hemle

Görkəmli alim, böyük şəxsiyyət

Tarix:12-11-2024, 22:00
Baxış Sayı:610




Görkəmli alim haqqında yazmaq mənə tapşırılanda söhbətimizin müsahibə şəklində olacağını nəzərdə tutmuşdum. Suallarımı hazırlayıb görüşəndə başqa mənzərə ilə qarşılaşdım. Qarşımda qəlibə yatmayan, standartdan uzaq bir ziyalı dayanmışdı. Söhbətimiz çox uzandı. Demək olar ki, 3-4 saat danışdıq. Hiss edirdim ki, yorulub. Sonra əlindəki qovluğu mənə uzadıb dedi:-işlərim və fəaliyyətimə dair materialların hamısı burdadır. Təcrübəli jurnalist kimi mənsiz də yaza bilərsiniz. Beləcə bir alim haqqında yazmağa başladım.



Azərbaycanda üzvi kimya, özəlliklə neft-kimya sahəsi yüksək inkişaf etdiyidən kimyaçı alimlər də həmişə öndə olmuşdur. Belə alimlərdən biri də kimya elmləri doktoru, professor, ARETN-nin akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) laboratoriya müdiri Eldar Hüseynqulu oğlu Məmmədbəylidir. Onun elmi-ictimai fəaliyyətinin spektri hərtərəflidir. 50 ildən artıq bir zamanı əhatə edən elmi fəaliyyəti dövründə onun kimya elminin inkişafında böyük əməyi olmuşdur. E. Məmmədbəyli bütün şüurlu ömrünü xalqına, vətəninə xidmətə sərf edib.
Eldar müəllim 1941-ci il yanvarın 22-də Gədəbəy rayonunun Arısu kəndində müəllim ailəsində anadan olub. 1957-ci ildə Miskinli kənd orta məktəbini bitirib. 1960-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki ATU) daxil olub, 1965-ci ildə provizor ixtisası ilə ali təhsili başa vurub. Həmin il təyinat üzrə Gədəbəydə 112 saylı aptekdə asistent işləyib. 1966-cı ildə rayonun Böyük Qarabulaq kəndində 407 saylı aptekə müdir təyin edilib. Aptekdə işlədiyi zaman Eldar müəllim yerli camaatın dərin hörmətini qazanıb. Xəstəlikdən əziyyət çəkənlərin hamısına köməklik etdiyinə görə indi də ona “doktor” deyə müraciət edib, məsləhət alırlar. Sutkanın istənilən saatında müraciət edənlərin hər birinə şirin dillə, şəfqətli əl ilə kömək edir. Amma E. Məmmədbəylinin əsl arzusu elmlə məşğul olmaq, tanınmış alim olmaq idi.



Odur ki, o, 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda aspiranturaya daxil olub. 1970-ci ildə isə Az.SSR EA Prezidiumunun qərarı ilə SSRI EA Kimyəvi-Fizika İnstititutunun aspiranturasında təhsilini davam etdirməyə göndərilib. 1971-ci ildən NKPİ-nin Sumqayıt filialında kiçik elmi işçi kimi vəzifəsini davam etdirib. 1978-ci ildə EA-nın Element Üzvi Birləşmələr İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alıb. 1983-cü ildə böyük elmi işçi vəzifəsinə keçirilib. Həmin ildə ona üzvi kimya ixtisasında böyük elmi işçi diplomu verilib. 1986-cı ildə AEA Prezidiumunun qərarı ilə NKPİ-yə böyük elmi işçi, 2002-ci ildə isə aparıcı elmi işçi vəzifəsinə keçirilib. 2005-ci ildə Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Şurasında “C4-C5 qoşulmuş dienlərin aktivləşdirilmiş dienofillərlə asimmetrik Dils-Alder reaksiyası” mövzusunda üzvi kimya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 2007-ci ildə baş elmi işçi vəzifəsinə keçirilib. 2008-ci ildə “Optiki aktiv maddələrin sintezi və tədqiqi” qrupuna rəhbər təyin edilib. 2012-ci ildə “Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi” laboratoriyasına müdir təyin edilib.



Professor Məmmədbəyli ölkədə asimmetrik sintez sahəsində çalışan ilk azərbaycanlı alimdir. Onun elmi işlərinə dünyanın bir çox tanınmış alimləri istinad ediblər. Son illərdə E.Məmmədbəyli və əməkdaşları tərəfindən Azərbaycan yeni quru və dəniz yataq neftlərinin, müalicəvi neftlərin optiki aktivliyinin öyrənilməsi sahəsində geniş tədqiqat işləri aparılır və yüksək nəticələr əldə edilir.

Alim Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və s. əməkdaşları ilə birgə elmi işlərin aparılmasında fəal iştirak edir. O, ADPU “Analitik və Üzvi Kimya” kafedrasının əməkdaşları ilə tərkibində kükürd saxlayan bioloji aktiv maddələrin Mannix reaksiyası ilə sintezi və onların antimikrob, antiseptik maddələr və əlavələr kimi sınaqdan keçirilməsinə dair tədqiqatlar aparır. Gəncə Dövlət Universitetinin kimya fakültəsinin əməkdaşları ilə yeni azot və oksigen tərkibli norbornen törəmələrinin sintezi və xassələrinin öyrənilməsi sahəsində aparılan birgə elmi işlərə rəhbərlik edir. ATU-nun əməkdaşları ilə sintez olunmuş yeni bioloji aktiv maddələrin antimikrob xassələrinin öyrənilməsi və bitkilərdən alınmış təbii birləşmələrin quruluşunun müasir fiziki üsullarla təyin edilməsi sahəsində tədqiqat işlərinin aparılmasında iştirak edir. O, həmçinin ARETN Katalitiz və Qeyri-Üzvi Kimya İnstitutunun əməkdaşları ilə birlikdə yeni metal-üzvi komplekslərin alınması sahəsində elmi-tədqiqat işlərinin aparılmasında rəhbərlik və iştirak edir. Alınmış birləşmələrin bioloji aktiv maddələr, dizel yanacaqları üçün tüstüazaldıcılar və benzin fraksiyasının diemerkapitanlaşması üçün komponent kimi sınaqdan keçirilmişdir.

AMEA və Rusiya EA arasında 2005-ci ildə bağlanan sazişin tematik planına E.Məmmədbəylinin iki elmi işi daxil edilib.
İşlədiyi dövrdə alimin 600-dan çox elmi əsəri dərc olunub. Məqalələrin bir çoxu “Tetrahedron”, “Green Chemistry”, “ЖОрХ”, “ЖОХ”, “ЖПХ”, “Нефтехимия”, “Катализ в промышленности”, “Известия РАН”, “Сер.Хим.”, “Аналитическая химия”, “Azərbaycan kimya jurnalı”, “Neft kimyası və neft emalı prosesləri” kimi jurnallarda dərc olunmuşdur.
E.Məmmədbəylinin rəhbərliyi ilə 8 fəlsəfə doktoru, 3 elmlər doktoru yetişib. Hazırda onun rəhbərliyi altında 4 əməkdaş fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində işləyir.






O, uzun illər Bakı Qızlar Seminariyasında, Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültəsində “Biokimya” və “Formakologiya” fənlərini tədris etmişdir. Alim 2009-cu ildə ATU-nun buraxılış işlərinin müdafiəsi üzrə komissiyanın və 2016-cı ildə Lənkəran Dövlət Universitetinin dövlət imtahan komissiyasının sədri olmuşdur.
1999-cu ildən başlayaraq uzun müddət AR Səhiyyə Nazirliyinin Əczaçılıq müəssisələrinə nəzarət edən professor daimi komissiyanın üzvü olub. Ömrünü Azərbaycan elminə həsr edən, yüksək yumor hissi olan nəhəng alim deyir ki, onun ən böyük mükafatı 7-ci sinifdə aldığı “Tərifnamə” və 2022-ci ildə İnstitut tərəfindən verilən “Fəxri Fərman”dır. O, 2019-cu ildə “Tərəqqi” medalına layiq görülüb. Hazırda Azərbaycan Elm və Təhsil Nazirliynin Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiridir.

Professor Məmmədbəylinin elmdə qazandığı uğurlardan keçdiyi şərəfli ömür yoluna bir işıq salmaq istəyirəm. İstəyirəm ki, bu işıqda Azərbaycanın o böyük şəxsiyyətini hamı görsün və tanısın. Hamı bilsin ki, ölkəmizdə onun kimi dünya miqyasında tanınan, elmilə vətənə, millətə xidmət edən, ürəyi Vətən və millət sevgisilə döyünən bir insan var. İnsanlığı yaşadan, haqqın yanında dayanan bir insan. Elə bir insan ki, ona həmişə güvənmək, ümid qapısını inamla döymək olar. Axı o, adilərdən fərqli ziyalıdır, ən başlıcası isə şəxsiyyətdir. Elələrinə bu gün millətin çox ehtiyacı var.
Əbəs yerə demirlər ki, dünya ləyaqətlə, şərəflə yaşayanların, haqqa doğru gedənlərin, başqalarının haqqına girməyənlərin, haram tikə yeməyənlərin, yalana əl çalmayanların, yaltaqlıq etməyənlərin, elmilə, səxavəti və halallığı ilə xalqın gözündə ucalanların çiyinlərindədir. Belələri olmasaydı, kimə güvənərdik, kimə ümid edərdik, qaranlıqdan işığa necə çıxa bilərdik. Bəli, Eldar müəllim özü bir işıqdı, işıq Adamdı, işıqlı Adamdı.
Əlli ildən çoxdur ki, xalqımıza xidmət edən, kimya elmini daha da inkişaf etdirən, elmi əsərlərilə, kimya sahəsindəki uğurları ilə dünya alimlərinin diqqətini çəkən E.Məmmədbəylinin tələbələri də bu gün ölkəmizdə, eləcə də xarici ölkələrdə öz töhfələrini verirlər. Fəxrlə demək olar ki, o, bu gün yalnız AMEA miqyasında deyil, bütövlükdə respublikada kimya elminin inkişafında, yeni kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır.
Professor Eldar Məmmədbəyli “Azərbaycan Əczaçılıq və Farmakoterapiya”, “Neft kimyası və neft emalı prosesləri”, “Kimya Problemləri” və “Avicenna” Вестник КНИИ РАН (Грозньий, Чеченская Республика, РФ), Вестник Башкирского Государственного Педагогического Университета, УФА, Башкордстан РФ) jurnallarının redaksiya heyətinin üzvü, eləcə də Neft-Kimya Prosesləri institutunun Elmi Şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü kimi də öz vəzifəsini ləyaqətlə, şərəflə yerinə yetirir.
Ömrünün 84-cü baharını yaşayan Eldar müəllim öz mənəvi dünyası, möhkəm iradəsilə həm işlədiyi kollektivdə, həm də ictimaiyyət arasında hörmət qazanıb. Professorun ömür yolundan bəhs edən «Alimin və mütəfəkkirin ömrünün səhifələri» kitabında akademik Əjdər Məcidov yazır: «…Onun apardığı işlər dünyada asimmetrik sintez sahəsində tanınmış nüfuzlu alimlər- K.Narasaka, H.B. Kaqan, K.Koqa və digərləri tərəfindən qəbul edilmiş və bu işlərə yüksək qiymət verilmişdir. Bu işlər barədə M.Noqradinin 1987-ci ildə dərc olunmuş «Stereoselectiv Supthesis» monoqrafiyasında xüsusi qeyd edilmişdir. 1989-cu ildə bu kitab rus dilində (Qetepocelektivnıy sintez. Moskva, «Mir» dərc edilmişdir. E.Məmmədbəyli üzvi kimya sahəsində, xüsusən zərif üzvi sintez sahəsində tanınmış alimdir».
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı «Tanınmış alim, nəcib insan» məqaləsində vurğulayır ki, «O, olduqca sadə və təvazökar bir insandır, insanlarla asanlıqla ünsiyyət qura bilir. Bununla yanaşı, o, sözünü açıq deyə bilən xarakterli bir insandır. Vətənini, millətini, müstəqil dövlətimizi çox sevir, torpağa, el-obaya ürəkdən bağlıdır. Elə bu səbəbdən poeziyanı, aşıq sənətini, sazı-sözü çox sevir. Onun bir çox məclislərdə qəlbəyatan çıxışları, əzbərdən dediyi şeirlər xoş qarşılanır. Dostların, tanışların tədbirlərində yaxından iştirak edir, çox maraqlı həmsöhbət və yaxşı yol yoldaşıdır. Gözü, könlü tox adamdır.
Eldar müəllimin yüksək keyfiyyətlərindən biri də onun soykökünə, ailəsinə ürəkdən bağlı olmasıdır».
O, xarici ölkələrdə olanda da ürəyi daha çox Gədəbəy üçün çırpınıb, doğma Arısunun həsrətini çəkib. Vətənə, yurd yerinə, ata ocağına ürəkdən bağlılığı onun böyük alim olduğu kimi, böyük insan olduğunun da göstəricisidir. O, həm də görkəmli müəllimdir, tələbələrlə mehribanlığın, xoş ünsiyyət qurmağın tərəfdarıdır.

Eldar müəllim doğma Arısu kəndinin gözəlliyini, könül oxşayan mənzərələrini, təbiətini, coğrafiyasını, tarixini, qeyd eləmiş, tanınmış adamlarının portretini sözlə çəkərək bu qədim yurd yerini gözlərimiz önündə canldandıra bilmişdir:
Sənin qanından ayrılıb,
Canımdakı qan Arısu.
Sən anasan, mən də sənin
Qoy olum balan Arısu.
Məni ərsəyə gətirib,
Torpağın, qayan Arısu.
Bir tərəf Gəlin qayası,
Bir tərəfdə Daşbulağın.
Yoruldun dincəl qadası,
Açılsın aynan-qabağın.
Dizin yerdə, əlin daşda,
Buztək sudan içək bir az,
Bu su bir dərman Arısu.
Eldar müəllim haqqında elm adamlarının fəxarətlə dedikləri qürur doğurur, Azərbaycanın bu görkəmli elm adamı ilə fəxr edirsən, sevinirsən ki, nə yaxşı Eldar Məmmədbəyli kimi qürur yerimiz, işıqlı ziyalımız var.
Bəli, o, əsl ziyalıdır, alim adına şərəf gətirən, alim adını ucaldan insandır. AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Hafiz Əlimərdanov onun haqqında belə yazıb:
«…Bir yoldaş kimi, bir insan kimi Eldar müəllim yüksək pozitiv xüsusiyyətlərin daşıyıcısıdır. Düzgünlüyü, haqqı, ədaləti sevən bir insandır. Dilimizi, vətənimizi ürəkdən sevən vətəndaşdır. Zərif üzvü sintez sahəsində uzun illərdir işləyən professorun poeziyaya, lirikaya, klassik şeir formalarına qarşı da çox incə zövqü var, mənalı şeirlərin vurğunudur. Onda həm də yaxşı yoldaşlıq hissləri var».
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev «Müdrik və xeyirxah insan» məqaləsində yazır: «…Eldar müəllim həyatı boyu insanları ciddi və şərəfli əməllərə səsləmişdir. O, həm də sözü bütöv, hərbi intizamlı bir adamdır. Onun bugünkü əməli fəaliyyətində sabahın işıqlı cizgiləri aydın görünür. Eldar müəllim Birinci Qarabağ savaşında da xalqımızın düşmənlə mübarizəsinə töhfələr vermiş, gənclərimizdə vətənpərvərlik və döyüş ruhunun yüksəlməsində, doğma yurdun qayğısına qalmaqda yaxşı nümunə kimi yaddaşlarda qalmışdır».
Eldar müəllim haqqında çox deyilib, çox yazılıb. Onu Azərbaycanda yaxşı tanıyır, ona hörmətlə yanaşır, haqq yolunda haqsızlara qarşı mübarizə aparan cəsur bir insan kimi ona böyük dəyər verirlər. Bu, təsadüfi deyil. Axı Eldar müəllim təkcə böyük alim deyil, həm də düzü-düz, əyrini-əyri yazan, haqqı deyən, hər kəsin nöqsanını üzünə söyləyən, ürəyi xalqın ürəyilə birgə döyünən mərd və cəsarətli kişidir. Fikrimizin təsdiqi kimi ADP-nın sədri Sərdar Cəlaloğlunun «Alim məsuliyyəti» məqaləsindən bu fikri xatırlatmaq yerinə düşərdi:

“Eldar müəllim nə tərifində, nə tənqidində heç vaxt riyakarlıq etməyib, insanların qüsurlarını açıq şəkildə üzlərinə deyən, haqqı müdafiə etməkdə bir an da tərəddüd etməyən, yaşının çoxluğuna baxmayaraq, cavan oğlanların həsəd aparacağı bir çevikliklə mübarizənin ön cəbhəsində özünə yer tutub.
Bir çoxlarından fərqli olaraq, Eldar müəllim çox iş görüb, az danışan insanlardandır. O, gördüyü hər işi bir alim, vətəndaş mövqeyi ilə görür, həmişə özünün fədakarlıqlarını millət, dövlət və silahdaşları qarşısında bir vəzifə və borc hesab edir. O, öz sözü olan, boş sözlərə qulaq asmağa dözümsüz və yaxşıya yaxşı, pisə pis deməyi bacaran insandır».
Bəli, Eldar müəllim güclü şəxsiyyətdir. Onu da qeyd etməyi özümə borc bilirəm ki, Eldar müəllim şair, yazıçı və publisist kimi də fəaliyyət göstərir. Bir-birindən mənalı şeirləri, düşündürücü məqalələri, publisist yazıları həmişə böyük rəğbətlə qarşılanıb, oxucuların marağına səbəb olub.
Onun şəxsiyyəti, əsl ziyalı və yaxşı insan olması, vətənpərvər, dostcanlı, qohumcanlı, yurdcanlı olması, hər kəsə qayğıyla yanaşması hamının diqqətini çəkib və yenə də çəkməkdədir.
Onun şəninə şeirlər də həsr edilmişdir ki, bu da Eldar müəllimin xalqın sevgisini, məhəbbətini qazanmasından irəli gəlir.
Gəlin İsrafil Qaraoğlunun yazdığı «Eldar müəllim» şeirindən dörd misraya diqqət yetirək:
Tanıdığım böyük şəxsiyyətlərin,
Yüksək zirvəsində görürəm səni.
Böyük bir kainat, dənizdən dərin,
Əvəzsiz bir insan görürəm səni.
SSRİ Elmləri Akademiyasının EUBİ-nun direktor müavini kimya elmləri doktoru, professor K.A. Koçetkov Eldar müəllim haqqında: “E.Məmmədbəyli Moskvada olan zamanla bizim institutun görkəmli alimləri ilə elmi diskusiyalar aparırdı. Onlar onun elmi fikirlərinə böyük rəğbətlə yanaşırdılar. Bu alimlərin sırasında uzun illər institutda direktor işləyən akademik Y.N. Bubnov, dünyada məşhur alimlər V.İ. Sokolov, B.A. Davankov, V.İ. Breqadze, Y.B. Şur (Nobel mükafatı laureatları) və başqaları var idi. Moskva alimləri onu xoşrəftarlı, savadlı, hörmətli, yüksək yumora malik insan kimi qəbul edirdilər. O həmişə S.Vurğunun “Azərbaycan” şerini rus və azərbaycan dillərində gözəl deyirdi. Şərq mədəniyyətini də hörmətlə qəbul edən bir alimdir və Azərbaycan elminin dünya elm aləmində yerinin artmasına çalışır”.

Bu yazıda mən hər tərəfli biliyə, yüksək intellektə malik alimin fikrimdə yaranan obrazını ümumiləşdirməyə çalışdım. Onun millətini, vətənini, təhsili, elmi, yüksək mədəniyyəti, ailəsini, bunlardan daha çox Azərbaycan dövlətini, azadlığı necə sevdiyinin şahidi oldum. O, Azərbaycanın poeziyasını, musiqisinin bütün formalarını ürəkdən sevir. Ancaq aşıq musiqisinin aşiqidir. “Sarıteli”, özəlliklə “Baş sarıteli” Gədəbəyin himni sayır. Ən müqəddəs arzusu Azərbaycanı bütöv və bütün sahələrdə, xüsusən elmdə yüksək zirvələrdə görməkdir. Son 7 əsrdə Azərbaycanın dünyaya bəxş etdiyi nəhəng imperatorlar, onların qurduqları imperiyalar və kimya elminin zirvəsi olan asimmetrik sintez onun üçün ən müqəddəs amildir. Bu səbəbdən öz millətini və onun həqiqi liderlərini ürəkdən sevdiyini deyir.
Mən ondan soruşdum:- bu qədər işlərə görə layiq olduğunuz qiyməti nədən ala bilməmisiniz. O, mənə belə cavab verdi: “Nobel mukafatı laureatı Avropanı ölümdən qurtaran alman alimi Paul Erlix qeyd edir ki, “hər şey insanın taleyindən, bəxtindən, fortunadan asılıdır.” Digər tərəfdən onu da qeyd etdi ki, Azərbaycan dövləti istər alimlərə, istər incəsənət işçilərinə, istərsə də yazıçılara və s. həmişə diqqət edir və layiqli qiymətini verir. Özünün işinin belə olmasını isə cavabdeh məmurların Dövlət idarələrinə məlumat və sənədləri vaxtında çatdırmamasında görür.
Mən də haqqında yazdığım zəhmətkeş alimin fikirləri ilə tam şərikəm. Ümid edirəm ki, haqq öz yerini tutacaq.

Hüseyn İSAOĞLU (Məmmədov),
AYB-nin və AJB-nin üzvü

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı