Ermənistanın indiki və sabiq rəhbərliyinin terroru və faşizmi dəstəkləyən əməlləri bir çox beynəlxalq təşkilatlarda cənab Prezidentimiz tərəfindən yüksək səviyyədə ifşa olunub və olunmaqda davam edir.
ONN media xəbər verir ki, bu sözləri Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin iclasında çıxışı zamanı deyib. O bildirib ki, cənab Prezident Ermənistanın əvvəlki rəhbərliyinin alman faşizmi ilə əməkdaşlıq edən Qaragen Njdeyə qoyduğu heykəli Ermənistanın yeni rəhbərinin götürməməsinin, tam əksinə, bu heykəlin qoyulması ilə bağlı bəraətverici çıxışlarının faşizmi dəstəkləyən əməllər olmasını bütün beynəlxalq platformalarda geniş şəkildə ifşa edib:
“Eyni zamanda Ermənistanın keçmiş rəhbərliyinin beynəlxalq terrorçu Monte Melkonyana qoyduğu heykəl də Ermənistanın yeni rəhbərliyi tərəfindən götürülməyib və bu fakt onun beynəlxalq terrora verdiyi dəstəyin nümunəsidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının faşist Almaniyası ilə geniş əməkdaşlığı tarixi faktlarla sübut olundu və Ermənistan rəhbərliyinin iç üzü dünyaya tanıdıldı. Bütün bunlardan sonra Ermənistan baş naziri səviyyəsində Cümhuriyyət tariximizə və Cümhuriyyət qurucularımıza qondarma erməni soyqırımı yalanları kimi yalanlarla hücumlara başlayıb. Bu yalanlara dünyadakı hər bir azərbaycanlı, tarixçilərimiz, siyasətçilərimiz, diaspor təşkilatlarımız, mətbuat qurumlarımız fəal şəkildə cavab verməlidir. Erməni yalanlarının ifşası üçün səfərbərliyimizi daha da artırıb həqiqətləri dünyaya daha geniş çatdırmalıyıq”.
Q.Paşayeva xüsusilə vurğulayıb ki, Cümhuriyyət qurucularımızdan olan bəzi şəxslərin məhz erməni terrorunun qurbanı olduğunu dünyaya çatdırmalıyıq:
“Ermənilər Cümhuriyyət qurucularımızın qətlə yetirilməsi ilə bağlı bir siyahı hazırlamışdılar. Baş nazirimiz, İstiqlal Bəyannaməsində imzası olan Fətəli Xan Xoyski, parlamentin sədr müavini, İstiqlal Bəyannaməsində imzası olan Həsən bəy Ağayev Tiflisdə, Qarabağın qurucu xanı Pənahəli xanın nəticəsi olan Daxili İşlər nazirimiz Behbud xan Cavanşir İstanbulda erməni terrorunun qurbanı oldular, ermənilər tərəfindən xaincəsinə qətlə yetirildilər. Bu böyük şəxsiyyətlərimizin ermənilər tərəfindən qətlə yetirilməsinin 100-cü ildönümü tamam olur. Çox yaxşı olardı ki, Bakının mərkəzi yerlərində erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın büstləri və ya heykəlləri qoyulsun və orada onların məhz erməni terrorunun qurbanı olduqları, ermənilər tərəfindən qətlə yetirilməsi qeyd olunsun. Bu ölkəmizə gələn çoxlu sayda insana həqiqətlərin, gerçəklərin daha geniş çatdırılması istiqamətində də vacib addım olardı”
ONN İnformasiya Agentliyi