hemle

Türk–erməni münasibətlərində tarixi gerçəklər

Tarix:18-05-2024, 14:23
Baxış Sayı:769

Türk–erməni münasibətlərində tarixi gerçəklər
I yazı

Bu gün Ermənistanla Türkiyə arasında münasibətlərdən danışarkən bəzi tarixi gerçəkləri diqqətə çatdırmaq önəmlidir. Necə oldu ki, tarixi Azərbaycan torpaqlarında erməni dövləti ortaya çıxdı? Ermənilərin belə bir düşüncəsi var idimi? Bu dövlətin ortaya çıxmasında hansı maraqlar rol oynadı? 1917-cil il Rus inqilablarının və Birinci Dünya müharibəsi dövrünün gəlişmələrinə nəzər salsaq, Cənubi Qafqazda ermənilərə aid bir dövlət yaratmaq planının yalnız həmin siyasi olayların nəticəsində baş verdiyini görə bilərik. Ona qədər erməni siyasi fikrində və düşüncəsində burada bir dövlət qurmaq planı olmamışdı. Öndə gələn erməni siyasi təşkilatları Şərqi Anadolu ərazilərində bir dövlətə sahib olmaq mübarizəsi verirdilər. Rusiya da bu ideyaya dəstək verirdi.

Erməni İnqilabçı Federasiyası (EİF) - Daşnaksutyun üzvü Ruben Ter-Minasyan yazır ki, 1917-ci ilə qədər heç bir erməni partiyası İrəvan quberniyasını Rusiyadan ayırıb Ermənistana çevirməyə çalışmamışdı. Onun sözlərinə görə, Ararat Ermənistanının yaradılması ideyası erməni partiyaları, ümumilikdə erməni xalqı tərəfindən Rusiyada, yəni Cənubi Qafqazda deyil, Türkiyədə qurulması planlaşdırılırdı. 1914-cü ildə Ərzurumda keçirilən Daşnaksutyun Partiyasının Konqresi zamanı mərkəzi Eçmiadzin olan Ermənistanın yaradılması təklif edilsə də, ermənilər Şərqi Anadoluda bir dövlət istəyirdilər. Bu Konqresdə “İttihat və Tərəqqqi” üzvləri Bahaəddin Şakir, Ömər Naci və Hilmi bəy iştirak etmişdilər.

Mayın 28-i Ermənistanın müstəqilliyinin elan edildiyi və ya Ermənistan Respublikasının yarandığı gün hesab olunur. Amma həmin gün ermənilər müstəqil dövlət elan etməkdən çəkinir və bu addımı atmağa qorxurdular. Çünki varlığı çox qısa müddət sürən Zaqafqaziya Federativ Respublikasına daxil edilən və “ermənilərə aid edilən ərazilərdə” erməni əhali azlıqda idi və belə bir əraziyə iddia etmək gələcək dövləti burada yaratmaq çətinliyi yaradacaqdı.

1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya Seymi (ermənilərin, gürcülərin, müsəlmanların (indiki Azərbaycan türklərinin) parlament-qanunverici orqanı son iclasını keçirdi və burada gürcü menşeviklərinin Zaqafqaziya Federativ Respublikasının buraxılması təklifi qəbul edildi. Həmin gün axşam saatlarında Gürcüstan Milli Şurası Gürcüstanın müstəqilliyini elan etdi. Mayın 26-da səhər bir neçə həftə mövcud olmuş Zaqafqaziya Federativ Respublikası ləğv edildi. Həmin gün Gürcüstan və iki gün sonra Azərbaycan Demokratik Respublikası elan olundu. Ermənilər eyni addımı atmağa tərəddüd etdilər. Ermənistanın sonuncu baş naziri Simon Vratsyan yazır ki, gürcülərin davranışı ermənilər üçün dəhşətli vəziyyət yaratdı. Ermənilər gürcülərin davranışlarında özlərinə qarşı məkrli sui-qəsd və xəyanət görürdülər. Vratsyan yazır ki, mayın 26-da axşam Tiflisdəki Erməni Milli Şurası böyük səs çoxluğu ilə Gürcüstanın müstəqilliyinə etiraz etmək qərarına gəldi.

Tiflisdəki Erməni Milli Şurası yalnız 1918-ci il mayın 30-da “müstəqillik” və “respublika” sözlərini qeyd etmədən Ermənistanın müstəqilliyini elan etdi. Mayın 26-da keçirilən sessiyada iştirak edən EİF-Daşnaksutyun üzvləri Avetis Aharonyan, Artaşes Babalyan, Ruben Ter-Minasyan, Sosialist İnqilabçılar və heç bir partiyaya bağlı olmayanlar müstəqilliyin qəti əleyhinə çıxmışdılar. Simon Vratsyanın fikrincə, Tiflisdəki Erməni Milli Şurası Ermənistanı müstəqil elan etməyə məcbur olub, “çünki o vaxt müstəqillik hamı tərəfindən dəhşətli perspektiv idi, erməni xalqını türklərə tabe etmək təhlükəsi kimi qəbul edilirdi”.

Ermənistan Respublikasının elan edildiyi müstəqillik haqqında bəyannamə qısa bir mətndən ibarətdir. Hələ biz onu demirik ki, bu ərazilərə gəlib yerləşmiş erməni hərbi birlikləri də buna qarşı kəskin olaraq qarşı çıxırdılar. Onlardan biri də Andranik idi.

Həmin dövrdə bölgədə əsas söz sahibi Osmanlı dövləti idi. Mayın 28-də Erməni Milli Şurası ciddi müzakirələrdən sonra Osmanlı imperiyası ilə Ermənistan adından danışıqlar aparmaq və sülh bağlamaq üçün Batuma nümayəndə heyəti göndərmək qərarına gəldi. Beləliklə, Osmanlı Türkiyəsi ilə Ermənistanın ilk münasibətlərinin təməlləri atıldı.

1918-ci il mayın ortalarında Batumda başlayan danışıqlar zamanı erməni nümayəndələrə aydın idi ki, gürcülər Osmanlı imperiyası ilə sülh bağlamaqdan əlavə, onlardan müstəqilliklərini dəstəkləmələrini də xahiş edəcəklər. Batumda erməni nümayəndələrindən biri olan Aleksandr Hatisyan Gürcüstan lideri Noy Jordaniyaya dostlarını çətin zamanda qoyub getməyin yaxşı iş olmadığından şikayət edəndə, Gürcüstanın gələcək baş naziri belə cavab vermişdi: “Əgər siz aşağı yuvarlanırsınızsa, biz sizinlə enmək məcburiyyətində deyilik".

Vratsyan öz xatirələrində yazır: “1918-ci ilin mayında türklər İrəvanı və bütün Ermənistanı tuta bilərdilər, lakin bunu etmədilər, əksinə, iyunun 4-də Batumda yeni yaradılmış Ermənistan hökumətinin nümayəndələri ilə sülh müqaviləsi imzaladılar, beləliklə de-fakto Ermənistanın müstəqilliyini tanıdılar...Beləliklə, biz tarixin acı ironiyası ilə qarşılaşdıq, türklər Ermənistanın müstəqilliyinin ilk beynəlxalq səviyyədə tanınmasına nail oldular”, əslində türklər Zaqafqaziyanın müstəqilliyini istəyirdilər ki, bölgə Rusiyadan ayrılsın və onlarla ruslar arasında bufer zonaya çevrilsin. Ermənistanla aparılan sonrakı danışıqlarda Osmanlı dövləti də, TBMM hökuməti də qonşuluq prinsiplərindən çıxış etməyə, yaranan mübahisələri həssaslıqla həll etməyə çalışmışdı. Erməni nümayəndələri ilə görüşdə Tələt paşa Ermənistanın 9 min kvadratkilometlik ərazidə elan olunmasını onların sərhədlərini genişləndirmək üçün səy göstərmələrinə, Türkiyə üçün əbədi təhlükəyə çevrilmələrinə səbəb olacağını bilirdi. Hatisyan kitabında yazır: “Tələt paşanın nöqteyi-nəzəri doğru çıxdı, türklər kiçik Ermənistan yaratdılar. Bundan sonra bir gün Ənvər paşa mənimlə görüşəndə öyünərək dedi: "Çox çətin bir məsələni həll etdim, Ermənistanı mən yaratdım, ermənilərin milli tələblərini yerinə yetirdim...”

Erməni Milli Şurası 28 mayda müstəqilliyini elan etməklə Türkiyənin daha öncə verdiyi ultimatumunu qəbul etmiş hesab edildi. Amma sual yaranırdı: ultimatumu kim qəbul edir, Ermənistan Milli Şurası, yoxsa Milli Şuradan ibarət Ermənistan hökuməti? Türkiyənin ultimatumu iki əsas maddədən ibarət idi: Ermənistanın müstəqilliyinin elan edilməsi və danışıqlar üçün Batuma nümayəndə heyətinin göndərilməsi. Tələblər yerinə yetirilmişdi. Həmin gün, yəni mayın 28-də Hatisyan, Kaçaznuni və Papacanyan Ermənistanın nümayəndələri kimi Batuma gedib türklərlə görüşdülər. Bu danışıqların nəticəsi olaraq iyunun 4-də ermənilərlə türklər arasında Barış və Dostluq Müqaviləsi imzalandı. Erməni tərəfdən onu EİF üzvləri Hovhannes Kaçaznuni və Aleksandr Hatisyan və Xalq Partiyasının üzvü Mikael Papacanyan imzaladılar.

Az sonra Osmanlı İmperiyasının İrəvanda səfirliyi, Gümrüdə isə konsulluğu açıldı. 1920-ci ildə Ermənistanın sovetləşməsinə baxmayaraq, türklər 1923-cü ilin oktyabrına qədər İrəvandakı səfirliyini, 1925-ci ilə qədər isə Gümrüdəki konsulluğu saxladılar. Öz növbəsində Ermənistanın İstanbulda diplomatik nümayəndəliyi var idi. Osmanlı İmperiyası Birinci Dünya müharibəsində məğlub olana qədər İrəvan və İstanbul bir-birləri ilə normal münasibətlərdə idilər.

Ermənistan tez-tez kömək üçün türklərə müraciət edirdi. Belə ki, 1918-ci ilin avqustunda Xəlil paşa Tiflisdən İrəvana gələndə onu daxili işlər naziri Aram Manukyanın evində baş nazir Hovhannes Kaçaznuni qonaq edib. Vandan Xəlil paşanı tanıyan Aram özü onun vasitəsilə aclıqdan əziyyət çəkən Ermənistan xalqı üçün buğda gətizdirə bildi. Xəlil paşanı o zaman Eçmiadzində bütün ermənilərin katolikosu qəbul etmişdi.

Həmin ilin iyun-oktyabr aylarında böyük bir erməni heyəti İstanbulda Osmanlı dövlətinin rəsmiləri ilə təmaslar qurdular, sentyabrda İstanbuldakı erməni nümayəndə heyəti Ənvər paşa və Tələt paşa vasitəsilə çalışdı ki, Azərbaycan Ermənistana neft və buğda göndərsin.

Erməni-türk münasibətləri hətta TBMM hökuməti dövründə də davam etdi. Lakin artıq 1920-ci ilin payızında Türkiyə-Ermənistan müharibəsi ilə bu diplomatik əlaqələr dayandırıldı. Kazım Qarabəkir paşanın başçılığı ilə türk qoşunları erməni işğalı altında olan Qarsı, daha sonra Aleksandropolu, indiki Gümrü şəhərini bir neçə həftə ərzində azad etdilər. 1920-ci il dekabrın 2-dən 3-nə keçən gecə Ermənistan artıq sovetləşəndə bir tərəfdən Aleksandr X
Qafar ÇAXMAQLI, atisyan, digər tərəfdən Kazım Karabəkir paşa Aleksandropol paktını imzaladılar. Bu, iki ölkə arasında ilk müqavilə olmaqla yanaşı, Ermənistanın kapitulyasiya aktı kimi tarixə düşdü.

1921-ci ilin martında Moskva, ­oktyabrında Qars müqaviləsi imzalandı və bir il sonra ratifikasiya olundu və bu müqavilə ilə Ermənistan və Türkiyənin indiki sərhədləri çəkildi. SSRİ dövründə erməni- türk əlaqələri artıq mərkəzi sovet hakimiyyətinin nəzarətində idi.

XQ-nin Türkiyə müxbiri

Digər xəbərlər
16:02 Sürücülər DİQQƏT: 40 manat cəriməsi var
15:57 İran səfirliyimizə hücum edən şəxslə bağlı qərar verdi
15:53 İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?
15:49 Bu şəxslər 1500 manatədək cərimə ediləcək
15:47 Müəllimlər üçün güzəştli kart hazırlanır: Nələr daxildir?
10:51 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:37 Ukrayna ordunu bu istiqamətdə toplayır: Rusiyaya kütləvi hücum başlayır?
09:50 Türkiyədə faciə qurbanlarının sayı YENƏ ARTDI