Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulları, qazilərimizin və digər hərbi qulluqçularımızın göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Çünki onlar xalqımızın gözlədiyi Qələbə gününü reallığa çevirmək üçün öz layiqli töhfələrini veriblər. Vətən müharibəsində ağır yaralanaraq əlil olan və hərbi xidmətdən tərxis edilən hərbi qulluqçusu Məmmədov Elvin keçdiyi döyüş yolu əqidəsinə, içdiyi anda sədaqət, əsl döyüşçü fədakarlığı nümunəsidir.
– Elvin , öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
– Mən Elvin Cəfər oğlu Məmmədov 1993-cü ildə Xaçmaz rayonunun Müşkür kəndində dünyaya göz açmışam. 2000- 2011-ci illərdə Xaçmaz şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbində təhsil almışam. Təəssüf ki, təhsilimi davam etdirə bilməmişəm. 2012-ci ilin yanvarında hərbi xidmətə yollanmışam və 2013-cü ildə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə başa vurmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra rayonda müxtəlif işlərdə işləmişəm.
Nəhayət, özümü hərbidə tapdım və Qusar rayon N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- kəşfiyyatçı operator kimi qulluq etmişəm.
– Döyüş yolunuzdan danışardınız. Vətən müharibəsində döyüşlərə nə zaman qatıldınız ?
–Vətən müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak etmişəm. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Müharibənin, döyüşün öz çətinlikləri olur. Amma, Azərbaycan əsgərinin dəyanəti hər şeyin öhdəsindən gəlməyə qadir idi. Biz döyüşlərə yüksək əhval- ruhiyyə ilə qatılırdıq. Bu savaşda döyüş yoldaşlarımızdan şəhid olanı, yaralananı da oldu. Biz onları döyüş meydanında qoymurduq. Müharibənin ilk gunlərində yaralandım. Snayperlə vurmuşdular. Əynimdəki hücum jileti məni qorumuşdu. Yaram ciddi deyildi. Ona görə də, döyüşlərə davam etdim.
- Yaralı vəziyyətdə döyüşmək sizin üçün çətin deyildimi?
- Döyüşdən çıxsaydım geri qayıtmaq ehtimalım az idi.
Xocavənd şəhəri uğrunda qızğın döyüşlər gedirdi. Həmin döyüşlərin birində minaatanlardan açılan atəş bizi vurdu. Sağ ayağın bud nahiyyəsi, sağ böyrəyim, kurəyim, sol əlin mediyan sinir parçalanması, sağ üzümün üst çənədə 6-8 qəlpə var. Yaralanmağım oktyabrın 27-si, səhər saat 10:32-yə təsadüf etdi. Yaralı olmağıma baxmayaraq məndən də ağır vəziyyətdə olan birini özümlə sürüyərək xeyli məsafəni qət etmişdik. Sonra kömək gəldi və bizi Füzuli mərkəzi xəstəxanasına apardılar. Bizə ilk tibbi yardım göstərdikdən sonra Gəncədə modul tipli xəstəxanaya göndərdilər. Müalicəmi daha sonra isə Bakıda Mərkəzi Klinikada davam etdirdim.
-Zəfər xəbərini harada aldınız?
-Gəncədə modul tipli xəstəxanada idim. Gecə saat 1-də dəhlizdə səs-küy qopdu. Nə baş verdiyini anlamadım. Dəhlizdəki səslərin sevincdən olduğunu anlayanda bildim ki, qələbə qazanmışıq.
8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olunmuşdu. Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri hərbi yolla işğaldan azad edilmişdir. Bununla yanaşı düşmənin məğlubiyyəti ilə Moskvada imzalanan tarixi Bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar tam dayandırılmışdı. Zəfər Azərbaycan ordusunun güçü və Cənab Ali baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qazanıldı.
Ermənistanın törətdiyi təxribata cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunub. Qəhrəman əsgərlərimiz cəmi 44 gün ərzində düşmən qüvvələrini çökdürərək, onları təslim olmağa və Azərbaycanın əzəli torpaqlarını tərk etməyə məcbur edib. Bu tarixi günlərin hər biri öz qəhrəmanlıq nümunələri ilə yadda qaldı.
-Bakıda Mərkəzi klinikada müalicəniz başa şatdıqdan sonra ordudan tərxis olundunuz?
-Xeyr. Yenidən işimin başına döndüm. Hələ missiyamızı sona kimi başa çatdırmamışdıq. Mən komanda əsgəri idim və daim öz üzərimdə işləyir və Ali Baş Kamandanın əmrini gözləyirdim.
-2023-cü ilin sentyabr ayı sizə nə deyir?
-Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.
Düzdür, azadlıq qansız, qadasız olmur. Bu əməliyyatlara çiyin-çiyinə döyüşdüyümüz qardaşlarımı itirdim. Polkovnik- leytinant Vüsal Rüstəmov, Əlibəy Əlibəyov ilə bir səngərdə idik. Ordumuz düşmənin bədxah niyyətindən xəbərdar idi və bu dözülməz vəziyyətə son qoymağın vaxtı çatmışdı. Nəyi, nə vaxt etməyi yaxşı bilən Ali Baş Komandan tərəfindən Ordumuza müvafıq tapşırıq verildi və sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı.
19-u gecə düşmənin qəfil törətdiyi partlayış nəticəsində onlar şəhid, mən isə ağır xəsarət aldım. Baş beyinin əzilmiş ,sol əl nahiyyəsinin qırılmış, sol əlin iki barmağını, sağ qolun yanmış, sağ gözün yanaraq sıradan çıxmış vəziyyətdə mən, Müdafiə Nazirliyinin hərbi qostitalına çatdırılmışam. 11 gün koma vəziyyətində olmuşam. Oktyabrın 1-də komadan ayıldım. Dekabrın 2-də isə evə buraxılmışam. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ordudan tərxis olundum.
Sevindirici haldır ki, lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi.
-Sağlamlığınız imkan verərsə döyüşməyə hazırsınızmı?
-Əlbəttə. Ehtiyyatda olan hərbiçi kimi hər an Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərini yerinə yetirməyə hazıram.
Sözarası: Elvin Məmmədov hərbidə və döyüşdə xidmətlərinə görə Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə medallarla təltif edilmişdir. “ Füzulinin azad olunması”, “ Cəbrayılın azad olunması”, “ Xocavəndin azad olunması”, “ Şücaətə görə” və “ Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.
Canından Vətən yolunda hər an keçməyə hazır olan qazımızə can sağlığı diləyirik. Vətənin Elvin kimi igidlərə daim ehtiyaci var.
Gülxar RƏHİMLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvi.
“ XAÇMAZ”.