Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tərəfdaş 26 qurumla birgə keçirilən qrant müsabiqəsinin nəticələri 5 martda açıqlansa da, pandemiyasının yayılmasının qarşısını almaq üçün ölkə üzrə tətbiq olunan gücləndirilmiş karantin rejimi səbəbi ilə layihələrin icrası məhdudlaşdırılıb.
Artıq karantin rejimində yumşaldılmalar var, bir çox fəaliyyət sahələri bərpa olunub.Maraqlıdır, QHT-lər yarımçıq qalmış layihələri nə zaman davam etdirəcək?Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Cebhe.info-ya açıqlamasında deyib ki, hazırda QHT-lərlə qrant müqavilələrinin imzalanması prosesi həyata keçirilir:“Şura koronavirus pandemiyası (COVID-19) ilə bağlı karantin rejiminin tətbiq olunduğu ilk günlərdən etibarən öz işini mövcud tələblərə uyğun şəkildə qurdu və ötən iki ay müddətində effektiv və çoxşaxəli fəaliyyət göstərdi. Eyni zamanda, ötən müddətdə Şuranın 2020-ci il qrant müsabiqələrinin qalibi olan 430-a qədər QHT layihəsi ilə də bağlı müqavilələrin bağlanması prosesinə hazırlıq görülüb. Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, mayın 31-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunub. Bununla əlaqədar Şura Katibliyi bir neçə gündür fəaliyyətini öz ofisindən əvvəlki qaydada davam etdirir. Hazırda QHT-lərlə qrant müqavilələrinin imzalanması prosesi həyata keçirilir. Müqavilələrin imzalanması başa çatdıqdan sonra QHT-lər layihələrin icrasına başlayacaq. Məlumat üçün bildirim ki, bütün bütün müqavilələr SƏLİS sistemi çərçivəsində elektron qaydada bağlanılır. Bir məsələni də qeyd edim ki, prosesin sürətlənməsi həm də QHT-lərin Katiblik əməkdaşları ilə onlayn kommunikasıyasının operativliyindən asılıdır. Ona görə bütün QHT-ləri Şura Katibliyinin sorğularını mümkün qədər sürətli cavablandırmağa çağırırıq”.