hemle

ATƏT/DTİHB-nin “seçki hesabatı” hazırdır – Bakıya qarşı qurulan oyunun DETALLARI

Tarix:27-08-2024, 09:11
Baxış Sayı:454



Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq prosesi beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun davam edir. Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına qanunvericiliyə uyğun olaraq bərabər şərait yaradılıb: bütün seçki məntəqələrinə təşviqat lövhələri qoyulub, seçicilərlə görüş üçün qapalı və açıq yerlər ayrılıb, mediada ödənişsiz və ödənişli təşviqatın aparılması təmin edilib. Mərkəzi Seçki Komissiyası seçicilərin maarifləndirilməsindən tutmuş, aşağı seçki komissiyalarının səsvermə gününə hazırlığına qədər hər şeyi qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir.

Bütün bunların fonunda beynəlxalq müşahidəçilərə seçkiyə hazırlıq dövrünü və səsvermə prosesini izləmək üçün lazımi şərait yaradılıb. İndiyə qədər 43 ölkə və 24 qurumdan ümumilikdə 228 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb. Beynəlxalq müşahidəçilərə yaradılan şərait də Azərbaycanda demokratik seçki mühitinin mövcudluğundan xəbər verir. Və seçkiöncəsi mühit və Azərbaycanın seçki təcrübəsi sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin şəffaf şəkildə baş tutacağına əminlik yaradır.

Seçkini izləmək üçün qeydiyyatdan keçən qurumlardan biri də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasıdır. ATƏT-ə üzv ölkələrdə keçirilən seçkilərdə adətən DTİHB-nin rəyi əsas götürülür. Lakin reallıq fərqlidir: DTİHB-nin Azərbaycan da daxil olmaqla bir çox ölkədə apardığı “müşahidə” formal xarakter daşıyır və əsasən ABŞ başda olmaqla Qərb ölkələrinin/institutlarının təzyiq siyasətində “alət” rolunu oynayır.

Azərbaycanda keçirilən seçkilərdə bu fakt təcrübə ilə ispat olunub. ATƏT/DTİHB müşahidəçiləri qeydiyyatdan keçir, seçkiöncəsi mühiti və səsvermə prosesini “ciddi şəkildə” izləyir və sonda bir qayda olaraq, neqativlərdən ibarət hesabat dərc edirlər. Halbuki, DTİHB-nin hesabatları əksər vaxt digər beynəlxalq müşahidəçilərin hesabatları ilə ziddiyyət təşkil edir. Sual yaranır: eyni seçki məntəqəsinə baş çəkən beynəlxalq müşahidəçilərdən niyə yalnız DTİHB-nin əməkdaşları neqativ hesabat hazırlayır, yaxud digər müşahidəçilərin gördüyü və qeydə aldığı müsbət məqamlar niyə onların hesabatlarında əksini tapmır?

ATƏT/DTİHB-nin hesabatı öncədən hazırlanır, aparılan “müşahidələr” isə sadəcə formal xarakter daşıyır və müşahidəçilərin nə görməsindən, nəyi müşahidə etməsindən asılı olmayaraq, sonda seçkidən öncə hazırlanmış hesabat yayımlanır. Hazırda Azərbaycandakı seçki prosesini izləyən ATƏT/DTİHB-nin sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatının da artıq hazır olduğunu və seçkidən sonra yayımlanacağı sirr deyil.

O da sirr deyil ki, ATƏT/DTİHB Avropada ABŞ-ın nəzarətində olan qurumdur və bu qurumun hazırladığı seçki hesabatları da Vaşinqtonun xarici siyasətində təzyiq aləti rolunu oynayır. Bir neçə məqam qurumun Vaşinqtonun nəzarətində olduğunu ispat etməyə yetərlidir:

- DTİHB-nin müşahidəçiləri əsasən ABŞ vətəndaşları olur: bu qurumun ATƏT-in çətiri altında fəaliyyət göstərdiyini nəzərə alsaq, müşahidə prosesində çoxluğun məhz amerikalılara üstünlük verilməsi diqqətçəkən amildir;
- DTİHB adətən ABŞ-dakı seçkilərlə bağlı mənfi rəy vermir, seçki pozuntularının üzərindən səssiz keçir;
- ABŞ-dakı seçkilər zamanı bir çox ştatda DTİHB müşahidəçilərinə seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşmağa icazə verilmir;

Azərbaycanda bütün seçki prosesini əvvəldən axıra qədər izləmək imkanı yaradılan DTİHB müşahidəçilərinin sonda bir qayda olaraq, hazır hesabatla çıxış etməsi isə məqsədin seçki yox, siyasi olduğunu təsdiq edir. Və sentyabrın 1-də keçiriləcək seçkilərdən sonra qurumun hazır hesabat yayacağı təəccüblü olmayacaq.

Seçkilərlə bağlı əsas müzakirə mövzularından olan AŞPA-nın müşahidəçi kimi iştirak etməməsi də siyasi məsələlərdən qaynaqlanır. Bu qurum Azərbaycana qarşı riyakar və qərəzli mövqeyi ilə seçilir. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin mandatının qəbul edilməməsi qərəzli siyasətin son nümunəsi oldu. Belə bir təşkilatın seçkidə “müşahidə” aparmaq niyyəti əvvəldən bəllidir: seçki prosesini formal şəkildə müşahidə edərək, sonda həqiqətin təhrif olunduğu hazır hesabat yayımlayacaq, bununla da rəsmi Bakıya təzyiq edəcəklər.

Məhz buna görə AŞPA-nın müşahidəçi kimi iştirak etməməsi daha məqbuldur. Bəllidir ki, seçkidən sonra AŞPA da ATƏT/DTİHB-nin hazır hesabatına istinadən Azərbaycan haqqında qərəzli iddialar səsləndirəcək. Çünki Qərb, xüsusilə rəsmi Brüssel Azərbaycana qarşı ikili oyun qurub: Fransa “pis polis” rolunda Bakıya qarşı hücum edir, Almaniya “yaxşı polis” rolunda guya münasibətlərə önəm verir. Bu oyunu ifşa edən məqam Almaniyanın AŞPA-da nümayəndə heyətinin sədri Frank Şvabenin Azərbaycana qarşı hücuma keçməsidir. Bir tərəfdən “yaxşı polis” rolunu oynayan rəsmi Berlin digər tərəfdən Şvabe kimi təlxək və anarxisti rəsmi Bakının üzərinə göndərir.

Bütün bunlar – ATƏT/DTİHB-nin artıq hazır olan “seçki hesabatı”, AŞPA-nın qərəzli hücumları, Brüsselin qurduğu oyunların əsas hədəfi 44 günlük müharibədən sonra regionda yaranmış reallığı dəyişdirmək cəhdləridir. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edən Prezident İlham Əliyevin tarixi zəfərini Qərbdə hələ də həzm edə bilmirlər.

44 günlük müharibədən sonra Azərbaycana qarşı iki mərhələdə planların qurulduğu müşahidə edilir.

Birinci mərhələdə Avropa strukturlarının reallığı əks etdirməyən “hesabatları”, “qətnamələri ilə rəsmi Bakıya təzyiq etməyə çalışdılar.

Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə Qərb və regionda maraqları olan digər oyunçular Azərbaycan torpaqlarında “ikinci erməni dövləti”nin yaradılmasına çalışırdı. İşğalçı Ermənistana heç bir təzyiqin edilməməsi də bundan qaynaqlanırdı. Bu məqsədlə Azərbaycana qarşı edilən təzyiqlər nəticə vermədi, Prezident İlham Əliyev bu oyunları pozaraq, 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdi və regionda yeni reallıqlar yaratdı. Vətən müharibəsindən sonra Xankəndində qalmış separatçıların qalıqlarına dəstək verən Qərb ölkələri ümid edirdilər ki, “ikinci erməni dövləti”nin yaradılması planını həyata keçirə biləcəklər. Qərb institutlarının Azərbaycana təzyiq xarakteri daşıyan “qətnamələri”, “qərarları” da buna hesablanmışdı. Prezident İlham Əliyevin erməni separatizminin məhv edilməsi və suverenliyimizin bərpası istiqamətində həyata keçirdiyi strategiyası bütün bu oyunları ikinci dəfə iflasa uğratdı. Artıq bölgədə “erməni kartından” Azərbaycana qarşı istifadə etmək imkanları azalan qüvvələr çıxılmaz vəziyyətə düşüb və müxtəlif bəhanələr, “seçki planları”, “demokratiya və insan haqları” kimi prinsiplər üzərindən rəsmi Bakıya təzyiq göstərmək cəhdləri davam edir. Hərçənd, özləri də yaxşı bilir ki, Azərbaycan dövlətini və xalqını, dövlət və xalqın maraqları uğrunda mübarizə aparan Prezident İlham Əliyevi bu cür təzyiqlərlə geri addım atmağa məcbur edə bilməyəcəklər.

İkinci mərhələdə B planını – Ermənistanın silahlandırılması prosesini işə salıblar.

Qərbdə Fransanın rəhbərliyi altında İrəvana ağır hücum silahlarının verilməsi sürətlənib, o cümlədən, Qərb qüvvələrinin Cənubi Qafqazda Ermənistan üzərindən yerləşdirilməsi həyata keçirilir. Buna paralel olaraq, Ermənistana ciddi iqtisadi dəstək də verilir, hətta rəsmi İrəvanın pul qazanması üçün Rusiyaya qarşı sanksiyaların pozulmasına da göz yumurlar. 2022-ci ildə - Ukrayna müharibəsi başladıqdan sonra Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin “fontan vurması” bu kontekstdə təsadüfi deyil.

2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 68.8 faiz artaraq, 14,1 milyard ABŞ dollarına çatıb. Bu, Ermənistanın Satatistika Komitəsinin rəsmi məlumatında əks olunur.

- 2022-ci ildə Ermənistanın idxalı 2021-ci illə müqayisədə 63,5 faiz artaraq, 8,7 milyard dollardan çox olub;
- 2022-ci ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 91,7 faiz artaraq, 5,05 milyard dollar olub;
- Ermənistanın Rusiyaya ixracı 2,4 dəfə artaraq, 20,4 milyard dollar olub: bu əvvəlki illərlə müqayisədə rekord həddir;
- Ümumilikdə Ermənistanın ixracında Rusiyanın payı 45 faizə çatıb;

Bu “müsbət saldo” Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsinin nəticəsidir.

2022-ci ildə Ermənistana qiymətli metal və daşların idxalı 200 faiz, nəqliyyat vasitələrinin idxalı 170 faiz, elektronikanın idxalı 100 faiz, dəmir və polad məmulatlarının idxalı 76 faiz, maşın və mexaniziki qurğuların idxalı 52 faiz artıb. Və bütün bunlar 2022-ci ildə Ermənistandan Rusiyaya irxac edilən əsas məhsullar olub. Ermənistandan Rusiyaya elektron məhsulların ixracı 37 dəfə, nəqliyyat vasitələrinin ixracı 30 dəfə, maşın və mexaniki qurğuların ixracı 10 dəfə, qiymətli metal və daşların ixracı 200 faiz, texniki və tibbi avadanlıqların ixracı 400 faiz artıb. Beləliklə, Rusiya bu məhsulları idxal edə bilmədiyi üçün Ermənistana “sifariş verir”, Ermənistan idxal edərək, Rusiyaya göndərir. Ermənistan iqtisadiyyatı ilə bağlı 2022-ci ilin proqnozları ilə artım tempi arasındakı böyük fərq də əsas faktlardan biridir. Belə ki, Ermənistan Mərkəzi Bankı 2022-ci ildə iqtisadi artımla bağlı proqnozu 5,3 faizdən 1,6 faizə, Beynəlxalq Valyuta Fondu 5,25 faizdən 1,5 faizə, “Fitch Ratings” 5,3 faizdən 1,3 faizə endirib. Lakin 2022-ci ildə Ermənistanda iqtisadi artım 12,6 faiz, xarici ticarət dövriyyəsi isə 69 faiz artıb. Heç bir istehsala dayanmayan bu artım da Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyini ispat edir. ABŞ Sənayi və Təhlükəsizlik Bürosunun məlumatında da qeyd olunur ki, Ermənistan ABŞ-dan mikroçip və prosessor idxalını 515 faiz, Avropa İttifaqından isə 212 faiz artıb, daha sonra həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib. 2023-cü ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin 7,3 milyardı ötməsi, bu ilin ilk rübündə isə 40 faiz artması da “sanksiyaların dəlinməsi” əməliyyatlarından qaynaqlanır.

Qərb ölkələri isə Ermənistanın maraqları naminə hər şeyə göz yumur. Məqsəd Cənubi Qafqazda Ermənistanın gücləndirilməsi və Azərbaycana qarşı revanşizmin körüklənməsidir. Hərçənd, Qərb reallığı anlamalıdır: Azərbaycanın maraqları nəzə alınmadan, Cənubi Qafqazda heç nəyə nail ola bilməyəcəklər.

Nə “seçki planları”, nə “demokratiya və insan haqları” adı altında qurulan oyunlar, nə də Ermənistanın silahlandırılması bu reallığı dəyişdirə bilməz. Azərbaycan Ermənistanın silahlandırılmasına seyrçi qalmayacaq, çünki 30 ilə yaxın dövrdə bu ölkənin işğal və soyqırımı siyasəti ilə üzləşib. Bundan sonra bir daha erməni revanşizminin baş qaldırmaması, Xocalının yaşanmaması, Gəncə və Bərdənin bombalanmaması üçün lazım olan addımlar atılacaq. Azərbaycanın adekvat addımının Ermənistana verilən Qərb silahlarının məhv edilməsi və Qənimətlər Parkına daşınması ilə nəticələnəcəyi bəllidir.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ