Bununla bağlı qeyd olunur ki, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin əmlaklarının müsadirə edilməsi məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin əmlakların müsadirəsi ilə bağlı məhkəmə qərarlarının icrası Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq Qaydaların tələblərinə uyğun həyata keçirilir.
Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.Bu vəsaitlərin büdcəyə köçürülməsi hansı mexanizm əsasında baş verir və büdcənin hansı maddəsində əks olunur?
Bundan sonra dövlət mülkiyyətinə keçən, lakin dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan əmlaklar, habelə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, dövlət əhəmiyyətli orden və medallar, dərman vasitələri, dini ibadət (ayin) əmlakları əvəzsiz olaraq aidiyyəti təşkilatlara (orqanlara) verilir. Milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankındakı hesabına mədaxil olunur.
Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Yuxarıda da qeyd olunduğu kimi, həmin əmlakların satışından əldə edilən vəsaitlər müvafiq qaydada dövlət büdcəsinə köçürülür:
“Bununla yanaşı nəzərinizə çatdırırıq ki, müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur”.Maraqlıdır, son 5 ildə bu mənbədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub? Nazirlikdən verilən məlumata görə, bu mənbədən dövlət büdcəsinə
- 2015-ci ildə - 6 milyon 777 min manat
- 2016-cı ildə - 2 milyon 785 min manat
- 2017-ci ildə - 605 min manat
- 2018-ci ildə - 9 milyon 144 min manat
- 2019-ci ildə - 14 milyon 720 min manat daxil olub.
Qeyd edək ki, bu rəqəmlər ötən il həbs olunan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovdan müsadirə olunan pul və əmlakı əhatə etmir. Bu il həbs olun 3 icra başçısını da nəzərə alsaq, yəqin ki, 2020-ci il üzrə dövlət büdcəsinə bu maddə üzrə daxilolmalar daha böyük həcmləri əhatə edəcək.
Yeri gəlmişkən, son 5 ilə dair rəqəmlər böyük ehtimalla “MTN işi”, “Rabitə İşi” və “Beynəlxalq Bank işi” üzrə müsadirə olunmuş əmlak və vəsaitləri əks etdirir.