hemle

Yaralı döyüşçünün son xahişi, 7 gün erməni əsirliyində və “Bənövşə” etirafı...

Tarix:24-04-2024, 17:45
Baxış Sayı:760

Yaralı döyüşçünün son xahişi, 7 gün erməni əsirliyində və “Bənövşə” etirafı...
Yəqin bütün kəndlərdə beləydi: 4-5 qız bir yerə yığılanda kəndin yaraşıqlı, gözəgəlimli, subay oğlanlarını müzakirəyə qoyurdu. Kəndimizdə “müzakirə obyekti” olan oğlanlar çox idi. Amma Bayram subay olduğu müddətdə ən çox müzakirə olunanlar sırasındaydı. Uca boyu, qapqara gözləri ağbəniz siması, utananda isə azacıq qızaran yanaqları, gülümsəyən siması... Elə bil anası Əntiqə xalanın tam oxşarıydı. Təkcə bığ məsələsində Əntiqə xaladan seçilirdı. Elə Əntiqə xala da 3 uşağın sonbeşiyi olan Bayramı çox sevirdi. Böyük oğlu Sahib və qızı ata nəvazişi görmüşdülər, Amma Bayram atası Fətiş kişinin qayğısını doyunca duymamış tale onları ayırmışdı. Atasının ölümündən sonra anası onları çox əziyyətlərə qatlaşaraq böyüdüb, boya başa çatdırmışdı. Qəribə idi, balaları da eynən Əntiqə xalanın özü kimi ata nəvazişinə həsrət, yetim böyümüşdü.



“Əlaçı” Bayram, sinifdəki bəstəboy qız...



İndi sizə Əntiqə xalanın yetimçiliklə, minbir əziyyətlə böyütdüyü balalarından, xüsusən yaraşıqlı, boy-buxunlu, qız kimi abırlı-həyalı, sakit təbiətli Bayramdan söhbət açacam. Bayram Fətiş oğlu Həmidov 1965-il də Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. 1972-ci ildə həmin kəndin tam orta məktəbinə qədəm qoyub . Əlaçı olub. Müəllimlər əlaçı olduğuna görə, onu ön partalarda oturmağı tövsiyyə eləsələrdə, Bayram dodağının altında”orda oturmuram ” deyib mızıldanar, axırıncı partada oturan qohumu olan bəstəboy, şirin danışan qızın yanındakı stuldan qalxmazdı. Sinif yoldaşları Bayramın bu hərəkətinə aldan-altdan gülür, pıqqıldaşardı. O, “Bəstəboy”, şirindil qız uşaqların eyhamından utanar, başına aşağa salar, qıpqırmızı qızarardı. Bayramın stoldan qalxmadığını görəndə isə özündən çıxardı: -Dur mənim yanımdan, mən sənnən oturmuram...

-Durmuram! Oturacaqsan!

-Oturmayacağam!

-Oturacaqsan!

Axırda müəllim özünü gülməməyə, ciddi tutmağa çalışaraq:- Ay qız qoy, otursun, ....Bayram otur! -deyirdi və sinfə yenə pıqqıldaşma düşürdü.



Bir dəstə bənövşə: Bayramın etirafı



“Bəstəboy” hiss etmişdi, bilirdi ki, Bayram onu qoruyur hamıdan, hətta müəllimin ona güldən ağır söz deməyinə belə razı olmur. Qız dərsə gəlməyəndə Bayram sinfə sıxmır. Dərsdən çıxan kimi minbir bəhanə fikirləşib qohumu olan “Bəstəboy”gilə gedir, dərsə gəlməməyinin səbəbini öyrənib gələrdi. Səhəri isə sinif rəhbərinə birinci o bildirər di ki,”Bəstəboy” xəstələnib. ona görə dərsə gəlmir. Bir sözlə, sinifdə hamı bilirdi ki, “”Bəstəboy” ancaq Bayramdan sorulur. 10-cu sinif də oxuyanda həmişəki kimi bir yerdə dərsdən çıxardılar. Bir gün yol gedərkən, “Bəstəboy” bağçalarının bənövşəyə bələndiyini deyir. Bayram bənövşəni çox sevdiyini, sabah ona bir dəstə yığıb gətirməyi “Bəstəboy”dan xahiş edir. Səhəri gün, qız bənövşə dəstəsini sinifdə Bayrama verəndə yenə uşaqların arasında pıqqıldaşma düşdü. “Bəstəboy” uşaqların xısın-xısın gülüşündən pərt olaraq keçib yerində oturdu və başını aşağı dikdi. Yəqin ki,”Bəstəboy”un pərt olmasını Bayram götürə bilmədiki, sinif yoldaşlarına sarı dönüb amiranə səslə dedi:- Nədi, nə gülürsünüz, bənövşə mənim çox xoşuma gəlir, “Bəstəboy” da yığıb mənə gətirib, artıq bənövşə mənlikdi”. Müəllim sinfə girməsəydi, bəlkədə uşaqlar hələ çox pıqqılşacaqdılar.


İşləmək, ev almaq, daha sonra isə... arzular, arzular...



Bayram 1982-ci ildə orta məktəbi bitirib ali məktəbə sənəd verdi. İmtahandan kəsiləndən sonra isə1983-cü ildə sovet ordu sıralarına hərbi xidmətə yollandı. Ordan hamıya məktub yazırdı. Bir tək “bəstəboy”dan başqa. Amma qohum idilər axı, əlinə bəhanə düşmüşdü. Qohumlarıgilə də ümumi sözlərlə məktub göndərirdi. Həm də tez-tez. 1985-ci ildə xidmətdən geri dönəndə ilk ağlına gələn iş yenə də təhsilə önəmi idi. Artıq Bakıdan əlini üzdüyünə görə, sənədlərini Mingəçevir Politexniki Texnikumuna verdi və daxil oldu. O vaxt artıq “Bəstəboy” da Şəkidə texnikumda oxuyurdu. “Bəstəboy” bir gün dəhlizdə durub, pəncərədən çölə -yağan yağışa tamaşa edirdi Birdən məktəbin darvazası ağzında var-gəl edən adama gözü sataşdı. Diqqətlə baxdı, Bu Bayram idi.”Bəstəboy” özünü qaranəfəs məktəbin darvazasına yetirdi. Yağışın altına başdan ayağa qədər islanmış qohumunu görəndə bilmədi gülsün , ya ona ürəyi yansın. Təəccüb qarışıq:

-Bayram burda nə gəzirsən?-dedi.

- Elə burdan keçirdim, dedim görüm neyniyirsən?

- Bayram, sən Mingəçevirdə oxumursan? Burdan nə təhər keçə bilərsən?

Bayram haqlı verilən sualın qarşısında nə deyəcəyini bilmədi, “Bəstəboy”u bir az ciddi-ciddi süzüb: Əşşşii eeeyyy , sən də...” -deyib ordan uzaqlaşdı.

Texnikumu bitirəndən sonra Bayramın təyinatını Mingəçevir Yol Təmiri Maşınları Zavoduna verdilər. Artıq “Bəstəboy”da texnikumu bitirib gəlmişdi axı...



Qarabağda yaşanan dəhşət...



Amma hamı səksəkədə, təşvişdə idi. Nəinki Ermənistanda bir azərbaycanlı qalmışdı, hətta Dağlıq Qarabağın ermənilər yaşadığı rayonlarda, kəndlərdə azərbaycanlılar qovulmuşdu. Hər gün faciə, hər gün qan-qada, hər gün göz yaşları...Bəli, torpağımızda məskən salıb, çörəyimizlə dolanan ermənilər xalqımıza qarşı amansız müharibəyə başlamışdı. Xalqın qeyrətli oğullar kimi Bayram da silaha sarıldı. Asan işini, rahat dolanışığını atıb Qarabağ bölgəsinə müharibəyə gəldi. Əntiqə xala anladı ki, bu müsibətlərdən sonra Bayramı evləndirmək, toy etmək müşkül məsələyə çevriləcək. Ona görə də, vaxtı ilə “saqqızını oğurlayıb” istədiyi qızın adını biləndən sonra qohum-əqrabanı yığıb “Bəstəboy”gilin qapısına elçi getdi. Nişan mərasimi də oldu. Amma Əntiqə xala nə qədər dil töksə də, Bayramı cəbhədən geri çəkib evləndirməyə razı sala bilmədi. Axı hardan bilsin ki, Bayramın qolları üstündə neçə dostu, silahdaşı can verib, arzusu ürəyində, qanı yerdə qalıb, Bayram döyüşlərin birində ağır yaralandı Sarıcalı hospitalında müalicə aldı. Yaraları azacıq sağalan kimi yenə doğma batalyona döndü.

Nəşi 7 gün erməni əlində qalan döyüşçü...



Silahdaşı Azər Bağırov deyir: Ağdam yerli batalyonuda, komandir Çəfərin (Yavər İmamalıyev) rəhbərliyi altında yeni hücuma hazırlaşırdıq. Səhər saat 5-də Kosalar kəndinə hücum olmalıydı. Əməliyyatla bağlı bizi- taqım komandirlərini Çəvahirliyə qərargaha çağırmışdılar. Elə yenicə gəlmişdik. Bayram bizim ”blindaj”a gəldi. Çöldən kimdənsə soruşdu ki, Azər qayıdıb? “Bayram, gəl içəri”-dedim. Gəldi. O qədər qüssəli idi ki, elə bil hər şeyi hiss etmişdi. Soruşdum: Xeyirdimi, niyə gəlmisən, axı sən hələ tam sağalmamısan.... Dedi, səndən bir xahişim var, sabahkı hücuma Ataşı aparma. Biz hamımız subayıq, onun iki uşağı var. Bizə bir şey olsa, arxada ağlayanımız yoxdur. Onun iki körpəsi var-deyib getdi. Səhər saat 5- də əməliyyat başladı. Hücum 3 cinahdan planlaşdırılmışdı. Bizim rota sağ cinah idi və tapşırılan ərazini tutduq. Erməniyə sağ cinahdan gələn köməyin qarşısını aldıq. Bayramgilin rotası ortadan yaxınlaşdılar. Ancaq nədənsə, sol tərəf hərəkətə keçmədi. Ermənilər boş qalan sol tərəfdən orta cinahın döyüşçülərinin arxasına keçib, onları mühasirəyə saldılar. Xeyli itki verdik. İlk vurulan Bayram oldu. Yaxşı ki, gecə qərargahdan qayıdanda bir PDM –lə təmin olunmuşduq. Əgər o PDM bizə kömək etməsəydi, itkimiz daha çox olacaqdı. Bayramın nəşi döyüş zonasında qaldı. Çıxartmaq mümkün deyildi. Mərhum komandir Yavər İmamalıyevin - Cəfərin yanına getdim. İcazə istədim ki, gecə döyüş meydanında qalan uşaqların meyitlərini çıxaraq. Komandir əvvəl razı olmadı,” Çox risklidir, yenidən itki ola bilər”-dedi. Dedim: –Komandir, Bayram mənim həmkəndlimdi, mən sabah o kəndə necə qayıdacağam, onun anasının üzünə necə baxacağam”. Bir təhər razılıq əldə etdim. Gecə etibar elədiyin uşaqlardan da 12 nəfər götürüb döyüş meydanına tərəf getdik. Mən təxminən Bayramın vurulduğu yeri bilirdim. Bunu mənə ratsiya ilə demişdilər. Meyidə təxminən 20-30metir qalmış ermənilər gəlişimizdən düyuq düşdülər. Gülləni üzərimizə yağış kimi yağdirdilar. Uzandığımız yerdə iki saat üzüquylu qaldıq. Bu dəfə həmin əraziyə od vurdular. “Ger qayıdırıq” əmri verdim. Özum, döyüşçülərdən Əbülfət, birdə Şakir (Bayramlar kəndinin müdafiəsi zamanı şəhid olub, meydi orda qalıb) sürünərək arxa girdik. Nə qədər çalışdıq, alov imkan vermədi ki, meyidə yaxınlaşaq. Səhəri gün artıq ermənilər meyidləri götürmüşdülər . Təxminən 7-8 gundən sonra komandir Cəfər çox çətinliklə meyidləri ermənilərdən geri ala bildi.



Erməninin etirafı: Biz belə yaraşıqlı, qüsursuz oğlanları...



Ermənilər bizim döyüşçülərin nəşini qaytararkən, meyitləri təhvil verən erməni komandir Bayramın cəsədini göstərib deyir: Biz belə yaraşıqlı, qüsursuz oğlanları döyüşə göndərmirik. Onları arxada saxlayırıq ki, uşaq artırsın, genefondumuzu zənginləşdirsin.

Yadımdadır... 1994-cü ilin 2 mart günü ... Qərvənd qəbiristanlığında izdiham vardı... Həmin gün 15-ə yaxın döyüşçü o qəbiristanlıqda torpağa verildi. O vaxt yeniyetmə idim, yas mərasiminə getmək “hüquq”um yox idi. Amma anam yasdan gələndən sonra bir həftə özünə gələ bilmədi. Deyirdi ki, Bayramın anası Əntiqə nişan xonçalarını qarşısına düzüb onlara ağı deyir, yas mağarının ortasında durub heydən-taqətdən düşənə qədər balasını haraylayır, sonra isə özündən gedirmiş. Toyu üçün alınmış bütün xonçalar, xüsusən bəylik kostyumu qəbrinin üstünə düzldüyünü də eşitdim.



“Yara oldun ürəyimin başında...”



Bayram kimi doğma kəndinin də taleyi qaraldı:kənd ermənilərin əsirliyinə, camaatı isə çöllərə düşdü. “Bəstəboy” necə oldu? - deyə düşünürsünüz eləmi?Uzun müddət depressiyadan çıxa bilmədi, müalicələr aldı, tez-tez həkim nəzarətinə düşdü. Çox sonralar ailəsinin, yaxınlarının, xüsusən, Əntiqə xalanın təkidi ilə ailə qurdu. Amma... o da xoşbəxt olmadı. Qəlbində yara olub, ömrü boyu onu incidəcək bir adı öz övladına qoyacağını düşünüb ərə getdi. “Bəstəboy”un bu arzusu da gözündə qaldı. Yaxın günlərin birində bir məclisdə “Bəstəboy”la qarşılaşdım. “Aradan 26 il keçdi, yəqin Bayramı unutmuş olarsan?”- deyə soruşdum. Bax elə o an “bir cüt çeşmə” danışdı. Bir də pıçıltılı dodaqlar: Yara oldun, ürəyimin başında, vermədim təbiblər yarmağa, səni, ömrüm oldun, gözlərimin yaşında...”



Əntiqə xalanın digər oğlu Sahibin bir oğul övladı oldu. Hamının ürəyindən keçdi ki, onun adını Bayram qoysunlar. Təkcə Əntiqə xala razı olmadı. Cavan yaşında həyata vida etmiş həyat yoldaşının adını qoydu körpəyə. Elə bil ürəyinə nəsə dammışdı. Fətiş nəinki, ata anasının yeganə ümüdi, həm də Əntiqə nənəsinin təsəllisi oldu...Əntiqə xalanın bir gözü Bayram üçün ağlayanda, digər gözü Fətişin boy-buxununa baxıb sevinirdi... Kaş ki...

2 il əvvəl avtomobil qəzasında 25 yaşlı Fətiş Həmidov da həlak olandan sonra ...



P.S: Bayramın kəndi 26 ildir düşmən əlindədir, özü şəhidlik zirvəsində narahat ruhuyla yol gözləyir, qisas yolu, qələbə yolu, azadlıq yolu... Allah bizə səbr vermə

Əntiqə RƏŞİD

Digər xəbərlər
21:54 Aşıq Mikayıl Azaflı – 100 Qoca Azaflıyam, dilim var, lalam
21:49 Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil - AQTA
21:44 "WhatsApp"da yeni funksiya
21:42 Azərbaycanda bu sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
21:40 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət
21:36 Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı
21:34 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
21:30 Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər