hemle

Qəbələdə məktəb satılıb yerində şadlıq evi tikiləcək ? - ATƏŞ.AZ

Tarix:18-01-2017, 22:21
Baxış Sayı:909

Respublikamızda bütün dövrlərdə təhsilə diqqət və qayğı olub. Ölkəmiz milli müstəqillik əldə etdikdən sonra isə bu sahəyə diqqətin daha da artırılmasının şahidiyik. Deyildiyi kimi, təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. Hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq imkanı qazanır.

Bununla yanaşı təhsil ocaqlarında məmur məsuliyyətsizliyindən irəli gələn nöqsanlar, bəzən də ümumi iqtisadi probremlərin çərçivəsində çətinliklər var.

Bu problemlərdən biri də, qocaman təhsil ocağı, elmə yüzlərlə alim vermiş Qəbələ rayon Vəndam qəsəbəsində fəaliyyət göstərən şəhid Hikmət Rəşidov adına 2 nömrəli orta məktəbdə yaşanır.

ATƏŞ.AZ saytı QəbələPress.info-ya istinadən bildirir ki, bu məktəb 23 noyabr 2015-ci il tarixindən bağlanaraq Vəndam 1 nömrəli tam orta məktəbə köçürülüb. Səbəb kimi isə 2-3 sinif otağının yararsız hala düşməsi və təmirə ehtiyac olduğu bildirilib. Hal-hazırda məktəbin 340 şagird və 64 müəllim heyəti “didərgin” ömrü yaşayır. Yəni müvəqqəti, qonaq qismində 1 nömrəli orta məktəbə köçürülən şagird və müəllim heyəti geriyə-öz məktəblərinə dönəcəkləri günün həsrətindədirlər. Onlar da yavaş-yavaş ümidlərini itirirlər. Çünki məktəbin bağlandığı 1 ildən artıq müddətdə orada nə təmir, nə də ki, bərpa işləri aparılmır. Sükut ömrü yaşayan, şagirdlərin səs-küyü üçün qəribsəmiş məktəbin partasız, boş sinif otaqlarını toz basır, giriş qapısından asılmış anbar qıfılı isə pas atır...

Bu yaxınlarda əslən Vəndamlı olub Bakı şəhərində yaşayan iş adamının bu məktəbin yerləşdiyi əlverişli yerə “gözü düşdüyü” xəbəri yayıldı. Deyilənə görə o, məktəbin yerində “şadlıq sarayı” tikdirmək fikrindədir... Bu xəbər valideynlərin haqlı narazılığına səbəb olub.Sözü gedən iş adamı ilə görüşüb söhbət eləməyə nail ola bilməsək də, əməkdaşımız Qəbələ RTŞ-nin müdiri Oktay Hacıyevlə görüşüb bu barədə onun fikrini öyrənə bilmişdir.

O, bildirmişdir ki, artıq təhsil sistemində islahatlar aparılması səbəbindən, məktəblərin tikilməsi, qəza vəziyyətində olan məktəblərdə əsaslı təmir 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin səlahiyyətindədir. Buna baxmayaraq Vəndam 2 nömrəli orta məktəbinin müvəqqəti olaraq Vəndam 1 nömrəli orta məktəbə köçürülməsinin səbəbini qəza vəziyyətində olduğundan irəli gəldiyini deyə bilərəm. Son illərdə rayonumuzun kəndlərində və Qəbələ şəhərində yerləşən bir neçə məktəblərdə əsaslı təmir aparılmışdır. Vəndam qəsəbə 2 nömrəli orta məktəbində də əsaslı təmir nəzərdə tutulub. İqtisadi çətinliklərlə bağlı hələki, sözü gedən məktəbdə təmir təxirə salınıb. O ki, qaldı məktəbin yerləşdiyi torpağın satılmasına bu, sadəcə cəfəngiyyatdan başqa bir şey deyil.



QəbələPress.info-nun əməkdaşı ilə görüşündə Qəbələ rayon baş memarı Təbriz Abdulxalıqov da məktəbin yerləşdiyi torpağın satılması haqqında yayılan şaiələrə öz münasibətini bildirərək demişdir:

-Dövlət tikintilərinin yerləşdiyi torpaqlar dövlətə məxsusdur. Hər hansı məktəbin yerləşdiyi torpağın da dövlətə məxsus olduğundan onun alınıb-satılması qeyri mümkündür. Odur ki, Vəndam qəsəbə 2 nömrəli orta məktəbin yerləşdiyi torpağın satılması haqqında söhbət də gedə bilməz. Bu şaiədir...

Əlbətdə bu haqda,- məktəbin yerləşdiyi torpağın satılması barədə oxucuların, əsasən də Vəndam qəsəbə sakinlərinin şübhələri aradan qalxacaq, dedi-qodular sakitləşəcək. Amma, bu problemin həlli deyil. 4 km-dən artıq məsafəni piyada qət etməyə məcbur olan şagird və müəllimlər, övladlarını məktəbə və məktəbdən müşaiyyət etmək zorunda qalan valideyinlər bu çətinliklərin aradan qaldırılmasını gözləyirlər. Vəndam qəsəbə sakinləri isə, ölkəmizdə təhsilə göstərilən qayğıdan, diqqətdən kənarda qalmamaq, ondan bəhrələnmək istəyirlər.

Biz inanırıq ki, aidiyyatı qurumlar qəsəbə sakinlərinin çağırışına yaxın bir zamanda cavab verəcək, problemin həllinə yardımçı olacaqlar.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı