O məşhur restoranda Eldar Əzizova qonaqlıq vermək istəyirəm...
Sərt karantin rejiminin başlamasına cəmi bir saat qalsa da, Bakı küçələrində şütüyən maşınların ardı-arası kəsilmirdi. Biz Azərbaycanın böyük ədibinin adını daşıyan kiçik parkda xeyli gəzib-dolaşandan sonra dostlarımızdan biri çay içməyi təklif etdi. Üçümüz də eyni vaxtda dilləndik: “Bu vaxt çayxana işləyir?”
Cavabı belə oldu: “Çayxana da işləyir, meyxana da”.
Təəccüblə ona baxdığımızı görəndə, əlavə izahat verməli oldu: “Sizin dediyiniz qadağalar yetim-yesirə aiddir. Mənim dediyim restoranların arxasında elə məmur dayanır ki, heç kim ora yaxın dura bilmir”.
Əmək müqaviləsi ilə fəaliyyət göstərən baş redaktor kimi mənim respublika ərazisində sərbəst hərəkət etmək hüququm var. Amma digər dostlarım bu hüquqdan məhrum olduqları üçün qərara aldıq ki, evlərimizə dağılışaq. Axı saatın əqrəbləri bir yerdə dayanmır. Bir azdan sərt karantin rejimi başlayacaqdı...
Dostlarımız maşına əyləşib öz evlərinin yolunu tutandan sonra bir az əvvəl çay içməyi təklif edən tələbə yoldaşımın yaxasından yapışdım: “Məni karantin rejimini pozan restoranlardan birinə apar. Reportaj yazmaq istəyirəm”.
Biz iki küçə keçib sağa burulandan sonra işıqları göz qamaşdıran nəhəng bir restorana çatdıq. İnsanların diqqətini çəkməmək üçün maskalarımızı bir az da yuxarı qaldırıb, həyətə daxil olduq. Bizi çənəsinin altından ən azı yarım kiloqram piy sallanan bəstəboy administrator qarşıladı. Aramızda belə bir dialoq baş tutdu:
- İşləyirsiniz?
- Biz sutkanın 24 saatı işləyirik...
- Nə yaxşı dəyib-olaşan yoxdur?
- Bakının yiyəsi mənəm. Kim bizə dəyib-dolaşa bilər?
- Mən də elə bilirdim, Bakının yiyəsi Eldar Əzizovdur...
- Eldar Əzizov kimdir?
- Sabah bilərsən...
Oğlandan xahiş etdim ki, bizə münasib yer göstərsin. Məqsədim içəridə müştərilərin olub-olmadığını dəqiqləşdirmək idi. Administratorun şübhəli baxışları altında restoranı dövrə vurduq. Saatın əqrəbləri 12-nin üstündə cütləşməyinə baxmayaraq, ən azı 30 masa doluydu. Qəlyanın qoxusu ürəyimi bulandırdığı üçün o məkanda çox dayana bilmədim...
Mən maaşla dolanan kasıb jurnalistəm. Var-dövlətim başımdan aşmır. Büdcəm məhdud olsa da, geniş ürəyim var. Pandemiya ilə mübarizəyə töhfə vermək, yəni, qanunsuz fəaliyyət göstərən bir obyektin yerini nişan vermək üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu o məşhur restoranda şam yeməyinə dəvət edirəm. İnanıram ki, Bakı meri ilə özünü “Bakının yiyəsi” sayan o yekəxana administratorun görüşü maraqlı olacaq...
P.S. Eldar müəllim karantin rejimini pozmaq istəməsə, ayaqüstü tanışlıqdan sonra söhbətimizi onun geniş və işıqlı kabinetində davam etdirə bilərik. 20 ilin icra başçısı ilə 22 ilin jurnalistinin söhbəti də maraqlı olar...
Seymur VERDİZADƏ