II YAZI
1988-ci ildə Gümrü və onun ətrafında güclü zəlzələ baş verəndə ilk yardım əli uzadan xarici ölkə də Türkiyə olmuşdu. Daha sonrakı illərdə Sovet İttifaqının dağılması nəticəsində yaranan iqtisadi təlatümlərə görə çətin vəziyyətdə olan Ermənistana Türkiyə tərəfindən buğda yardımı edilib, elektrik enerjisi də verilmişdi. Lakin Türkiyənin barışıq və sülhsevər yanaşmasına Ermənistandan anlayış göstərilmədi. Ermənistanın müstəqillik əldə etməsindən təxminən bir il əvvəl, 23 avqust 1990-cı ildə “Müstəqillik Bəyannaməsi” qəbul etmişdi. Qurulacaq dövlətin əsaslanacağı prinsipləri müəyyən edən bu sənədin 11-ci maddəsi Türkiyəyə aid idi və tərcüməsi belədir: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş erməni soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsini dəstəkləyir”.
Həmin sənəddə Azərbaycanın da ərazi bütövlüyü şübhə altına alınmış və ərazi iddiaları irəli sürülmüşdü. Sözügedən maddə ilə “erməni soyqırımı”nın gerçək olduğu yeni elan ediləcək dövlət tərəfindən qəbul edilir və bu “soyqırımı”nın beynəlxalq səviyyədə tanıdılması təşəbbüsü göstərilirdi. Həm də bildirilirdi ki, bu, Ermənistanın borcudur. Ayrıca, Şərqi Anadolunu “Qərbi Ermənistan” olaraq qələmə verməklə dolayı yolla bu region üzərində hüquqlar əldə etmək təşəbbüsü göstərilir və Türkiyə dövləti bu məsələyə biganə qala bilməzdi. Üstəlik, 1995-ci ildə qəbul edilmiş Ermənistan Konstitusiyasının birinci cümləsində “Müstəqillik Bəyannaməsinə” daxil edilmiş Ermənistan dövlətinin əsas prinsipləri və milli istəkləri erməni xalqı tərəfindən əsaslı şəkildə qəbul edilir” sözləri təsbit olunmuşdur.
Bu gün də Ermənistanla münasibətlərin qurulmasında əsas maneə budur və danışıqların bütün dövrlərində masaya yatırılsa da, yatırılmasa da Ermənistanın “Müstəqillik Bəyannaməsi”ndə yer alan bu müddəa diplomatik əlaqələrin qurulmasına və Ermənistan–Türkiyə sərhədlərin açılmasına əngəl olmuşdur.
Ermənistan bu durumu dəyişdirmək təşəbbüsləri göstəribmi? Demək olar ki, indiyədək belə cəhdlər olmayıb.
Türkiyə 1991-ci ildə Sovet İttifaqından ayrılan yeni ölkələrə, o cümlədən Ermənistana nümayəndə heyətləri göndərərək, gələcək münasibətlərlə bağlı ilkin görüşlər keçirmişdi. Bu, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan tərəfindən yaxşı qarşılanmışdı. Bu görüşlər zamanı qısa müddətdə diplomatik əlaqələr qurulmuş, ticarət, turizm və mədəni əlaqələr sahəsində irəliyə addımlar atılmışdı. O dövrdə Türkiyə ilə rəsmi əlaqələr qurmaq Ermənistan üçün daxili siyasət məsələsi idi. Baş nazir Süleyman Dəmirəl 1991-ci il dekabrın 24-də Levon Ter-Petrosyana göndərdiyi məktubda ifadələr diqqəti cəlb edir:
“Hökumətimiz Ermənistan Respublikasını tanıdığı halda, Ermənistan Türkiyə Respublikası və digər qonşuları ilə beynəlxalq hüququn dövlətlərin bir-birinin ərazi bütövlüyü və sərhədlərin dəyişməzliyinə hörmət, mehriban qonşuluq münasibətlərinə əməl etmək və s. əsas prinsiplərinə əməl etməyə borcludur”.
1991-ci ildən bəri Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurmaq üçün üç dəfə cəhd edilib və hər üçü uğursuzluğa düçar olub. İlk cəhd 1992-1993-cü illərdə edilib. Erməni və türk diplomatları əlaqələr qurmaq üçün protokol üzərində işləyirdilər, lakin 1993-cü ilin aprelində Kəlbəcər işğal edilərkən bu münasibətlər dayandırıldı, Türkiyə Ermənistanla yarıaçıq sərhədi bağladı və onunla bütün əlaqələri dayandırdı. Xarici İşlər Nazirliyi 3 aprel 1993-cü il açıqlamasında Türkiyə-Ermənistan sərhədinin bağlandığını elan etdi. Ermənistanla dəmir yolu və hava əlaqələri də kəsildi.
İkinci cəhd isə 2005-2007-ci illərdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində Ermənistan–Türkiyə məşvərət danışıqlarının aparıldığı vaxt baş verdi. Bu müddət ərzində xarici işlər nazirləri Abdullah Gül və Vardan Oskanyanın görüşləri baş tutdu ki, bu da sıçrayış olacağına ümid yaratdı.
Üçüncü cəhd “futbol diplomatiyasıdır” . 2008-2009-cu illərdə, prezidentlər Abdullah Gül və Serj Sarkisyan Türkiyə-Ermənistan futbol matçlarını birlikdə izləmək üçün müvafiq olaraq İrəvana və Bursaya səfər etdikdə, 2009-cu ilin oktyabrında bu “futbol diplomatiyası” Sürixdə protokolların imzalanması ilə nəticələndi.
İfrat millətçilərin və daşnakların köməyi ilə hakimiyyətə gələn Robert Koçaryan seçildikdən dərhal sonra, 1994-cü ildə Ter-Petrosyan hökumətinin qadağan etdiyi Daşnak Partiyasının yenidən fəaliyyətə başlamasına icazə verildi. Koçaryanın Türkiyə ilə bağlı siyasətində ifrat millətçilərin də təsiri oldu. Ermənistan Konstitusiyası və Bəyannamənin 11-ci maddəsinə uyğun olaraq, “soyqırımı” iddiası və onun tanınması üçün səy göstərməsi hökumət proqramına daxil edildi. Ermənistanın bu sahədəki səyləri bəzi Avropa İttifaqı ölkələri tərəfindən dəstəkləndi. 1998-ci ilə qədər “erməni soyqırımı” iddialarını tanıyan parlamentlərin sayı 8 idisə, Koçaryanın prezidentlikdən getdiyi 2008-ci ildə bu rəqəm artıq 19-a çatdı. Koçaryanın Türkiyəyə qarşı bu “aqressiv” siyasəti digər sahələrə də təsir edirdi. Məsələn, 1998-ci ilin sentyabrında BMT Baş Assambleyası İdarə Heyətindəki çıxışında o, gözlənilmədən “soyqırımı” iddialarını dilə gətirdi və təbii ki, bu Türkiyənin sərt etirazına səbəb oldu.
Sürix protokolları iki ölkə arasında diplomatik münasibətlərin normallaşdırılmasını və 1993-cü ildən bağlanan Türkiyə-Ermənistan quru sərhədlərinin açılmasını nəzərdə tuturdu. İki ölkə diplomatik normallaşma və iqtisadi əlaqələrin yenidən aktivləşdirilməsinə üstünlük verərkən, 1915-ci il hadisələri ilə bağlı məsələlərin müzakirəsinin birgə tarix komissiyasına həvalə edilməsi siyasəti də ortada idi. Sürix protokollarında yalnız “Diplomatik münasibətlərin qurulması” və “İkitərəfli münasibətlərin yaxşılaşdırılması” nəzərdə tutulurdu. Amma bu işin nəticə verməsinə yenə Ermənistan Konstitusiyası və onun da istinad etdiyi 1991 “Müstəqillik Bəyannaməsi” əngəl oldu. Ermənistan müxtəlif bəhanələrlə bu sənədi Konstitusiya məhkəməsindən keçirib parlamentin ratifikasiyasına təqdim edə bilmədi, çünki həmin sənəd Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil edirdi.
Nəticə ortadadır. 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanan protokollar iki ölkənin parlamentləri tərəfindən təsdiq olunmadığı üçün qüvvəyə minmədi. Hər iki dövlət protokolları ratifikasiya etməməkdə bir-birini günahlandırır. Sürix protokollarının Türkiyə tərəfindən ratifikasiya olunmamasında Azərbaycan tərəfinin Türkiyəyə təsirinin olduğunu erməni tərəfi tez- tez dilə gətirir. Əlbəttə, Qarabağda erməni işğalı davam edərkən Türkiyənin Ermənistanla diplomatik münasibətləri normallaşdırmaq cəhdləri Azərbaycanın narazılığına səbəb olacaqdı. Amma bu işin reallaşmasına əsas əngəl Ermənistanın Konstitusiyası idi və həm də hər iki ölkədə ictimaiyyət münasibətlərin normallaşdırılması ideyasına kifayət qədər hazır deyildi. Bütün bu məsələlər bir araya gələndə Türkiyə-Ermənistan münasibətlərində gözlənilən müsbət dinamika əldə edilə bilməzdi.
Onu da qeyd edə bilərik ki, Sürix protokollarından sonra Azərbaycan tərəfi Türkiyədə iqtisadi sahəyə investisiyalarını artırdı. Bakı Türkiyənin ictimai rəyinə müsbət təsir göstərmək üçün mühüm addımlar atdı ki, bunu da həmin erməni- türk münasibətlərinə bağlamaq qüsurludur. Türkiyə-Azərbaycan hərbi əlaqələri çox yüksək səviyyəyə yüksəldi. 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın parlaq qələbəsi və Qarabağın işğaldan azad olunması ilə Türkiyə–Ermənistan münasibətləri yeni mərhələyə daxil oldu. Şübhəsiz, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Türkiyənin dövlət maraqlarının tərkib hissəsinə çevrilmişdir.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri