hemle

Cahangir xan Nuribəyov - "Difai"nin vuran əli - ARAŞDIRMA

Tarix:10-04-2020, 17:47
Baxış Sayı:949

Cahangir xanın ulu babası Qatırçı Muraddır. Onun adına Ağdamda Muradbəyli kəndi var.
Nuri bəy Murad bəy oğlu. Qarabağda Daşarxlı, Qılıçbağlu, Bazdağ, Əbulca kəndlərinin və başqa obalarının sahibi idi.
Nuri bəy Nuribəyovlar familiyasının banisidir.
II Murad bəy Nuru bəy oğlu 1799-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Ailədə Böyük bəy çağrıldığından ictimaiyyətdə də bu adla tanındı. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. II rus-İran savaşına qatılmışdı. Praporşik rütbəsi daşıyırdı.
Böyük bəy ordudan tərxis olduqdan sonra özəl təsərrüfatı ilə məşğul olmuşdu. Qarabağın böyük mülkədarlarından idi. Bir çox mahallarda kənd və obalara yiyələnmişdi. Xeyli rəiyyəti vardı. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi.
1848-ci ildə tərtib edilmiş Şuşa şəhərin Kameral təsvrində ona tabe olan kəndlilərin adları çəkilir. (ARDTA, f.10, siyahı 1, saxlama vahidi 9, v.380) Bundan başqa, XIX yüzilin Qarabağ müəlliflərinin birisi olan Baharlının “Əhvalati Qarabağ” əsərində qeyd olunur ki, Hacı Böyük bəy kiçik qardaşı Hacı İskəndər bəylə Şuşa şəhərində karvansaraların birisini bərpa etmişlər. (Qarabağnamələr, II kitab, Bakı, "Yazıçı", 1991, s.278)
Hacı Böyük bəy Nuribəyov 1870-ci ildə vəfat edib.
Hacı Böyük bəy Rəxşəndə Sultan xanım Bəhmən mirzə qızı Qovanlı-Qacarla və Hürü xanım Mirzə Rüstəm bəy qızı Vəzirova ilə dünya evinə girmişdi. Kərim bəy, Cahangir xan adlı oğlu, Əsmət xanım, Sayat xanım, Səfiyyə xanım, Mələkcahan xanım, Balaxanım xanım, Səkinə xanım adlı qızları vardı. (ARDTA, f.400, siyahı 4, saxlama vahidi 1986, v.177)
Hacı Böyük bəy Rəxşəndə Sultan xanım Bəhmən mirzə qızını istərkən XIX yüzilin tanınmış Azərbaycan şairi Qasım bəy Zakir şeirlərindən birisində yazır:
Başına at təpib, içməmisən sən ki şərab,
Çoxdu səndə, tutalım, simü zərü mülkü dəvab,
Əqlin ər var isə yığ başına, ey xanəxərab,
Evlənirsən, barı get anqırıban tayını tap,
Nəsli-qatırçıya şahzadələr olmaz həmsər.(Qasım bəy Zakir, Əsərləri, Bakı, 1964, s.530-531.)
Hacı Böyük bəyin ikinci oğlu Cahangir xan Nuribəyov. Qarabağ tarixinin görkəmli şəxslərindən biri.
Cahangir xan haqda ilk rəsmi məlumat Şuşa şəhərin 1886-ci ilə aid olan imtiyazlı təbəqə üzvlərinin siyahısında var. Burada onun adı “Cahangir xan Hacı Böyük bəy oğlu Nuribəyov” yazılıb, yəni məişətə ilk dəfə Nuribəyov familiyası daxil olur. Bundan başqa, sənəddə Cahangir xanın yaşı qeyd olunur (19 yaş) və bundan belə bir nəticə irəli gəlir ki o, 1867-ci ildə anadan olmuşdur. Həmin sənəddə qeyd olunur ki, onunla “qadın cinsli 5 nəfər yaşayırdı”, habelə Cahangir xanın Şuşa Real məktəbində oxuduğu qeyd olunur. Burada belə bir məlumat da var ki, Şuşada onun evi və karvansarayı da var idi. (ГИААР. Ф. 43. Оп. 2. Д. 7344 (Камеральное описание и список лицам привилегированного сословия города Шуши за 1886 г.). Л. 22-23.) Bundan başqa, Cahangir xana onun atası Hacı Böyük bəyin bütün torpaqları məxsus idi. Sonralar Cahangir xan öz torpaqlarının idarəsindən başqa, ictimai funksiyaları da yerinə yetirirdi. Belə ki o, Şuşa şəhər dövlət ibtidai məktəbin fəxri nəzarətçisi idi, 1906-ci ildə isə Azərbaycan əyanlarının görkəmli nümayəndələri içərisində Cahangir xan Tiflisdə Rusiya İmperatorunun Qafqaz canişinin sarayında keçirilmiş “barış” qurultayına Şuşa qəzasından nümayəndə seçilmişdi. ["Каспий" qəzeti, 23 fevral 1906-cı il.]
Cahangir xan Nuribəyov vətənpərvər bir şəxsiyyət idi. O, "Difai" təşkilatının və onun qolu "Qarabağ məclisi"nin üzvü idi. "Qarabağ məclisi"nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İcraiyyə idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.
Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Daruğa Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər.
Kərim bəy Mehmandarov həddən artıq humanist adam olduğundan "Difai"nin vurub-tutmaq işini Cahangir xan Nuribəyova tapşırmışdı.
Cahangir xan Nuribəyov 1918-ci ildə də ermənilərin qorxulu yuxusu olmuşdu. Adı çəkiləndə əllərindən silahları düşürdü.
Cahangir xan Nuribəyov Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Cahangir xan Bakıya köçmək və familiyasını Nuriyev etməyə məcbur idi. Hazırda bu familiyanı onun törəmələri daşıyırlar.
Cahangir xan Nuribəyov haqqında Qarabağda rəvayətlər dolaşır. Cavanşir qəzasında Cahangir xan adlı bir mülkədar yaşayırdı. Bu ağa rəiyyətlərinə göz verib, işıq vermirdi. Aldığı bəhrədən başqa əlavə vergilər də tələb edirdi. Hamını məcbur edirdi ki, kim nə alıb-satmaq istəyirdisə gərək ağa ilə alver etsin. Ucuz alıb, baha satırdı. Özünün özəl çəki daşlarıı vardı. Bu daşlarla camaatı ağlar günə qoymuşdu. Kimə dada gerdilərsə imdad almırdılar. Sonda qərara gəlib Abdal Qasıma üz tuturlar. Qasım camaatın şikayətini dinləyib arxayın yola salır. Bir yekə daşı xurcuna qoyub yollanır Cavanşir qəzasına. Cahangir xanı tapıb daşı çıxarır:
-A xan, bu daşın arbası atana qızıl vermişəm, gəlmişəm geri alam. Şahid istəsən bütün rəiyyətlərini çağıraram. Cahangir xan Abdal Qasımın qırımına, pəhləvan görkəminə baxıb nə ağ dinir, nə qara. Bir də rəiyyətlərini incitmir.
Cahangir xanın Xudaverdi bəy, Lütfəli bəy adlı oğlanları, Güvara xanım, Rüxavsa xanım, Zərifə xanım, Mərhəmət xanım və Şəfiqə xanım adlı qızları vardı.
Ənvər Çingizoğlu,
jurnalist etnoqraf

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı