hemle

Hüseynəli bəy Əlibəyov: Akademik Dornun bərdəli mehmandarı

Tarix:26-04-2020, 15:36
Baxış Sayı:511

Hüseynəli bəy Əli bəy oğlu Əlibəyov 1822-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi. 1849-cu ildən sonra Bərdədə məskunlaşmışdı.

Hüseynəli bəy Əlibəyov kökcə Kəbirli elinin aparıcı və nəcib oymağı olan Əlibəyli obasındandır. Atası Kaveler Əli bəy (1798-1848) Mehdiqulu xanın yaxın bəylərindən idi. Qarabağın böyük mülkədarlarından sayılırdı. Zəngəzur (Tatev) mahalında Gоrunzur, Əliquluşağı, Qaraçоrlu mahalında Sоs-Zabuq, İyirmidörd mahalında Bərdə, Hətəmxan-Qarqucaq, Qazax-Rəhimli, Tərəkəmə-Mirzalıbəyli, Kəbirli mahalında Arasparlı, Qiyaməddinli adlı kənd və оbaları vardı.

Kaveler Əli bəy daha sonra çar ordusunda xidmət etmiş, II rus-İran savaşına qatılmışdı. Praporşik rütbəsi almışdı. Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu.

Babası Mirzalı bəy Kəbirli (1767-1836) Mehdiqulu xanın hakimiyyəti dönəmində II Kəbirli mahalının naibi оlmuş, rus üsul-idarəsi dövründə də naibliyini kapitan rütbəsi ilə davam etdirmişdidi.

Ulu babası Hacı Hüseynəli bəy Hacı Səhliyalı bəy oğlu Kəbirli 1736-cı ildə Bayat nahiyəsinin Əlibəyli оbasında dоğulmuşdu. Mədrəsə təhsili almışdı. İbrahimxəlil xanın əyan-ərkanlarından sayılırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Hüseynəli bəy 1806-cı ildə xanla bərabər öldürülmüşdü.

Babasının babası Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu 1697-ci ildə Bayat nahiyəsinin Əlibəyli оbasında anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Bir müddət Xоrasanda sürgündə yaşamışdı. Pənahəli bəy Sarıcalı-Cavanşirin ailəsini və uşaqlarını qоrumuşdu. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.

Hacı Səhliyalı bəy 1747-ci ildə Xоrasandan qayıdıb yeznəsi Pənahəli bəyə arxa duraraq xanlığın qurulmasına başladı. Оnun məsləhəti ilə mərkəz Bayat bazarında tikildi. Xanın baş vəziri оlmuşdu.

Sadaladığımız kimi ünlü bir soydan gələn Hüseynəli bəy Əlibəyov Bərdədə məskunlaşmışdı. Bu yaşayış məskəninin yiyələrindən biri idi. Bərdənin kənd biçimindən çıxıb, şəhərə çevrilməsində onun önəmli rolu vardı.

Hüseynəli bəy Əlibəyov açıq süfrəli, bol ehsanlı bir şəxsiyyət idi. Bərdəyə yol düşən qəriblərə hayan durur, boynuburuq qalmağa qoymurdu.

Hüseynəli bəy Əlibəyov 1861-ci ildə akademik Boris Andreyeviç Dorna (1805-1881) Bərdə bölgəsində bələdçilik etmişdi. B. A. Dorn yazırdı: "Bərdəyə çatmağa bir az qalmış bu yerlərin sahibi Hüseynəli bəy bizi qarşılamağa çıxmışdı. O bizi Bərdəyə qədər müşaiyət etdi. Biz saat 11-də Bərdəyə çatdıq. Bir neçə verst uzanan gil divarların qalıqları burda olmuş qədim yaşayışıydan soraq verirdi. Bəyin evi və qala da gil divarların arasında yerləşirdi. Biz atdan düşdük və o saat da xarabalığa baxmağa getdik. Bu uca, böyük bir bina idi və qalayla üzbəüz yerləşirdi. Böyük bir dağıntıya məruz qalmışdı. Bu bina "Allah" yazısını xatırladan öz mavi kərpıcləri ilə heyrətamiz bir mənzərəni əks etdirirdi. İki tərəfdən cənubdan və şimaldan girişi vardı. Deyirlər, binanın daxilində naməlum adam dəfn olunmuşdur, sanduqəsi də görünmür. Üç yerdə yazı izlərinə rast gəldik. Birincisi aşağıda tikilinin ətrafında, ikincisi yuxarıda tam tikilinin yanında, üçüncüsü çıxışdan sonrakı yerdən...

Qalaya baxandan sonra bizi nahara dəvət etdilər. Boy-buxunlu, qaraşın bəyin kəmərində böyük qılınc vardı, xəzdən xalat geyinmişdi. O bizi daşdan tikilmiş bir otağa apardı. Süfrə yerdə, gözəl bir xalçanın üzərində salınmışdı. Mən çəkməmi çıxardım, bizim yarısımız farslar, bəzilərimiz türklər kimi oturmuşduq, yəni bir qismimiz bardaş qurmuşduq, digər qismi isə çömpəlmiş formada əyləşmişdik. Bizə soğan, pendir, əla şorba, toyuq, toyuq-plov, qoyun ətindən kabab və s. Yeməklər verildi. Yeməklər çox dadlı hazırlanmışdı. Dairə rəizi Serebryakov da naharda iştirak edirdi. Yeməkdən sonra biz iki köhnə və yeni qəbirstanlığa getdik.

Bu bəyin evi gildən hazırlanmış hasarla əhatə olunmuş həyətin ortasında idi. Bura hündür bir evdən ibarət idi ki, bu ev saraya bənzəyirdi, bu da özündə açıq-aşkar dağıntıların izlərini saxlayırdı. Daxildə heç kimə məlum olmayan naməlum adam dəfn olunmuşdur. Biz üç yerdə yazı izlərinə rast gəldik. Birincisi aşağıda tikilinin ətrafında, ikincisi yuxarıda tam tikilinin yanında, üçüncüsü çıxışdan sonrakı yerdən. Saraya baxdıqdan sonra bizi yeməyə dəvət etdilər. Boylu buxunlu, qaraşın bəyin kəmərində böyük qılınc vardı, xəzdən xalat geyinmişdi. O bizi daşdan tikilmiş bir otağa apardı. Süfrə yerdə, gözəl bir xalçanın üzərində sərilmişdir. Mən çəkməmi çıxardım, bizim yarısımız farslar, bəzilərimiz türklər kimi oturmuşduq, yəni bir qismimiz ayaqlarımızı alta yığmışdıq, digər qismi isə çömpəlmiş formada oturmuşduq. Bizə pendir, əla sup, plov yağlı toyuqla, qoyun ətindən kabab və s. Yeməklər verildi. Yeməkdən sonra biz iki gorgaha - köhnə və yeni qəbirstanlığa getdik". (Дорн, Б.А. Каспий. О походах древних русских в Табаристан, с дополнительными сведениями о других набегах их на прибрежья Каспийского моря. СПб.: Тип Имп. Акад. наук, 1875. [2], IV, LVI, 718 с.: с 473.)

Hüseynəli bəy Fatma bəyim Əsəd bəy qızı Sarıcalı-Cavanşirlə (Rüstəmbəyоva ilə) ailə qurmuşdu. Gilə xanım adlı qızı vardı.

Gilə xanım Hüseynəli bəy qızı Əibəyova Şuşa şəhərində dünyaya göz açmışdı.
Gilə xanım Fərhad bəy Mirzə Rüstəm bəy oglu Vəzirovla ailə qurmuşdu. Güllü xanım adlı qızı vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR