www.Fedai.az
Şuşa şəhəri Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Təbriz, Ərdəbil, Bakı, Gəncə, İrəvan, Naxçıvan şəhərlərində olduğu kimi, Şuşa şəhərində məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetişmişdir.
Qədim və orta əsrlərdə olduğu kimi XIX əsrdə də ədəbiyyatda başlıca yeri poeziya tuturdu. O, üç mühüm ideya-üslubi istiqamətdə davam və inkişaf edirdi: lirika, epik şeir və realist satira. Bu üç xətdən ən qüvvətlisi lirika idi. XIX əsrin lirik şerində dövrandan narazılıq, zəmanədən şikayət motivləri də geniş yayılmışdı. Şairlər həm məhəbbətə dair qəzəl və qoşmalarında, həm də rübai, müxəmməs, gəraylı, bayatı janrlarında yazdıqları başqa əsərlərində tez-tez feodal cəmiyyətinin qanun-qaydalarını, sosial bərabərsizliyi pisləyir, bəzən də şəxsiyyət azadlığını təbliğ edən humanist fikirlər irəli sürürdülər. Onlardan biri də Kərbəlayı Qəhrəman bəy Arif idi.
Kərbəlayı Qəhrəman bəy Qarabağda, Şuşada tanınan heydərbəyovlar soyuna bağlı idi. Bu soyun ulu babası Heydər bəydir. Heydər bəy XVIII yüzilin sonlarında Şuşa şəhərinin Gəlmələr məhəlləsində yaşamışdı. Şəhərdə Ağa Heydər kimi tanınırdı.
Heydər bəyin Qəhrəman bəy, Cahanbəxş bəy, Nəriman bəy, Abbas bəy adlı oğlanları vardı.
Qəhrəman bəy Ağa Heydər bəy oğlu 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Qəhrəman bəy şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Satirik, kinayəli, zəmanəsini qamçılayan şeirlərinə də rast gəlinir. Yaşadığı dövrün ictimai-siyasi hadisələrinə həm romantik, həm də satirik səpkidə münasibət bildirilir. Onun poeziyasında lirik, romantik duyğularla satirik, yumoristik düşüncə vəhdətdə çıxış edir.
Gövhər ağa İbrahimxəlil xan qızı 1824-cü ildə əmisioğlu Xankişi bəy Mеhrəli xan oğlu Sarıcalı-Cavanşirlə ailə qurmuşdu. Bu izdivacla bağlı şair Kərbəlayı Qəhrəman bəy Ağa Hеydər bəy oğlu Arif yazırdı:
Xərmöhrəyə layiq olmayan xər,
Səd hеyf cahanda tapdı gövhər.
Təqdiri-qəzaya qıl tamaşə,
Axır səni verdi cəhrəbaşə.
Şair yaradıcılığının ilk illərində ustadı Ağa Hüseyn Arifə nəzirələr yazmış, ənənəvi bədii obrazlarla ictimai fikirlərini, maarifçi ideyalarını əks etdirmişdir.
Məlum olduğu kimi, Kərbəlayı Qəhrəman bəy Arifin həyatı və yaradıcılığı mükəmməl şəkildə tədqiq edilməyib.
Şuşada formalaşan ədəbi proses dövrə xas ictimai-sosial və mədəni mühitin formalaşdırdığı dini-ideoloji, əqli-mənəvi və başqa dəyərlərlə sıxı surətdə bağlı idi.
Kərbəlayı Qəhrəman bəy Arifin tənqid hədəfi çox geniş olmuşdur. O naqisliyi, nadanlığı, cahilliyi, dini xurafatı, zalımlığı və zülmü, irtica və mürtəceliyi kəskin tənqid atəşinə tutmuş, insanları işıqlı gələcəyə, nurlu sabaha səsləmişdir. Onun satiraları böyük sosial əhəmiyyət kəsb edirdi.
Kərbəlayı Qəhrəman bəy Arif özünəməxsus bədii üslubu, kəsərli tənqidi, ictimai həyata fəal, cəsarətli müdaxiləsi ilə tanınan şairlərdən olmuşdur. O, istedadlı şair, xoşxətt xəttat, mahir müzəhhib, ictimai xadim kimi fəaliyyət göstərmiş, milli mədəniyyətin inkişafı yolunda aramsız çalışmışdır. Lirik və satirik əsərləri onun ictimai, fəlsəfi görüşlərinin ifadəsi, mənalı, məzmunlu həyatının ədəbi səhifələridir.
Kərbəlayı Qəhrəman bəy Pəri xanımla ailə qurmuşdu. Sadıq bəy, Hüseynqulu bəy adlı oğlanları vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf