İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında ölkənin bütün nüvə obyektlərindən imtina ilə bağlı ABŞ-la müzakirələrin qəbuledilməz olduğunu bildirib.
Onun sözlərindən "Didar News" sitat gətirib.
"İran nüvə silahı yaratmağa can atmır. Onlar (ABŞ) bizə dedilər ki, bizim nüvə silahı əldə etmək istəmədiyimizə əmin olmaq istəyirlər - biz buna tam hazırıq", - siyasətçi bildirib.
O əlavə edib ki, Tehran dinc nüvə proqramı çərçivəsində tədqiqatlardan əl çəkməyəcək, çünki ölkə alimlərinin bu sahədə əldə etdiyi nailiyyətlər tibb, kənd təsərrüfatı, sənaye və ətraf mühitin mühafizəsində istifadə olunur.
Mayın 11-də Omanın Maskat şəhərində İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu keçirilib. Görüşdən sonra Oman Xarici İşlər Nazirliyi nüvə məsələsində tərəflərin mövqelərinin yaxınlaşdığını açıqlayıb. Müzakirələrin yeni raundu daha təfərrüatlı olub: Tehran və Vaşinqton baxışları fərqli olan məsələlərə toxunub və onlar bir-birlərinin mövqelərini daha yaxşı başa düşə biliblər.
Oman Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Tehranın dinc nüvə enerjisini inkişaf etdirmək hüququnu saxlamaqla, sanksiyaların ləğvi müqabilində İranın nüvə silahının hazırlanmasından tamamilə imtina etməsini nəzərdə tutan sazişi müzakirə ediblər.