hemle

Mirzə Ağa xan Qarabaği

Tarix:10-04-2020, 18:03
Baxış Sayı:611

Azərbaycan tarixində əvəzsiz xidmətləri olan və əməlləri ilə adlarını tarixə yazmış bir sıra layiqli şəxsiyyətlərin işi, onların ictimai fəaliyyəti, xeyirxah əməlləri hələ də lazımınca tədqiq olunmamışdır. Bu şəxsiyyətlərdən biri də Mirzə Ağa xan Qarabağidir. Bu görkəmli şəxsiyyətin həyatı, ictimai fəaliyyətinin araşdırılması mühacirət tariximizin tədqiqi baxımından da böyük maraq kəsb edir.
Mirzə Ağa xan Qarabaği Şuşanın məşhur mirzəyevlər soyuna mənsubdur. Şuşanın fəxri vətəndaşı ünvanına layiq görülmüş Mirzə Kərim bəyin, "Məclisi-üns" ədəbi məclisi yaradıcısı, şair və tarixçi Mirzə Rəhim Fənanın kiçik qardaşı idi.
Mirzə Məmmədbağırın dördüncü oğlu Ağa bəy 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Daha sonra Şuşa Qəza məktəbini bitirmişdi. İrana köçmüş, Qacar şahlarına xidmət etmişdi. Nasirəddin şah Qovanlı-Qacardan xan ünvanı almışdı. İranın ictimai-siyasi həyatında mühim rol oynamışdı.
Əvvəlcə Xarici İşlər vəzarətində tərcüməçi kimi fəaliyyətə başlamışdı. Sonra Cənubi Azərbaycan valisi, vəliəhd şahzadə Müzəffərəddin mirzənin şəxsi adyutantı və tərcüməçisi vəzifəsinə dəyişilmişdi. Bu ziyalı, sakit, ədəbli gənc vəliəhdin xoşuna gəlmişdi. Şahzadəyə göstərdiyi qulluq, mədəni xidmət, davranış, informasiya təqdimatı Müzəffərəddin mirzəni valeh etmişdi. Mirzə Ağa xan vəliəhdin sarayında bütün müşavirləri üstələmişdi. Qətiyyəti, çalışqanlığı, əqidəsi və tutduğu mövqeyi ilə tez bir zamanda ucalan Ağa xan vəliəhdin sağ əlinə çevrilmişdi.
Mirzə Ağa xanın yaşadığı Təbriz inzibati, ticarət, siyasi və hərbi maraqlar şəhəri idi. XIX əsrin sonunda İranın istər siyasi, istərsə də iqtisadi baxımdan ən əlverişli şəhərlərindən ola Təbrizdə Rusiyanın konsulluğu vardı. Həmin dövrdə tez-tez sərhəd mübahisələri düşürdü. Mirzə Ağa xan vəliəhdin ruslarla əlaqələrini qurur, çətin işlərinə əncam çəkirdi. Göstərdiyi xidmətə görə Müzəffərülmülk ləqəbinə layiq görülmüşdü.
1896-cı ildə, Müzəffərəddin mirzə Qacar ilə birlikdə Təbrizdən Tehrana gəlib və Müzəffərəddin şah Qacar şahənşah olandan sonra, onun ən yaxın adamlarından oldu. 1896-1897-ci illərdə sarayda şahın xas xidmətçisi olmaqdan əlavə, Tehran və ətrafındakı xassə mülklərin sərkarı idi. Mirzə Ağa xan Mötəmədi-Müzəffər ləqəbinə layiq görülmüşdü.
Müzəffərəddin şah taxta əyləşdikdən sonra ölkənin içində olduğu durumu düzəldə bilmək üçün hökumətin təklif etdiyi yeni idari qayda-qanun proqramı çərçivəsində öncəliklə gömrükləri tənzim üçün Belçikalı şəxslərin ölkədə işləməsinə izn verdi; beləcə gömrük gəlirləri yüksəldi, ancaq bu duruma xalq və tüccarlar etiraz etdilər. Ölkənin gedərək yad-yabançıların nəzarətinə girdiyi şəklindəki qənaətlər qüvvətləndi. Dövlətin gəlir sahəsini qayəsiylə başda neft olmaqla bəzi qaynaqların qərblilərə imtiyaz olaraq verilmiş olması, pozulan iqtisadi dəngələr üçün Rusiya ilə 1900-cu və 1902-ci ildə aparılan iki borc anlaşması da şaha qarşı etirazlara yol açdı. Alınan borcların ünvanına xərclənməməsinin şahın 1900, 1902 və 1907-ci illərdə sağlıq səbəbləriylə etdiyi üç Avropa səyahətinin məsrəfləri etirazları daha da böyütdü.
Alınan tədbirlərə rəğmən ölkədə mərkəzi hökumətin nüfuzu düzəlmədiyi kimi. bəzi yerlərdə qarışıqlıqlar baş göstərməyə başladı. Ayrıca minlərcə insanın ölümünə səbəb olan bir vəba yaşandı. Bu şərtlərdə 1905-1906-cı ildə məşrutə hərəkatı inkişaf etməyə başladı.
Mirzə Ağa xan Qarabaği Müzəffərəddin şah Qacarı Fransa səfərində müşaiyət etmişdi.
Müzəffərəddin şah 3 yanvar 1907-ci ildə vəfat etdi. Şahin vəliəhdi Məhəmmədəli mirzə (1907-1909) taxta çıxdıqdan sonra atasından qalma bəzi saray məmurları içərisində Ağa xanı da vəzifəsindən kənarlaşdırdı.
Saraydan kənarlaşdırılan Mirzə Ağa xan əvvəlcə Təbrizə gəldi. Ordan da Ərdəbilə yollandı.
Mirzə Ağa xan Qarabaği 1907-ci ildə Ərdəbildə idi. Onun bu şəhərdə fəaliyyət göstərdiyi illər, XX əsr İran siyasi tarixinin mühüm hissəsini təşkil edən dövrə - 1905-1911-ci illərdə Cənubi Azərbaycanda azadlıq və demokratiya uğrunda aparılmış mübarizə illərinə təsadüf edir. Məlum olduğu kimi, həmin hərəkat nəticəsində İranda konstitusiyalı monarxiya yarandı, Milli Əncüman fəaliyyətə başladı, Azərbaycan türklərinin siyasi kimliyi gündəmə qoyuldu, onlar üçün məktəb açıldı, mətbuat işıq üzü gördü və ümumən Cənubi Azərbaycan idarəetmədə mühüm rol oynamağa başladı.
Ərdəbil mücahidləri onu şəhər nəzmiyyə idarəsinə rəis təyin etmişdilər. Arxiv materialında yazılır: "Əncümənə seçilmiş yeni nümayəndələrin ictimai tərkibindən göründüyü kimi, vilayət əncüməninə burjua-mülkədar nümayəndələri ilə birlikdə, yoxsul xalqın mənafeyini ifadəçiləri olan nümayəndələrin tərkibinə və istərsə də gördüyü tədbirlərə görə yeni əncümən əvvəlkilərə nisbətən demokratik xarakterli idi.
Vilayət əncüməni bir sıra inzibati idarələr yaratdı. Bunlardan məhkəmə-“Əncüməne” ədliyyə”ni göstərmək olar. Həmin əncümənə dörd nəfər daxil idi və onlar kiçik məhkəmə işlərinə baxırdılar.
Şəhərdə qayda-qanunu gözləmək üçün yerli fədailərdən şəhər nəzmiyyə hissələri yaradıldı. Nəzmiyyə idarəsinə 150 nəfər polis, on nəfər polis zabiti və onların rəisi Ağa xan daxil oldu". [Gürcüstan MA, fond 15, c, 1, iş 170, v. 150-158.].
Mirzə Ağa xan Qarabaği üstün xidmətlərinə görə Nasirəddin şahdan 3-cü dərəcəli Şiri-Xurşid ordeni almışdı.
Mirzə Ağa xan Qarabaği bənzərsiz, iftixar olunmağa layiq, ancaq eyni zamanda son dərəcə mürəkkəb və zəngin bir ömür yaşamış insan olub. O, dövrünün zəka və ağıl sahibi kimi tanınmış dövlət xadimi idi.
Qeyd edək ki, bu qısa tərcümeyi-hal qeydlərinin arxasında bir insanın taleyi dayanır. Öyrənilməyən bir çox yönləriylə. Onun Qacarlar dövlətində xidmətləri barəsində İran dövlət arxivlərində kifayət qədər tədqiq edilməmiş faktiki material, indiyədək haqqında oxuculara lazımınca məlumat verilməmiş tarixi sənədlər var. Tədqiqatçıların yolunu gözləyir.
Ənvər Çingizoğlu,
jurnalist-etnoqraf
udaferin.eu

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı