Son vaxtlar koronavirus pandemiyası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də bu virusun ümumiyyətlə mövcud olmaması haqda şayiələrdir. Bəzi şəxslər dünyada belə bir xəstəliyin olmadığını, qlobal güclərin hansısa maraqlar naminə bunu uydurduğunu iddia edirlər.
Mövzu ilə bağlı fikirlərini bölüşən əməkdar jurnalist, politoloq Aynur Camalqızı bu məsələdə ölkəmizdə informasiya siyasətində yol verilmiş yanlışların da rol oynadığını deyib. O, ayrı-ayrı şəxslər tərəfindən virusla bağlı həqiqətlərin gizlədilməsinin pandemiyanın daha da yayılmasına gətirib çıxardığını bildirib:
“Koronavirusdan dünyasını dəyişmiş adam barədə mediada informasiya veririk. Ölkənin bütün hörmətli insanlarını minnətçi salırlar ki, xəbəri silin. Bu nə zehniyyətdir, nə məntiqsizlikdir?! Bu xəstəlikdən ölmək, bu virusa yoluxmaq ayıbdırmı? Bunu gizlətmək daha təhlükəlidir axı. Bütün dünyanın əziyyət çəkdiyi pandemik infeksiyadır. İngiltərənin Baş naziri bu xəstəliyə tutuldu. Dünyanın ən tanınmış insanları yoluxur və çıxıb xəstəliyini bəyan edir ki, özünüzü qoruyun. Bizdə isə “fatmanisə-tükəzban zehniyyəti” ilə gizlədirlər, üstü açılanda əl-ayağa düşüb ört-basdır etməyə cəhd edirlər. Əksinə, açıqlamaq lazımdır ki, bu virusun mövcudluğuna inanmayıb məsuliyyətsizcə qorunmayanlara, maska taxmadan küçəyə çıxanlara bəlkə siqnal olsun… Dünya iqtisadiyyatı COVİD-19-a görə 4 trilyon dollar ziyana düşüb, bizimkilər deyir, maska satmaq üçün bu xəstəliyi uydurublar. 30 qəpiklik maska ilə nə qədər qazanmaq olar bu boyda itkinin, zərərin qabağında?”
A.Camalqızının sosial şəbəkədə qeyd etdiyi məqamlar reaksiyalar doğurub. Hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, bəzən koronadan sağalan xəstələr evə buraxıldıqdan sonra virusa yoluxmadıqlarını, başqa xəstəlik səbəbindən müalicə aldıqlarını deyirlər:
“Sağalanlar xəstəxanadan çıxandan sonra qohum-qonşulara deyirlər ki, başqa xəstəlik idi, sadəcə həkimlər belə yazdı ki, pul alsınlar. Beləcə insanlar arasında şayiə yayılır”.
Hakimlər də tez-tez bildirirlər ki, bəzi xəstələr virusa yoluxsalar da, bunu gizlətməyə çalışırlar və həkimə gec müraciət edirlər. Bu isə virusun başqa insanlara keçməsinə və həmin xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Halbuki koronavirusla bağlı bütün məsələləri ictimaiyyətə açıqlamaqla həm xəstəliyin nə qədər təhlükəli olduğunu göstərmək, həm də virusun daha da yayılmasının qarşısını almaq mümkündür.
Müzakirələrdə əsas məqamlardan biri də koronavirus pandemiyası ilə bağlı qanun qəbulu təklifidir. A.Camalqızı qeyd edib ki, bir insanın icazəsi olmadan şəxsi məlumatlarının ictimailəşməsi barədə qanunvericilik koronavirus xəstələrinə şamil edilməməlidir:
“Koronavirus utanmalı bir xəstəlik deyil, dünyanın bəlasına çevrilib və şəxsi məlumat olmaqdan çıxıb. Əksinə, koronavirus xəstələrinin adı da, yaşadığı ünvanı da açıqlanmalıdır ki, insanlar daha tədbirli olsunlar. Bu gizlədikdə isə xəstə xanına gedənlər də yoluxa bilər. Ona görə bununla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir”.
Bu fikirlərin davamı olaraq qeyd edək ki, koronavirusun bu qədər sürətlə yayılmasının əsas səbəbi Çinin dünyanı bu xəstəliklə bağlı vaxtında məlumatlandırmamasıdır. Dünyanın bir çox ölkəsi Çini koronavirusu gizlətməkdə, dünya ictimaiyyətinə gec məlumat verməkdə ittiham edir və rəsmi Pekini külli miqdarda təzminat ödəməyə məhkum etmək istəyir. Yəni hətta dünya ölkələri də koronavirusa yoluxmuş şəxslərlə bağlı məlumatın gizlədilməsinin böyük fəsadlara yol açdığını qeyd edirlər.
ONN İnformasiya Agentliyi