Azərbaycanda koronavirusla bağlı tədbirlərin davam etməsi ilə yanaşı bəzi şəxslər bu virusun ümumiyyətlə mövcudluğunu şübhə altına alır. Digərləri isə virusun "deyildiyi qədər təhlükəli" olmadığı qənaətindədir.
Bəs niyə bəzi vətəndaşlar ölkədə koronavirusla bağlı yayılan xəbərlərə etimadsızlıq göstərirlər? Ayrı-ayrı şəxslərin inamsızlığı ciddi problemlər yarada bilərmi?
Təhlilçilər hesab edir ki, "Azərbaycanda əhalinin inamsızlığı siyasi səbəblərdən qaynaqlanır".
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva BBC News Azərbaycancaya deyib ki, yoluxmuş şəxslərlə bağlı geniş məlumatın olmaması inamsızlığa gətirib çıxarsa da, qurum "xəstələrin məxfiliyinin qorunması üçün" adları açıqlaya bilmir.
Rəsmi məlumatlara görə, Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini ötüb. İndiyədək bu virusdan 1500-dən çox şəxs sağalıb, 25-dən çox şəxs vəfat edib.
Koronavirusa yoluxmuş 28 yaşlı Cahid: "Ən yaxın insandan belə şübhələnməlisən"
Boris Johnson: Mənə "litrlərlə" oksigen lazım idi
Koronavirus dünyanı yeni böhrana salır. Niyə yoxsul ölkələr digərlərindən daha çox əziyyət çəkirlər?
"Atam, bacım, qardaşım tutsa, inanardım"
Bakı sakini Anar Hüseynov BBC News Azərbaycancaya deyir ki, hələ ki, yaxınları və ya tanışlarından bu virusa yoluxan olmayıb və bu onda inamsızlıq yaradıb.
"İndi sosial şəbəkədövrüdür. Heç nə gizli qalmır. Hamı hər şeyi çəkib paylaşır. Karantin adı ilə insanları xəstəxanaya yığırlar. Müalicə yox, qulluq yox, 14 gündən sonra da deyirlər ki, sağaldınız, durun gedin evinizə.
Yalnız ailə üzvüm - atam, bacım, qardaşım virus tutsa inanardım. Məncə, bu, bir oyundur, qorxulu olmayan virusu elə şişirdib reklam edirlər ki.. İnsanlar qorxudan ölür, xəstəlikdən yox. Yeganə çıxış yolu televizora baxmamaq və həmin virus barədə heç bir informasiyanı dinləməməkdir".
Anar Hüseynov bütün baş verənlərin səbəbini "böyük dövlətlərin savaşı" hesab edir.
"Uşaqlar həmişəki kimi futbolda, mən də yürüşdə. Təmizlik, gigiyena həmişəki qaydasında davam edir. Maska və spirt isə istifadə etmirik. Avtobuslar, banklar insanlarla doludur, insanlar az qala bir-birinin ağzına girir, maska taxan nadir halda görürük. Ümumiyyətlə, bizim insanlarımız "boş verməyi" bacarır. Bu isə yaxşı haldır, çünki ciddiyə varsalar məhv olarlar".
"Bu siyasi və çirkli oyundur"
Digər bir Bakı sakini Rəşad Məmməd isə virusun mövcudluğuna inandığını, lakin onun insanlar üçün "ciddi təhlükə olmadığını" iddia edir.
O hesab edir ki, hazırda bütün dünyada koronavirus pandemiyası ilə bağlı baş verənlər "böyük dövlətlərin həyatda qala bilmək üçün yürütdükləri siyasətdir".
Cənab Məmməd BBC News Azərbaycancaya deyir ki, "məqsəd nefti ucuzlaşdırıb, ondan asılı olan ölkələri - millətləri xaosa sürükləyib, əllərində olanı satdırmaq və millətləri kölə halına gətirməkdir".
"Avropalı ilə azərbaycanlını eyni tutmayın. Biz həyatda öz gücümüzə qalan insanlarıq. Dövlətdən bizə heç vaxt dəstək olmayıb. Ancaq avropalı belə şeyə alışmayıb. Buna görə də panikaya düşür. Mənə elə gəlir ki, bu xəstəlik Çində tapılandan bir ay sonra bizim məhəllədə də vardı", - Rəşad Məmməd iddia edir.
"İnanmayanlar Rusiya və Türkiyə mətbuatını izləyənlərdir"
Tibbi məsələlər üzrə təhlilçi, uroloq Vasif İsmayıl hesab edir ki, koronavirus pandemiyası ilə bağlı inamsızlıq "universal görüntü" daşıyır.
"Bu insan xarakterindən irəli gələn məsələdir. Dünyanın hər yerində belə adamlar var. Yaxından izləyirəm. Burada narahat olmalı bir şey yoxdur", - cənab İsmayıl BBC News Azərbaycancaya deyir.
Vasif İsmayıl virusun mövcudluğuna inanmayanların özlərini çox yaxşı qoruduqlarına inandığını bildirir.
"Mən istər sosial şəbəkədə, istərsə də dost-tanış arasında virus yoxdur deyən şəxslərin özlərinin əslində çox yaxşı qorunduqlarını düşünürəm. Lazım olan tədbirləri görürlər. Bu cür açıqlamaların məqsədi isə insanlarda ruh düşgünlüyü, inamsızlıq yaratmaqdır. Ancaq Azərbaycan hökumətinin və cəmiyyətinin idarəetməsi bu cür şəxslərin idarəçiliyində olmadığı üçün, idarəçilər, aidiyyatı şəxslər danışacaqlar, göstərəcəklər, maarifləndirəcəklər. İndiyədək olan təcrübə göstərir ki, azərbaycanlılar rasionaldırlar və deyilənlərə etimad göstərirlər. Sadəcə indi bir qədər şok effekti yaranıb və insanların həyatlarına çox təsir göstərib", - o əlavə edir.
Vasif İsmayıl hesab edir ki, "konspiroloqların çoxu Rusiya və Türkiyə mətbuatını yaxşı izləyən" insanlardır.
"Eyni zamanda bilirsiniz ki, Rusiya və Türkiyədə də buna qarşı müəyyən qruplar təbliğat aparırlar. Onlar, çünki əsən küləkdə belə təhlükə görürlər sanki onların dövlətləri, hakimiyyətləri, cəmiyyətləri xüsusi bir şey imiş bütün dünya birləşib ki, bunların hökumətini yıxsın. Yenə deyirəm, dünyanın hər yerində belə insanlar var", - təhlilçi deyir.
Koronavirusun yeni simptomları: “kovid barmaqları” və səpgilər
Koronavirus: Parlaq həyat tərzinin parıltısı solanlar
Bakı, London, Moskva səmalarında təyyarələrin hərəkəti - Karantindən əvvəl və sonra
Ölkədə virusun "pik həddinin geridə qaldığını" vurğulayan təhlilçi onun "ikinci, üçüncü dalğasına hazırlaşmağı da məsləhət görür".
"Son zamanlar koronavirusa yoluxan sayında artış tendensiyası var. Ola bilsin ki, bu xəta payı ətrafında statistik oynamalardır. Ola da bilər ki, bu, nəyinsə göstəricisidir. Biz bilirik ki, bunun ikinci, üçüncü dalğası da olacaq. Bütün dünya buna hazırlaşır. Ona görə də biz iqtisadiyyatımızı bir az dirçəldib, sonra yenidən bir ay - ay yarımlıq karantinə gedə bilərik, çünki aldığım məlumata görə hazırda xəstəxanalarda xəstə sayında artım müşahidə olunur", Vasif İsmayıl bildirib.
İnamsızlığın səbəbi "siyasidir"
Sosioloq Sənubər Heydərova isə "Azərbaycanda əhalinin inamsızlığını "siyasi səbəblərlə" əlaqələndirir.
"İnamsızlığın səbəbləri ilə bağlı hələlik sosioloji araşdırma aparılmayıb. Ancaq ümumiyyətlə, ölkəmizdə insanların statistikaya inanmaması təbiidir, çünki bizim kimi ölkələrdə adətən heç bir şeylə bağlı düzgün statistika aparılmır. Adi bir misal, işsizliklə bağlı başqa rəqəmlər deyilirdi, indi qeydiyyata düşən işsizlərin sayına baxın. Yəni, statistikanın səhih olmadığını hamımız bilirik. Yəni, ölkədə hökumətə inamsızlıq siyasi səbəblidır", - Sənubər Heydərova deyir.
O hesab edir ki, insanlar "sistemin yalan dediyini" iddia edirlər və buna inanırlar. "Əslində haqsız da deyillər, özümüz də bu yalanları gündəlik həyatımızda görürük".
Sosioloq vurğulayır ki, "bütün dünyada insanların inamsızlığı var və bunun "digər bir səbəbi dünyadakı qəsd nəzəriyyələri ola bilər".
Sənubər Heydərova inamsızlığın digər bir səbəbini də psixologiyada "insanın özünü informasiyadan qoruması fenomeni" ilə izah edir.
"İnsan özünü informasiyadan o cəhətdən qoruyur ki, həmin informasiya qorxulu bir şeydir. Əgər o, bu məlumata inansa dəhşətli bir panika yaşaya bilər və deyək ki, buna inansa, bütün fikirləri və ya həyatı alt-üst olar. Ona görə də bəzən insanlar xəbərləri görməzdən gəlməyə, görməməyə, onun yoxluğuna, yalan olduğuna aid dəlillər axtarmağa çalışırlar. Həm də çalışırlar ki, özlərini xəbərin doğru olmadığına inadırsınlar. Çünki doğru olduğu təqdirdə bu informasiya ilə necə davranacaqlarını bilmirlər".
Sosioloq hesab edir ki, "insanlar lazımi məlumatları mövcud vəziyyətlə bağlı əsaslandırılmış sübutlarla danışan, insanlara panika dövründə necə davranmaq lazım olduğunu izah edən, öyrədən şəxslərdən eşitsələr, bəlkə də inanarlar: "Ancaq hansısa bir fırıldaqçı çıxıb televiziya efirindən "ağlı olan virusa yoluxmaz" deyirsə, o zaman təbii ki, insanlar baş verənlərə inanmayacaqlar".
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva yoluxmuş şəxslərlə bağlı geniş məlumatın olmamasının da bəzi şəxslərin inamsızlığına gətirib çıxarması fikrilə razılaşır.
"İnsanlar tanış axtarır, bizimsə xəstələrin kimliyini açıqlamağa ixtiyarımız yoxdur. Xəstələr də görünür çoxusu özlərini gizlətmək istəyir, çünki qorxurlar ki, koronavirusa tutulduqlarını bilən olsa, gəlib-gedən olmaz. Ona görə də biz telekanallar vasitəsilə ümumi vəziyyəti çəkib göstəririk, amma inamsızlığa nə demək olar ki, insanların şəxsi fikridir. İstər sosial şəbəkələr olsun, istər telekanallar vasitəsilə əhali ilə maarifləndirici işlər aparılır. Ciddi maarifləndirmə işlərini davam etdiririk", - qurum rəsmisi bildirib.
Hökumətin açıqladığı rəqəmlərin həqiqəti əks etdirib-etdirmədiyi iddialarına gəlincə, Rəvanə Əliyeva "şaiyələrin həmişə olacağını" bildirib.
"Koronavirus başlayanda dedilər ki, virusa yoluxanlar çoxdur, sayını azaldırlar. İndi də say çox olanda deyirlər ki, rəqəmləri artırırlar. Şaiyələr həmişə olub, olacaq", - qurum rəsmisi deyib.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
Ölkədə martın 24-dən elan edilmiş xüsusi karantin vəziyyəti mayın 4-dən yumşaldılıb.
Virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət bu il mayın 31-dək uzadılıb.