Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlunun və Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, şair-publisist Tural Turanın “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan barədə dünən sosial media hesablarında sərt etirazlarını bildirmişdirlər. Bu barədə ONN media -nın Emil Rasimoğlu ilə hazırladığı müsahibəni oxuculara təqdim edirik.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana bildirdiyiniz etirazınız barədə danışmağınızı istərdim.
Mən bununla bağlı yazdığım yazıda da fikirlərimi bildirmişəm. Fikirlərimin də əsasında həmin qəzetdə Hacı Şahin Həsənlinin ədəbiyyata aid olmayan yazısının dərc olunması dayanır. Yaxşı, Hacı Şahinin “Ədəbiyyat qəzeti”ndə çıxış etməsinin məsuliyyətini Azər Turan daşımırmı? Baş redaktorsansa birbaşa həm qərar verən, həm də cavabdeh şəxssən. Bilirsiniz, bu hal birinci dəfə deyil. Bu tərzdə mətnlə heç bir əlaqəsi olmayan yazılar çox çap olunub o qəzetdə. Mən də birinci dəfə deyil tənqid edirəm. Yetərincə iradlarımı bildirmişəm müxtəlif zamanlarda. Deyə bilərsiniz ki, uğurlu mətnlər olmayıbmı? Uğurlu mətnlər də olub və yeri gəlib həmin imzalara görə təqdir də olunub. Amma uğurlu mətnlərin şəxsən “Ədəbiyyat qəzeti”ndə dərc olunması bizi niyə heyrətləndirməlidir ki? Bu ədəbiyyata, sənətə məxsus mətbu orqandısa burada sənəti, ədəbiyyatı əks etdirən yazılar çap olunmalıdır da. Nə çap olunasıdır, bəs? Azər Turanın borcudur ki, “Ədəbiyyat qəzeti”ndə istedadı dərc etsin. Bu heç müzakirə belə olunmamalıdır. İstedadı kimi çap edəcək ki? Bəli, əsas bizi heyrətləndirən dediyim kimi, ədəbiyyata aidiyyatı olmayan yazıların o qəzetin səhifələrində görünməyidir. Baxın, məsələ də, problem də buradadır. Digər tərəfdən, hər beş nəfərdən üçü deyir ki, Azər Turan “Ədəbiyyat qəzeti”nin qapılarını hər kəsin üzünə açdı. Elə bilirsiniz bu yaxşı hal oldumu? Yaxşı etdi açdı? Elə ona görə gəlib bir gün də Hacı Şahin çıxdı o qəzetin səhifələrinə. Demək qapını bəzən də bağlamağı bacarmalısan.
Azər Turanın istefası ilə bağlı çağırış etmisiniz, sərt etirazlardan sonra istefa verəcəyini düşünürsüzmü?
İstefa məsələsinə gəldikdə mən məlum yazıda üzümü Azər Turana tutub dedim ki, əgər o yazıları sən öz qərarınla, ixtiyarınla çap edirsənsə səni tarix bağışlamayacaq.Yox əgər məcbur çap edirsənsə götür bir istefa ərizəsi yaz amma çap etmə. Bəlkə, doğru deməmişəm? Bir ölkənin, dövrün ədəbiyyat tarixini yaradan qəzetdən söhbət gedir. Qaldı ki, Azər Turanın istefa verməyinə hesab edirəm ki, bu məqamda bu ən gözəl addımdır. Görək zaman nə göstərir.
Azər Turan istefa verərsə onun vəzifəsini kimin tutmasını istərdiniz?
Bu gün bu ədəbi mühitdə kifayət qədər istedadlı, potensialı olan gənc nəsil var. Ancaq söhbət baş redaktorluqdan gedirsə burada istedadla birlikdə gərək sənin ədəbiyyat prinsiplərin, qətiyyətin ola. Yəni istedadı çap etdiyin kimi istedadsızı, ədəbiyyatla əlaqəsi olmayan yazıları da çap etməməyi bacarasan. Bu baxımdan istedadlar arasında bu tələbləri özündə əks etdirən imzalar bu gün çox azdı. Hətta lap çox. Amma az olmağına baxmayaraq yenə də var. Məsələn, Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, şair-publisist Tural Turan. Kifayət qədər qəzetçilikdən xəbərdardı, təcrübəsi, istedadı, tələbkarlığı var, mətni tanıyıb dəyər verən adamdı. Bu sizin sualınıza cavab. Amma yeri gəlmişkən bir məsələni də deyim. Mən bu təklifi bu yaxınlarda “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadəyə də etmişdim. Baxın, bu gün elə həmin Azər Turana da edirəm bu təklifi. Versin “Ədəbiyyat qəzeti”nin iki sayını biz çıxardaq. Biz yəni adını çəkdiyim Tural Turan və mən. Versin çıxardaq və göstərək ki, ədəbiyyat adına işıq üzü görən qəzet bütövlükdə necə olmalıdır.
Gənc yazarların bu kimi problemlərlə qarşılaşmasının əsas səbəbini nədə görürsünüz?
Bunun bir səbəbi var o da baş redaktorların işində tələbkar, məsuliyyətli olmaması.
Hacı Şahin Həsənlinin çap edilən yazıları ilə yazdığınız fikirlər kimlərisə narhat etdimi?
Təbii ki, etdi.Öncə deyim ki, hər kəs öz dərki qədərində fikir bildirir. Bu öz yerində.Digər tərəfdən, bilirsiniz çox qəribədi. Mən bəhs etdiyim mövcud problemdən danışıram, əksəriyyət mənə Azər Turanın insanlığından, şəxsiyyətindən, savadından danışır. Bunların mənim ortaya qoyduğum problemlə nə əlaqəsi? Mən çox gözəl bilirəm ki, bu məsələyə qarşı səslənən hansı fikir kortəbii düşüncədən, hansı fikir şəxsi münasibətdən və digər bu kimi amillərdən yaranır. Ancaq bu fikirlər məni qəti narahat etmir. Mənim vicdanım, mövqeyim, istedadım bəllidir. Onu Azər Turan da gözəl bilir ki, mən söz açdığım mövzuda nə dərəcədə haqlıyam. Hay-küy, bəsit-bəsit ifadələr heç nəyi ört-basdır edə bilməz.
Təşəkkür edirəm Emil bəy.
Siz sağ olun, Səidə xanım.
Səidə Seyidova
ONN İnformasiya Agentliyi