hemle

Tağı bəy Şirinbəyov: Şuşa qoçularından biri

Tarix:19-05-2020, 17:27
Baxış Sayı:1 251

Tağı bəy Şuşada məşhur olan şirinbəyovlar soyundandır. Bu soyun ulu babası Əlinağı bəydir. Əlinağı bəy Şuşa şəhərində ömür sürmüşdü.

Əlinağı bəy Mehri xanımla ailə qurmuşdu. Şirin bəy adlı oğlu vardı.

Şirin bəy Əlinağı bəy oğlu 1794-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.

Şirin bəyin törəmələri Şirinbəyov soyadını daşıyırdılar.

Şirin bəy Kərbəlayı Tükəzban xanımla ailə qurmuşdu. Hüseyn bəy, Həsən bəy, Tağı bəy, Zeynal bəy, Məhəmməd bəy adlı oğulları vardı.

Şirin bəyin üçüncü oğlu Tağı bəy 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.

Tağı bəy Şirinbəyov də digər qardaşları kimi qoçuluqla məşğul idi. Şəhər əhlindən kimsə onun qabağında söz danışa bilmirdi. Erməni, rus məmurları onu görəndə zağ-zağ əsirdilər. Müxtəlif arxivlərdən topladığımız cinayət xronikasından:

Tağı bəy Şirinbəyov 28 iyul 1871-ci ildə Şuşalı Dadaş Hacı Rəhim oğlunu yaralamışdı.

Elə həmin dönəmdə ona cavab qaytaran Nəsir Mustafa oğlunu öldürmək istəmişdi. Nəsir ağsaqqaların işə qarışması nəticəsində sağ qalmışdı.

Tağı bəy Şirinbəyov 7 aprel 1872-ci ildə Şuşa qəbirstanlığının yanında Yurkovskini soymuşdu.

Tağı bəy Şirinbəyov 1875-ci ilin may ayının 24-dən 25-ə keçən gecə Şuşa şəhər sakini Hacı Sadıq Hacı Ocaqqulu oğlunun baramasını anbardan çıxarıb, aparmışdı.

Tağı bəy Şirinbəyov 1877-ci ildə qardaşı Kərbəlayı Məhəmməd bəylə 5 poçt atını qaçırmışdı.

1880-ci ilə bağlı polis məruzələrindən aydınlaşdırdıq ki, Tağı bəyin qaçaq dəstəsində Kərbəlayı Dadaş Hacı Hüseynəli oğlu, Nəsir Kərbəlayı Namaz oğlu, Bəşir Məşədi Abış oğlu, Nəsir Əmiraslan oğlu, Kərbəlayı Həsən Kərbəlayı Mehdiqulu oğlu adlı adamlar vardı.

Tağı bəy Şirinbəyov dəstəsi ilə 1881-ci ildə Taynaq kəndinə basqın edib, Fərəculla bəy Vəli bəy oğlu Sarıcalının qızı Fəxrənnisə xanımı qaçırmışdı.

Həmin ildə gecə basqınlarının birində qaravul nəfərlərindən sıravi Akim Fişenkonu yaralamışdı.

Təxminən həmin ərəfədə Şuşa şəhərində qarətlə məşğul olarkən polis işçiləri ilə rastlaşmışdı. İşin pozulduğunu görüb, polis işçisi Həmid Kərbəlayı Fərəc oğlunu yaralayıb, üstəlik saatını da almışdı.

…Şuşaya meyvə qurusu gətirən bir ordubadlı xeyli qazanc əldə etmişdi. Tağı bəy duyuq düşüb, onu hərim-hərim hərləyirdi. Kişi əlacsız qalıb, polisə bildirdi ki,

malımı satıb, qurtarmışam. Istəyirəm Ordubada qayıdam. Xahiş edirəm, mənə polis qoşun ki, evimə sağ-salamat, pul-pənəmlə dönəm. Polis rəisi igidlikdə ad çıxarmış Ağakişi Məşədi Həsənəli oğlunu ordubadlıya qoşub, yola salır. Tağı bəy yolda ordubadlının pulunu, atını, üstəlik polisi də soymuşdu…

Şuşa şəhərində varı, karı ilə tanınan Kərbəlayı Dadaş Hacı Əsəd oğlu polisə şikayət etmişdi ki, Tağı bəyin soyğununa məruz qalıb.

Kərbəlayı Məmmədəlinin Şuşada boyaqçı dükanı vardı. Dolanışığı burdan çıxırdı. Bir səhər dükanı açmağa gələndə, anbarını boş gördü…

Tağı bəy Şirinbəyov dəstəsi ilə Ərəş qəzasının Körpükənd kəndinə basqın etdi. Bir neçə gündən sonra polis rəisinin qapısında Hacı Dərviş oğlu, onun oğulları Mikayıl, Cəbrayıl, Bacıxanım Hacı qızı, Ayişə Ələkbər qızı, Pəri Əbdülhəlim qızı, Hüseyn Nəbi oğlunun arvadı Fatma və başqaları əllərində ərizə dayanmışdılar…

Şuşa şəhərindəki gecə gözətçiləri şikayət edirdilər ki, Tağı bəyin atdığı güllələr qulağımızın dibindən keçir…

Tağı bəy və qardaşı Kərbəlayı Həsən bəy həmyerlisi Əhməd Qasım oğlunu yaralamışdılar.

Şuşa şəhər sakinləri Kərbəlayı Məhəmmədəli Ağakişi oğlu və əmisi oğlu Süleyman Dadaş oğlu Həşim Hacı Əli oglu (1840-1881) ilə dartışırdılar. Süleyman girəvəyə salıb, Həşimi öldürdü. Şəhərə səs düşdü. Həşim Kərbəlayı Həsən bəyin qaynatasıydı. Camaat orda-burda danışırdı ki, şirinbəyovlar onların nəslini kəsəcək. Kərbəlayı Məmmədəli qaçıb, polis idarəsində gizləndi. Süleymanı isə tutub, Sibirə göndərdilər. Bu arada Tağı bəyi də tutdular.

1886-cı il məlumatına görə Gəncədə həbsxanada yatırdı.

Sonra ona 5 il iş kəsib, sürgünə yolladılar.

Tağı bəyin dəstəsinin daldanacaq yeri Xənəzək və Cəmilli arasındakı meşəlik idi.

Tağı bəy Şirinbəyov sürgündən dönəndən sonra Bakı şəhərində yerləşdi. Bu şəhərdə də ermənilər tərəfindən öldürüldü. Mir Möhsün Nəvvab yazır: «Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən ataşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, 128 səh. s.17).

Tağı bəy Şirinbəyov 1906-cı ildə Bakı şəhərində erməni quldurları tərəfindən öldürülüb.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...