hemle

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə... – İKİ ADDIM

Tarix:8-04-2021, 08:34
Baxış Sayı:297

44 günlük Vətən müharibəsi bitdikdən sonra Ermənistanda təkcə Azərbaycanla deyil, Türkiyə ilə də münasibətlərin normallaşmasından danışmağa başladılar. Ermənistanın yüksək çinli məmurları Türkiyə ilə əlaqələrin bərpası üçün müxtəlif səpkili fikirlər səsləndirirlər.

Ancaq eyni zamanda İrəvan Ankaraya qarşı əsassız iddialar irəli sürməyə davam edir. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyan “İnterfaks”-a verdiyi müsahibədə Ankaranın İrəvana qarşı təcavüzkar siyasətini dəyişdirməli olduğunu iddia edib.

Paşinyan Ermənistan-Türkiyə sərhədinin rəsmi Ankara tərəfindən hələ 1993-cü ildə birtərəfli olaraq bağlandığını xatırladıb: “Ermənistan hər zaman Türkiyə ilə münasibətlərin ilkin şərtlər olmadan normallaşdırılması mövqeyini müdafiə etdi, ancaq bu təşəbbüslər Türkiyənin özü tərəfindən rədd edildi”.

elə çıxışlar etməzdən əvvəl Paşinyan keçən il “Sevr müqaviləsi və erməni məsələsi” mövzusunda elmi konfrans iştirakçılarına öz müraciətini xatırlatmalıdır. “Ermənistan Respublikası sənəddə göstərilən sərhədlər daxilində (Sevr müqaviləsi - red.) tam hüquqlu üzv və beynəlxalq münasibətlərin bərabər hüquqlu subyekti kimi tanındı” deyə Paşinyan müraciətində vurğulamışdı.

Onun fikrincə, Sevr müqaviləsi heç vaxt həyata keçirilməməsinə baxmayaraq, Ermənistan dövlətçiliyinin bərpasına gedən yolu əks etdirən tarixi bir həqiqət kimi mövcuddur.

Əslində, Paşinyan bu çıxışla Ermənistanın Türkiyə ilə müasir sərhədini şübhə altına aldı. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyi 1921-ci il Qars müqaviləsinin müddəalarının tanınmasını hələ də elan etməyib. Məsələn, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına cəhd edilərkən, ölkələr arasında diplomatik münasibətlərin qurulması barədə bir saziş hazırlanarkən, Ermənistan Xarici İşlər Nazirliyinin o zamankı rəhbəri Edvard Nalbandyan demişdi ki, “İrəvanla Ankara arasında Diplomatik Münasibətlərin Qurulması Protokoluna uyğun olaraq, Ermənistanın Türkiyənin dövlət sərhədini tanıması Qars müqaviləsinin Ermənistan tərəfindən tanınmasını nəzərdə tutmur”.

Qars müqaviləsinin şərtlərinin Ermənistan tərəfindən qəbul edilməməsi İrəvanın hələ də Türkiyə ilə müasir sərhədi tanımaması və Ankaraya qarşı ərazi iddialarında qalması deməkdir. Bu vəziyyəti nəzərə alaraq Ankaranın İrəvana qarşı təcavüzkar siyasət nümayiş etdirdiyini iddia etmək düzgündürmü?

Türkiyə 1991-ci ilin dekabrında Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. Lakin diplomatik münasibətlər qurmaq üçün aparılan danışıqlar digər keçmiş Sovet ölkələri ilə olduğu kimi rəvan getmədi, çünki Türkiyənin ortaq sərhədin tanınması tələbi Ermənistan tərəfindən qəbul edilmədi.

1992-ci ilin qışında Dağlıq Qarabağ münaqişəsinin aktivləşməsi ilə Türkiyə Ermənistanı Azərbaycanın iqtisadi blokadası və eyni vaxtda Gürcüstan ərazisindən keçən tranzit yollarının bağlanması nəticəsində yaranan çətin iqtisadi vəziyyətdən xilas etmək üçün beynəlxalq səylərə qoşulmasını qəbul etdi. 1992-ci ilin noyabr ayında Türkiyə ərazisindən Ermənistana 100 min ton buğdanın daşınmasını və iki ölkəni birləşdirən enerji sistemi ilə təcili elektrik enerjisi tədarükünü qəbul etdi. Lakin Azərbaycanda keçirilən etiraz aksiyalarından sonra elektrik enerjisi təchizatı ləğv edildi. Və 3 aprel 1993-cü ildə Azərbaycanın Kəlbəcər bölgəsinin erməni işğalı səbəbindən Türkiyə hökuməti Ermənistanla sərhədin bağlanmasına qərar verdi.

Ermənistan Türkiyənin sərhədlərinin bağlanmasının qanuniliyini mübahisələndirir və bunu “blokada” və ya “embarqo” adlandırır. Eyni zamanda İrəvan Ankaranın siyasətinin Qars müqaviləsinin müddəalarına zidd olduğunu iddia edir. Qəribə bir mənzərə ortaya çıxır. Ermənistan Qars müqaviləsinin müddəalarını tanımır, ancaq bu sənədi Türkiyə ilə sərhədlərin açılması üçün bir arqument kimi istifadə edir.

Eyni şey 2009-cu ildə bağlanan Sürix Protokollarına da aiddir. Ermənistan Konstitusiya Məhkəməsi iki ölkə arasında “Diplomatik əlaqələrin qurulması haqqında” və “Əlaqələrin inkişafı haqqında” protokolların imzalanmasından üç ay sonra qərar verdi ki, protokollarda nəzərdə tutulam müddəlar ölkənin Konstitusiyasının preambulasının müddəalarına və Ermənistanın “İstiqlal Bəyannaməsi”nin 11-ci bəndinin tələblərinə zidd olan bir şəkildə traktovka edilə bilməz.

Sözügedən bənddə “Ermənistan Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir” deyilir. Başqa sözlə, Ermənistan Türkiyə ilə münasibət qurması üçün ilkin şərtləri irəli sürdü. Bununla əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyi bu addımın Sürixdə imzalanan protokolların ruhu və məzmununa zidd olduğunu vurğulayan bir bəyanat yaydı. Sənəddə Türk səlahiyyətliləri protokolların müddəalarına sadiq qaldıqlarını təkrarladılar və bu çağırışa məhəl qoymayan Ermənistanı da buna çağırdılar.

Yuxarıda deyilənlərdən aydın olur ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün İrəvana ilk növbədə öz Konstitusiyasının və “İstiqlal Bəyannaməsi”nin müddəalarını dəyişdirmək lazımdır. Biz hələ “Erməni soyqırımı qurbanlarının hüquqlarının və qanuni mənafelərinin bərpasını” tələb edən Pan-Erməni Bəyannaməsini demirik. Yalnız bundan sonra Paşinyan cəsarətlə iddia edə bilər ki, Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan normallaşdırmağın tərəfdarı kimi çıxış edir. //ayna.az//

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...