insanların işi sevməməsindən irəli gəlir. Onlar sadəcə olaraq pul qazanmaq xatirinə bu işi görürlər. Bəzən elə tur rəhbərləri Lahıca turistlər gətirilər ki, onlar ingilis dilində normal danışa bilmirlər. Bu da utandırıcı bir haldır. Turizm sahəsində hansısa biznesi qurmaq fikrindəyəm və hazırda o plan üzərində işləyirəm.
- Büllurə xanım, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.
- Mən təşəkkür edirəm.
Müəllif: Yeganə Oqtayqızı