www.Fedai.az
Məlumdur ki, 24 apreli ermənilər “soyqırım” günü kimi qeyd edir. Ermənilərin Anadoluda, Güney və Quzey Azərbaycanda, Qarabağda həyata keçirdiyi soyqırımlar faktlarla sübuta yetirilsə də təəssüf ki, beynəlxalq ictimaiyyətdə türk yox, “erməni” soyqırımı termini daha çox dilə gətirilir. Bu gün bir çox ölkənin dövlət və hökumət başçıları, siyasətçiləri “tarixi faciənin anım günü” münasibətilə erməni xalqına başsağlığı verəcək, dərin hüzn və üzüntülərini dilə gətirəcəklər. Bəs ermənilərin soyqırım günü kimi qeyd etdikləri 24 apreldə əslində nə baş vermişdi?
Bu suala EDNews.net üçün özəl olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin təqaüddə olan zabiti, hərbi istedadı qədər tarixi mövzularda apardığı araşdırmalarla tanınan general-mayor Bəyazıd Karataş cavab verib:
24 apreldən əvvəl 1915-ci ilin yanvarında Sarıqamış hərəkatında 90 min Türk əsgəri şəhid olub. Bəs Sarıqamışda rus ordusuna bələdçilik edənlər kimlər idi? Təbii ki, bölgəni əlinin içi kimi tanıyan, türk düşmənliyi ilə seçilən erməni terror dəstələri. Həmçinin Sarıqamış əməliyyatı məlumdur ki, 1914-cü ilin dekabrın 22-də başlayıb. Dekabrın 23-də irəliləyən türk ordusunun bir qolunun qarşısına kimlər çıxıb? Yenə erməni dəstələri. Bu dəstələr türk qoşunlarını məğlub edə bilməsə də hərbi əməliyyatı bir xeyli gecikdirdi və ruslara əlavə qüvvə toplamaq üçün fürsət qazandırdı. Sarıqamışda erməni xəyanəti 90 min əsgərimizin şəhid olmasının səbəblərindən biri idi. Lakin buna baxmayaraq türk dövlət başçıları bir dəfə belə olsun erməniləri bu hadisələrdə ittiham etməyib.
Ümumilikdə, Birinci Dünya Müharibəsi illərində erməni terror dəstələri ardıcıl üsyanlar qaldıraraq Anadoluda, Yozqat, Van, Bitlis kimi şəhərlərdə qətliamlar törətməklə illərlə onların hamisi olmuş, onlara sahib çıxmış, onlara yurd vermiş Osmanlı dövlətinə xəyanət edirdilər. Osmanlı dövləti çoxmillətli imperiya olduğu və islam şəriəti əsasında idarə edildiyi üçün qeyd edə bilərik ki, burada dövlət etnik ayrıseçkiliyin tamamilə əlehinə olub. Ümumilikdə, Osmanlıda 400-dən çox erməni nazir və dövlət məmuru fəaliyyət göstərib. Xüsusən XX əsrin əvvələrində Osmanlı birjaları, maliyyə fondları erməni iş adamlarının nəzarətində olub. Bütün bunlar onu deməyə əsas verir ki, Osmanlı dövlətində heç də ermənilərə qarşı bir nifrət, ayrıseçkilik olmayıb.
24 apreldə nəyin baş verdiyinə gələk. Ermənilər 1915-ci ilin mart ayında ölkənin cənub vilayətlərində üsyan qaldırdılar. 24-25 aprel tarixlərində isə Çanaqqalanı zəbt etmək üçün İngiltərə və Fransa qüvvələri quruya çıxmışdı. Çanaqqalakı quru döyüşlərindən bir həftə əvvəl Yalova, Bursa, İzmit kimi şəhərlərdə erməni dəstələri üsyanlara başladı. Plana görə ingilislər Çanaqqalada zəfər qazanacaq, qurudan ölkəmizə soxulacaq və onları ölkədə erməni üsyançılar qarşılayacaqdı. Xüsusən İstanbulda, Qumqapıda erməni təxribatçı dəstələrinin necə təşkilatlandığı Təşkilatı Məhsusa (Osmanlı kəşfiyyat təşkilatı) hesabatlarında ətraflı şəkildə izah olunub.
Lakin bu məkrli plan baş tutmadı. Çanaqallada türk ordusu zəfər çaldı. Üsyan çıxan bölgələrdə də üsyan yatırıldı. Erməni dəstələrinin başbilənləri sayılan 235 nəfərlik qrup ələ keçirilərək 24 aprel tarixində sürgünə göndərildi. Yəni, 24 apreldə ermənilərə qarşı nə deportasiya, nə də soyqırım törədilməyib. 105 ildir bu qədər səs-küy salaraq qeyd etdikləri “soyqırım günü”ndə sadəcə 235 nəfər erməni sürgün edilib. Qeyd edim ki, sürgün qərarı qəbul edildiyi tarixdə hələ Osmanlı hökuməti ermənilərin Osmanlı torpaqlarından deportasiyası haqqında qərar verməmişdi. Bu qərar iyunda qəbul edildi və deportasiyalar başladı”.
Nicat İSMAYILOV