Son illər qanunvericilikdə edilən dəyişiklilər vəzifəli şəxslərin də sosial təminat hüququnu məhdudlaşdırır
________________________________________________________________________
Məmurluq hər bir dövlətin bel sütunudur. Ona görə dövlət və cəmiyyət həyatının idarə olunmasında vacib rollarını nəzərə alaraq bütün dövlətlər tərəfindən öz qanunvericiliyində dövlət məmurları, hüquqi dildə desək, dövlət qulluqçularının toxunulmazlığı və təhlükəsizliyi, ixtisasartırması, pensiya təminatı, sosial müdafiəsi və bir sıra digər məsələlərlə bağlı hüquq və imtiyazlar müəyyən edilib.
Azərbaycanın qüvvədə olan qanunvericiliyinə nəzər yetirdikdə, necə deyərlər, dövlət xidmətçilərini ümumi və obrazlı şəkildə bir neçə qrupa bölmək mümkündür: hərbi qulluq və müvafiq olaraq hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər, dövlət qulluğu və dövlət qulluğunun xüsusi növü və yenə müvafiq olaraq bu sistemdə xidmət edən şəxslər. Bunu da əlavə etmək lazım gəlir ki, həmin sistemdə hərbi və xüsusi rütbələrə malik olan xidmətçilərin fəaliyyətinin daha çətin və ağır, bir çox hallarda isə həyatları üçün riskli və təhlükəli olmasını nəzərə alan dövlətimiz tam haqlı olaraq bu şəxslər üçün bir çox imtiyaz və güzşətlər müəyyənləşdirib.
Əlbəttə, qanunvericiliyimizdə bu kateqoriyadan olan şəxslərə xüsusi imtiyazların verilməsi çox təqdirəlayiq haldır. Lakin təssüflə qeyd olunmalıdır ki, son vaxtlar ölkəmizdə bu sahəyə dair qanunvericiliyə qeyd olunan şəxslərin hüquqları ilə bağlı “geriyə addım” kimi qiymətləndirilə biləcək bir sıra əlavə və dəyişikliklər edilir. Daha pisi isə budur ki, bu tendensiya davam etdirilməkdədir. Belə meyllərin mövcudluğunun arzuolunmazlığını bildirməklə yanaşı, dövlət qulluğunun son dərəcə vacib bir sahəsində uzun illər xidmətdə olmuş konkret bir şəxsin nümunəsində həmin mənfi təndensiyaların təsdiqini tapması barədə aşağıda qeyd edəcəyik.
Şəxsin həyat hekayəsinə keçməzdən əvvəl diqqəti 12 iyun 2001-ci il tarixli, 141-IIQ nömrəli qanunla təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə çəkmək istəyirəm. Bu normativ hüquqi akt ölkəmizin vergi orqanlarında xidmətin qaydalarını və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. “Əsasnamə”nin 78-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəllər dövlət vergi orqanlarında çalışan və xüsusi rütbələrə malik vəzifəli şəxslərə 60 yaşına çatdığı zaman güzəştli şərtlərlə və yüksək səviyyədə pensiya təyinatı aparılmasını nəzərdə tuturdu. Lakin 2024-cü il 19 aprel tarixli, 1132-VIQD nömrəli qanunla “Əsasnamə”nin 78-ci maddəsinə vergi orqanları əməkdaşlarının hüquqi vəziyyətini pisləşdiriən dəyişiklik və əlavələr edilib. Belə ki, vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 60-dan 65-ə qaldırılıb. Bundan əlavə, hələ 2007-ci il tarixli əlavələr və dəyişikliklər haqqında qanunla sözügedən “Əsasnamə”nin 78-ci maddəsinə əlavə edilmiş ikinci cümlənin məzmunu dəyişdirilərək yeni redaksiyada verilib. Həmin redaksiyada deyilir: “Bu maddənin birinci cümləsində nəzərdə tutulan vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qullulqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir”. Qeyd edilən 78-ci maddənin birinci cümləsində isə yazılıb: “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir”.
Sonuncu əlavə və dəyişikliklərin qəbul edilməsini nəzərdə tutan 2024-cü il 19 aprel tarixli, 1132-VIQD nömrəli qanunun tətbiqi barədə Prezidentin 2024-cü il 20 may tarixli, 65 nömrəli fərmanıına əsasən müvafiq “Əsasnamə”nin 78-ci maddəsində nəzərdə tutulmuş “vəzfəli şəxslər” dedikdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur.
Beləliklə, burada dairə qapadılır və vergi orqanlarında xidmət edən və xüsusi rütbələrə malik bir çox vəzifəli şəxslər ədalətsizliyin qurbanına çevrilərək əlverişsiz vəziyyətə salınır. Ona görə ki, birincisi, Dövlət Vergi Xidməti böyük və mürəkkəb struktura malik dövlət təşkilatı kimi tərkibində xeyli sayda vergi orqanlarına və onlarda da vəzifəli şəxslərə malik olmasına baxmayaraq, qanunverici lap əvvəldən 78-ci maddənin birinici cümləsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında” sözləri ilə yalnız bir vergi orqanını nəzərdə tutmaqla ali icra hakmiyyəti orqanı rəhbərinin obrazlı desək, “əl-qolunu bağlayır” və onu bütün vergi orqanlarından yalnız birini seçmək imkanı qarşısında qoyur.
Qanunvericinin müəyyən etdiyi məhdudiyyəti nəzərə alaraq Prezident öz məlum fərmanında xüsusi rütbəli şəxslər kimi yalnız Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxslərini seçir. İkincisi, halbuki DVX-nın tərkibində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən başqa digər vergi orqanları və onların da xüsusi rütbəsi olan vəzifəli şəxsləri də vardır ki, bunlar tamamilə kənarda qalır. Üçüncüsü, “Əsasnamə”nin 78-ci maddəsinin ikinci cümləsindən məlum olur ki, burada dövlət qulluğunda çalışan digər, yəni xüsusi rütbəsi olmayan dövlət vergi orqanının vəzifəli şəxslərinə “Əmək pensiyaları haqqında” qanunda dövlət qullulqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir.
Aydındır ki, dövlət qulluğu ilə bağlı qanunvericilikdə dövlət qulluqçuları barəsində rütbələr deyil, ixtisas dərəcələri nəzərədə tutulur. Belə olan halda, yenə təkrar sual etməyə məcbur oluruq ki, dövlət vergi oranlarında xidmət edən və xüsusi rütbəsi olan başqa vəzifəli şəxslər 78-ci maddənin birinci cümləsinin təsiri altında düşmürsə, eyni zamanda, ikinci cümləsinin təsiri altına düşməsini də tam müvəffəqiyyətlə mübahisələndirmək olarsa, o zaman onlara pensiya təminatı necə aparılacaq və bu zaman xüsusi rütbələrə malik olmasının bir mənası olacaqmı? Qanunvericiliyi bu cür bərbad hala salmaq, onun mənasının müxtəlif yozumlarına imkan tanımaq kimi mənfi hal bir yana dursun, vergi orqanlarında uzun illər ərzində çalışıb, xüsusi rütbələr əldə etmiş digər vəzifəli şəxsləri əlverişsiz vəziyyətə salan bu yanaşma ədalətsiz deyilmi? Həm də ona görə ki, eyni bir dövlət orqanında çalışıb xüsusi rütbə əldə etmiş şəxsləri iki qrupa bölüb, birinə üstünlük, digərinə isə aşağı status verməklə ayrı-seçkilik yaradasan.
Qanunvericiliyin özündən gələn bu sayaq ədalətsiz yanaşmanın qurbanlarından da biri də Kazımov Zakir Mahmud oğludur. Şəxs 1990-cı ildən 2022-ci ilədək dövlət vergi orqanlarında fasiləsiz olaraq çalışıb, “kiçik vergi xidməti müşaviri” xüsusi rütbəsinə malikdir, hazırda 63 yaşı var. Söylədiyinə görə, 2022-ci ildə məhkəmə özbaşınlığı nəticəsində qanunsuz və əsasssız olaraq azadlıqdan məhrum edilib, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza yerində saxlanılır. 32 ilə yaxın vergi orqanında çalışmasını, xüsusi rütbəsi olmasını əsas götürərək ona xidmət illərinə görə əmək pensiyası təyin edilməsi üçün davamlı müraciətlər etməkdədir. Amma vətəndaş Dövlət Vergi Xidməti (DVX) ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında qalıb. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından verilmiş cavabda ona əmək pensiyası təyin edilməsi üçün xidmət etdiyi dövlət orqanından özünə aid məlumat vərəqəsinin verilməsi tələb edilir. Həmin məlumat vərəqəsinin əmək pensiyası təyin edən orqana təqdim olunması məqsədilə etdiyi müraciətinə isə Dövlət Vergi Xidmətindən verilmiş cavabda yuxarıda şərh edilmiş ziddiyyətli və qarma-qarışıq normativ hüquqi aktlara istinad olunaraq imtina cavabı verilib.
Zakir Kazımov DVX-ın imtina cavabını ədalətsiz hesab edir: “Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa (əvvəlki cümlədə nəzərdə tutulan şərtləri istisna etdiyi üçün, mənası belə şərh olunmalıdır: yəni, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini pisləşdirən, onlar barəsində hüquqi məsuliyyət müəyyən edən və ya bu məsuliyyəti ağırlaşdıran) normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. İstinad etdiyim konstitusion normaya əsaslanaraq qeyd edirəm ki, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli qanunu və bu qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 65 nömrəli Fərmanı hüquqi vəziyyətimi ağırlaşdırdığına görə, onların qüvvəsi geriyə tətbiq edilə və mənim xüsusi rütbəli şəxs kimi xidmət illərinə görə əmək pensiyasına çıxmaq, başqa sözlə, sözügüdən “Əsasnamə”nin 78-ci maddəsinin birinci cümləsi ilə müəyyən olunmuş hüququmu ləğv edə və aradan qaldıra bilməz. Ona görə ki, mənim əmək pensiyası hüququm 2022-ci ildə yarandığı halda, bu normativ hüquqi aktlar 2 il sonra, yəni 2024-cü ildə qüvvəyə minib. Bundan başqa, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 16-cı maddəsinin birinci hissəsində vergi orqanlarında xidmətə qəbul olunan vergi orqanlarının vəzifəli şəxslərinə aşağı pillədən tutmuş yuxarı pilləyədək verilməsi üçün siyahı üzrə 10 xüsusi rütbə müəyyən edilib. Həmin rütbələrdən biri də 4-cü sırada yer almış “kiçik vergi xidməti müşaviri” xüsusi rütbəsidir ki, mənə də bu rütbə verilib. Belə olan halda mənə münasibətdə nə üçün xüsusi rütbəli şəxslərə pensiya təyin olunması qaydası şamil olunmasın?”
Beləliklə, Zakir Kazımov özünü haqlı hesab edir və mövqeyini yuxarıda göstərilən arqumentlərlə əsaslandırır. Yəqin ki onun vəziyyətində olan şəxslərin sayı ölkəmizdə bir xeyli ola bilər. Ona görə də qanunverci orqan yuxarıda təsvir edilən ziddiyyət və çatışmazlıqları, eyni rütbəli və statuslu şəxslər arasında ayrı-seçkiliyi aradan qaldırmalı və qanunvericiliyin təkmilləşdirilməsi üçün lazımi işlər görməlidir. Konkret olaraq şikayətçi Kazımov Zakir Mahmud oğlunun məsələsinə gəldikdə isə, ümid edirik ki, aidiyyəti qurumlar məsələnin müsbət həlli ilə bağlı lazımı tədbirləri görəcək.
Azər Əli