hemle

Sultan Səlimin qərarı, Cümhuriyyətin ilk bayrağı

Tarix:21-06-2020, 15:31
Baxış Sayı:1 047

1918-ci il iyun ayının 21-də Gəncədə Azərbaycan Cümhuriyyəti hökuməti qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və səkkizguşə ulduz təsvir edilmiş bayrağı dövlət bayrağı kimi qəbul edir. Həmin ilin 9 noyabrınadək başımızın üstündə dalğalanan bu bayraq, əslində, Bakını işğaldan azad etməyə gəlmiş Qafqaz İslam Ordusunun tabe olduğu Osmanlı imperatorluğunun bayraqlarından biri idi.

III Səlimin qərarı

Osmanlı sultanı III Səlimə qədər dövlətdə daha çox yaşıl və ağ rəngli bayraqlardan istifadə olunub və üzərində ulduz olmayıb. Yenilikçi və sənətkar dünyagörüşünə malik olan III Səlim 1793-cü ildə qırmızı rəngli parçanın üzərinə səkkiz guşəli Zöhrə ulduzunu və ayparanı əlavə edərək bayraq kimi qəbul edilməsini əmr edib. Türkiyənin indiki beşguşəli ulduzlu bayrağı isə ilk dəfə 1826-cı ildə Sultan II Mahmudun dövründə qəbul olunub. Türkiyədə I Məşrutiyyət dönəmində 18 fərqli ölçüdə və növdə bayraq və sancaqdan istifadə olunub.

Azərbaycan Cümhuriyyətinin ilk bayrağı III Səlimin dövründə qəbul edilən bayraq olub. Bunun səbəbi isə aydın idi. Cümhuriyyət Tiflisdə elan olunduğu zaman nə ordusu, nə büdcəsi, nə də ki ərazilərimiz üzərində hakimiyyəti vardı. Osmanlı dövləti ilə imzalanan Batum müqaviləsindən sonra Qafqaz İslam Ordusu Azərbaycanda faktiki real gücə çevrildi və iyun ayının 21-də qəbul edilən bayraq da bu siyasi ortama uyğun şəkildə oldu. Təsadüfi deyil ki, AC Təriq və Məabir Nəzarətinin (Yollar Nazirliyinin) gəmiləri üçün 1 avqust 1918-ci ildə kiçik dəyişikliklərlə Türkiyə ticarət gəmilərinin bayrağı örnək kimi qəbul edildi.

8 guşənin anlamı

Bayraqdakı aypara və 8 guşəli ulduz barədə müxtəlif versiyalar irəli sürülüb. Cəfər Cabbarlı “Azərbaycan bayrağına” adlı şeirində belə ifadə işlədib:

Səkkiz künclü şu yıldız da səkkiz hərfli od yurdu

Əsarətin pəncəsindən fürsət bulmuş quş kimi

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı

Yurdumuzu qucmuşdur.

Təbii ki, bunlar şairin təxəyyül məhsulu idi. Çünki 1793-cü ildə Osmanlıda qəbul edilmiş bayraqdakı aypara və 8 guşənin başqa anlamı olmalı idi. 8 guşəli ulduz Səlcuqlar dövrünə aid abidələrdə çox istifadə olunub və Türküstan ulduzu kimi də ifadə edilir. İslam dinində də 8 guşənin və 8 rəqəminin xüsusi önəmi var. Cənnətin 8 qapısı, Tanrı ilə insan arasındakı mizan ölçüsü kimi inanclar mövcuddur. Həmçinin İslamın 8 prinsipi ilə də izah edilir: Mərhəmət, səbir, doğruluq, sirr saxlamaq, sədaqət, təvazökarlıq, comərdlik, şükür etmək. Zöhrə ulduzunun, yəni Veneranın da simvolu olan 8 guşə ulduz iki kvadratın iç-içə keçməsindən yaranıb, Tanrının 4 yer və göy güclərinə hakimliyini də simvolizə edir. Ona görə də Səlcuq dönəmindən etibarən Azərbaycan da daxil olmaqla türk bölgələrində memarlıq abidələrində, məzarlıqlarda 8 guşə simvolu geniş istifadə olunub. Qədim inanclarda ayın hilal formasında (aypara) çıxması və Zöhrə ulduzu ilə (8 guşə ilə) bir araya gəlməsi xeyir və bərəkət simvolu hesab edilib. Buna görə də bir çox dövlətlərin bayraqlarında ay və ulduz simvolları mövcuddur. Təsadüfi deyil ki, İslamdan öncə qurulan Ağ Hun dövlətinə aid sikkələrdə də ulduz və aypara təsviri vardır.

İlk bayrağın olduğu xalça


Azərbaycanda ilk bayrağımızın təsviri olan xalça qorunub saxlanılır. Xalçanın yuxarısında və aşağısında ərəb əlifbası ilə bu iki beyt yazılıb:

Zikr edər cinn, mələk, həm insan:

Yaşasun dövləti-Azərbaycan!

Hürr, azadə yaşatsun hamunu,

Həmhüquq olsun ər ilə nisvan

(yəni: kişi ilə qadın eynihüquqlu olsun).

Yuxarıdakı beytin altında tarix qeyd olunub: 1345. (Bu, miladi tarixlə 1926-cı il edir). Bayrağın üstündə “Azərbaycan bayrağı” yazılıb. Bayrağın altında “Mir Fəsih” sözü oxunur. Bu, çox güman ki, şairin təxəllüsüdür.

Yeni bayraq

1918-ci il 11 noyabr tarixli “Azərbaycan” qəzeti hökumətin 9 noyabr tarixli iclasının yeni bayrağımız haqqında qərarından söz açaraq yazırdı: “Yenə həman iclasda Azərbaycan bayrağı layihəsi təsdiq edilmişdir. Bayraq yaşıl, qırmızı və mavi rəng olub, üzərində hilal və 8 guşəli yıldız olacaqdır”. Üstünə türklüyün rəmzi olan mavi rəng və islamın rəmzi olan yaşıl rəng artırılmış yeni bayrağın ortasındakı qırmızı rəngli hissədə Osmanlı bayrağının özəyi saxlanılmışdı. Ancaq az sonra ingilislərin rəhbərliyi altında Bakıya girən Müttəfiq qoşunlarının rəhbərliyinə bu, çağdaş Avropa demokratiyasının rəmzi kimi izah edildi və həmin aydınlatma bugünədək öz qüvvəsindədir.

Qırmızı rəng isə Səlcuq və Osmanlının xanədanlıq rəngi idi və qədim şaman inanclarından gəldiyi bildirilir.

Müəllif: Dilqəm Əhməd

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı