Artıq Azərbaycanda qacarlar dövrünə bağlı dövlət xadimlərinin gördükləri işlərin tarixi önəmi ilə zəngin və parlaq olmuş həyatlarına, idarəetmələrinə və eyni zamanda da tarixi irslərinə get-gedə maraq artır. Uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, İran hökumətinə rəhbərlik etdiyi dövr ərzində ölkənin ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş, hərbi sahədə ad çıxarmış Fəzlulla Zahidi dediklərimizə örnək ola bilər.
Fəzlulla Mirzə Əbülhəsən xan oğlu Zahidi 1897-ci ildə Həmədan şəhərində anadan olmuşdu. İbtidai təhsilini Müzəffəriyyə məktəbində aldı. Sonra İranda “Qazaqxana” deyilən hərbi məktəbə daxil oldu. Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi.
Fəzlulla Zahidi Kazak briqadasının Həmədan dəstəsində xidmət edirdi. 1915-ci il sentyabr, oktyabr aylarında məşhur inqilabçı Ehsanulla xan Dustdarın (1884-1938) başçılığı ilə 300 nəfərə qədər silahlı mücahid və mayor Məhəmmədtağı xan Püsyanın rəhbərliyi ilə jandarm hissələri Həmədanı Antanta məmurlarından və onların tərəfdarlarından təmizləmək istəyirdilər. Kirmanşahdan qovulmuş ingilis və çar konsulları, onların tərəfdarları Həmədan valisi Salar Ləşgərin və İran kazaklarının yardımına arxalanaraq, mücahidləri və jandarmları Həmədandan qovub çıxartmağa çalışırdılar.
Fəzlulla Zahidi Kiçik xanın ətrafı ilə mübarizədə fərqləndi. Ehsanulla xan Dustdarın dəstəsini dağıtdı.
Fəzlulla Zahidi 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi.
Fəzlulla Zahidi 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. Burda mirpənc (general-mayor) rütbəsi almışdı. İran ordusunda biçimlənmə baş verdikdən sonra sepəhbud (general-mayor) adlanmışdı.
Fəzlulla Zahidi 1929-cu ildə Fars əyalətində polis rəisi vəzifəsində idi. Burda əyalətdəki köçəri tayfaların qiyamı baş verdi. Şah şübhəli qismində onu Tehrana dəvət etdi. Onunla birlikdə vali Sarəməddövlə və Nüsrətüddövlə də paytaxta çağrıldı. Onun rütbəsi əlindən alındı və zindana atıldı. Bir müddət sonra əfv edildi və azadlığa çıxdı.
Fəzlulla Zahidi 1941-ci ildə İsfahan diviziyasının başçısı oldu.
Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün həyatı sürdü.
Fəzlulla Zahidi 1947-1949-cu illərdə Fransada yaşadı. Sonra İrana döndü və Həmədandan senator seçildi.
Fəzlulla Zahidi 1949-cu ilin sonlarında Tehranın polis rəisi təyin olundu. 1951-ci ildə İranın Daxili işlər naziri vəzifəsinə irəli çəkildi. 1953-cü ildə Baş nazirə qarşı qiyamda iştirak etdi. Baş nazir Məhəmməd Müsəddiq devrildi. MKİ-nin etibarlı şəxslərindən birinə çevrildi.
Fəzlulla Zahidi 1953-1955-ci illərdə İranın Baş naziri oldu. O, milliləşdirməni ləğv etdi və britaniyalılar neft yataqlarını yenidən nəzarətə götürdülər. Hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə qarşıdurma yaranmışdı. Bu böhranı tədricən aradan qaldırdı. Onun məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsi tezliklə bar verdi. İslahatlar aparıldı. Sənayeləşmə templəri daha da yüksəldi, sənayenin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdı.
Fəzlulla Zahidi 1955-ci ildən sonra İranın Avropada BMT-dəki nümayəndəsi vəzifəsinə göndərildi. İsveçrədə yaşayır və xidmət göstərirdi.
Böyük-kiçikliyindən asılı olmayaraq tutduğu vəzifələrə daim məsuliyyətlə yanaşan Fəzlulla Zahidinin işgüzarlığı və təşəbbüskarlığı onu tutduğu vəzifələrdə pillə-pillə yüksəltmişdi.
Fəzlulla Zahidi İranın və bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdu.
Fəzlulla Zahidi 2 sentyabr 1963-cü ildə vəfat edib.
Fəzlulla Zahidinin Ərdəşir adlı oğlu vardı.
Ənvər Çavuşoğlu